Gəncədə anasının bıçaqladığı digər azyaşlı da xəstəxanada ölüb

Gəncədə anasının bıçaqladığı digər azyaşlı da xəstəxanada ölüb

Bir müddət əvvəl Azərbaycanın Gəncə şəhərində anasının bıçaqladığı digər azyaşlı da xəstəxanada ölüb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yaralı azyaşlı hadisədən bir neçə gün sonra müalicə aldığı xəstəxanada keçinib.

APA məlum qətlin bəzi təfərrüatlarını da əldə edib. Araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni törədən Sədaqət Babayeva ilə əri Ramal Əliyevin arasında gərginlik olub. Onlar bir müddət əvvəl boşanmağa qərar veriblər. Lakin R. Əliyev boşanandan sonra uşaqları öz himayəsində saxlayacağını bildirib. Buna görə əri ilə bir neçə dəfə mübahisə edən S. Babayeva uşaqları öldürmək qərarına gəlib.

Polis tərəfindən tutulan S. Babayeva ifadəsində tutduğu əməldən peşman olduğunu deyib.

Qeyd edək ki, hadisə iyunun 20-də Gəncə şəhərində qeydə alınıb. Şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin isə ağır vəziyyətdə olmasını aşkar ediblər.

Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayev tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Qadın ilkin ifadəsində törətdiyi cinayəti də tam etiraf edib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...