Naxçıvanda deputatın rəsmən biznesi var - Pozuntu

Naxçıvanda deputatın rəsmən biznesi var -
Bu günlərdə sosial şəbəkələrdə əsas ofisi Naxçıvanda yerləşən “Cahan Holdinq”lə bağlı bəzi məlumatlar yayıldı. Həmin məlumatların nə qədər doğru olduğunu dəqiqləşdirmək üçün araşdırma apardıq, holdinqin saytına nəzərə yetirdik. Holdinqin cahan.az saytında axtarış apararkən çox ciddi bir məlumatla rastlaşdıq. Açığı elə bilirdik, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçildikdən sonra formal da olsa holdinqdəki vəzifəsini dondurub. Amma ora Naxçıvandır axı. Muxtar respublikada hansı qanun işləyir ki, bu da işləsin. Deməli, Vüqar Abbasov hələ də “Cahan Holdinq”in prezidentidir. Halbuki, bu, qanunla qadağandır. Vüqar Abbasov nəinki holdinq prezidentidir, hətta Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının da İdarə Heyətinin sədridir. Yəni sahibkar olmalısan ki, bu konfederasiyada təmsil olunasan və ora rəhbərlik etməyə də hüququn yarana. Bu da Vüqar Abbasovun sahibkarlıqla məşğul olduğunu təsdiqləyən faktlardan biridir.

Qeyd edək ki, Vüqar Abbasov 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə 24 saylı seçki dairəsindən Ali Məclisə deputat seçilib.

Doğrudur, Vüqar Abbasov illərdir ki, sahibkarlıqla məşğul olur. “Cahan Holdinq”in prezidentinin bacarıqlı bir sahibkar olduğu, şirkətini qısa müddət ərzində sürətlə böyütdüyü çoxlarına bəllidir. Amma Azərbaycan qanunları deputatın sahibkarlıqla məşğul olmasına yol vermir. Vüqar Abbasov deputat seçildikdən sonra sahibkarlıqla məşğul olmamalı idi. Əgər söhbət Naxçıvandan gedirsə, bu, mümkündür.

Bu məsələyə münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə TNS-ə açıqlamasında Konstitusiyanın maddələrini xatırladıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində Milli Məclisin deputatlığına namizədlərə bir sıra tələblər irəli sürülüb. Həmin maddədə göstərilib ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Əgər namizədlər belə fəaliyyətlə məşğuldurlarsa, deputat seçildikdən sonra bu fəaliyyətlərini dayandırmalıdırlar. Konstitusiyanın 89-cu maddəsində isə Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi halları sadalanıb. Bu maddədə də konkret olaraq göstərilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətləri istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat mandatından məhrum edilir. Hər bir millət vəkili qanunun tələblərinə əməl etməlidir”, - partiya sədri bildirib.

Arzuxan Əlizadə deyib ki, eyni tələblər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da nəzərdə tutulub.

“Bu məsələlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 15-ci və 19-cu maddələri ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Deputatlar Konstitusiyanın irəli sürdüyü tələblərə əməl etməlidirlər. Əks təqdirdə onların deputat səlahiyyətlərinə xitam verilməlidir. Əgər belə bir fakt varsa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər hansısa bir deputatı biznes fəaliyyəti ilə məşğuldursa, hansısa şirkətin rəhbəridirsə, Konstitusiyanın müvafiq maddələrinə uyğun olaraq, o, səlahiyyətlərini itirmiş hesab edilməli və onun deputat səlahiyyətlərinə xitam verilməlidir”, - partiya sədri qeyd edib.

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli TNS-ə açıqlamasında bildirib ki, Azərbaycanda dövlət vəzifəsi daşıyan, hətta deputat olan şəxslər arasında bizneslə məşğul olanlar az deyil. Mövcud müvafiq qanunvericilik vəzifə sahibləri və millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etsə də, buna ciddi nəzarətin olmadığını müşahidə edirik.

“Belə çıxır ki, dövlət idarəetməsində və qanunvericilik bazasında bu kimi hallara qarşı sərt cəzalandırma mexanizmlərinin hələ də mövcud olmaması bir çoxlarının əl-qolunu açmasına səbəb olur. Dövlət vəzifəsi tutan və deputat olan şəxslərin niyə bizneslə məşğul olmasının qadağan edilməsinin isə prinsipial səbəbləri var. Məsələ burasındadır ki, yüksək post tutan, yaxud deputat olan şəxslər daşıdıqları statusun onlara verdiyi geniş inzibati imkanlardan sui-istifadə etməklə özlərinə geniş biznes şəbəkəsi yaratmaq, ədalətli rəqabət mühitini zədələmək, eyni zamanda müxtəlif biznes sahələri üzrə inhisarçı şirkətlər formalaşdırmaq fürsətləri əldə edir. Azərbaycanda uzun illərdir, oliqarxik məmur burjuaziyası təşəkkül tapıb deyəndə məhz bunu nəzərdə tuturuq ki, dövlət vəzifəsində təmsil olunanlar, parlamentdə mandat alıb siyasətlə məşğul olanlar da yaxşı qazanmaq üçün sahibkarlıq fəaliyyətinə üz tuturlar. Belə bir vəziyyət qanunvericiliyə, azad bazar iqtisadiyyatına, sərbəst ticarətə ziddir. Ən ciddi problem də budur ki, ölkəmizdəki varlı adamlar biznesmenlərdən daha çox qanunsuz şəkildə sahibkarlıqla məşğul olan vəzifəli şəxslər və millət vəkilləridir. Bu hal Azərbaycanda korrupsiyanın yüksək həddə çatmasında da mənfi rol oynayır. Hesab edirik ki, Cinayət Məcəlləsində vəzifəli şəxslərin bizneslə məşğul olmalarına görə məsuliyyəti nəzərdə tutan maddələr, normalar daha aydın və dəqiq müəyyənləşdirilməli, qanunların və normaların tətbiqi, onlara nəzarət mexanizmləri sərtləşdirilməlidir”, - partiya başqanı bildirib.

Onu sözlərinə görə, bir çox qanunla həqiqətən də deputatın, məmurun kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır: “Deputatların statusu haqqında qanunda bu, kifayət qədər aydın ifadə olunub, konstitusiyada da müvafiq maddə mövcuddur. Məsələnin ən təhlükəli tərəfi isə belə deputatların müəyyən lobbiçilik maraqlarından çıxış edərək, kimlərinsə kommersiya maraqlarını təmin etmək kimi zərərli işlərlə məşğul olmasının adiləşməsidir. Milli Məclisin spikeri, müavinləri, o cümlədən dövlətin hüquq-mühafizə orqanları bu kimi hallara göz yummamalı, qanun hər kəsə sərt formada tətbiq olunmalıdır”.

Anar Əsədli də Konstitusiyanın 89-cu maddəsini xatırladıb.

“Həmin maddənin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda mandatından məhrum edilir. Ancaq görünən odur ki, ölkəmizdə bir çox vəzifəli şəxsləri və millət vəkillərini bizneslə məşğul olmaqdan çəkindirmək üçün Konstitusiyanın müvafiq maddələri, Cinayət Məcəlləsində müvafiq qadağanedici və xəbərdaredici normalar kifayət etmir. Birdəfəlik anlamaq lazımdır ki, əgər qanun qadağan edirsə, deməli, deputat bizneslə məşğul ola bilməz. Hər kəs qanunun bu tələbinə əməl etməlidir, dövlət isə müvafiq qanunun işləməsini təmin etməlidir. Sahibkarlıq fəaliyyəti azad təşəbbüskarlıqdır və kimsə bunu qadağan etmir, lakin həm siyasətlə məşğul olub eyni zamanda kommersiya fəaliyyəti göstərmək yanlışdır. Bir sözlə, millət vəkilinin bizneslə məşğul olması doğru deyil və bu kimi hallar seçkili orqan olan qanunvericilik institutunun imicinə də böyük zərbə vurur, cəmiyyətin gözündən düşməyə əsaslar yaradır. Ona görə də, hesab edirik ki, qanunlara riayət olunmalıdır”, - Anar Əsədli əlavə edib.

Göründüyü kimi, Vüqar Abbasovun bizneslə məşğul olması Azərbaycan qanunlarına ziddir. Vüqar Abbasov seçki dövründə də bu fəaliyyətini dayandırmadığından o, deputatlığa namizəd ola bilməzdi. 2020-ci ildə deputat seçilən “Cahan Holdinq”in prezidenti bu vəzifəsini davam etdirdiyindən deputat mandatından məhrum edilməlidir. Bunu biz demirik. Bunu Azərbaycan qanunları və Vüqar Abbasovun rəhbəri olduğu holdinqin saytında yerləşdirilən məlumatlar deyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...