Sabiq gömrük polkovnik-leytenantı: “Dedi ki, “hörmət” etmək istəyir”

Sabiq gömrük polkovnik-leytenantı:

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Natiq İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Sabiq gömrük əməkdaşı ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib, ona qarşı irəli sürülən ittihamları əsassız adlandırıb. İfadəsində 12 ilə yaxındır ki, Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışdığını, adıçəkilən qurumun maliyyə şöbəsinin rəisi vəzifəsində işləyərkən hər hansı sənədi imzalamaq, möhür vurmaq səlahiyyətinin olmadığını göstərib:

“İş yoldaşım Mənsur Zeynalovdan rüşvət almamışam. Mənsur zəng vurub görüşmək istədiyini dedi, görüşdük. Dedi özünə toy edir, maddi vəziyyəti yaxşı deyil, tez bir zamanda birdəfəlik müavinəti almaq istəyir. Hazırda komitənin balansında pul olmadığını dedim. Pul köçürülən kimi 5000 manat məbləğində birdəfəlik müavinətin veriləcəyini söylədim. İsrarla pulu tez almaq üçün ona kömək etməyimi xahiş etdi. Etiraz elədim, belə bir səlahiyyətim olmadığını dedim".



Sabiq gömrük əməkdaşı ifadəsində göstərib ki, iş yoldaşı ilə həmin söhbətdən bir ay sonra təkrar görüşüblər. Bu dəfə M.Zeynalov ona “hörmət” etmək istəyib: “Mənsur yenə də israrla bu məsələdə ona kömək etməyimi istədi. Dedi ki, alacağı müavinətin yarısını - 2500 manat pulu hazırlayıb, işi həll etmək üçün "hörmət" etmək istəyir. Ona əlimdə belə bir imkan, səlahiyyət olmadığını bir daha dedim”.

Təqsirləndirilən şəxsin ifadəsinə inansaq, iş yoldaşı söhbət əsnasında ona Qəbələ rayonuna yas yerinə gedəcəyini, pulla yola çıxmaq istəmədiyini deyərək, həmin məbləği qayıdanadək saxlamağı ondan xahiş edib. N.İmanov da iş yoldaşının sözünü yerə salmayıb. M.Zeynalovla sağollaşdıqda sonra komitənin binasına daxil olmaq istəyərkən əməliyyatçılar tərəfindən saxlanılıb: “Rüşvət aldığımı iddia etdilər və üzərimdəki pulları götürdülər. Bir daha deyirəm ki, mən o pulu rüşvət kimi almamışam".

İttihama görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə Dövlət Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.

Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...