Taxıl idxalçılarının fəallaşması bazarda bahalaşmaya səbəb ola bilər - ANALİTİKA

Taxıl idxalçılarının fəallaşması bazarda bahalaşmaya səbəb ola bilər -

Bir neçə aydır dünya bazarında taxılın qiyməti sabitləşib. “Report”un analitik qrupu bildirir ki, hazırda əmtəə birjalarında qarğıdalının 1 kq-ı 0,15 ABŞ dollarına, buğdanın 1 kq-ı isə 0,19 dollara realizə edilir.

Ekspertlər hesab edirlər ki, qiymətlərdə ciddi dəyişikliyin olmaması bazara təsir edən məlumatların kasadlığı ilə bağlıdır.
“İstehsal və ixrac həcmləri ilə bağlı konkret rəqəmlər olmadığından bazar iştirakçıları taxılın bahalaşmasına və yaxud ucuzlaşmasına səbəb olacaq addımlar atmağa risk etmirlər”, - əsası 1947-ci ildə ABŞ-da qoyulmuş və taxıl biznesi ilə məşğul olan “Andersons” şirkətinin mütəxəssisi Cey Smit bildirib.

Bundan başqa, taxıl istehsalı ilə məşğul olan regionlarda hava şəraitinin sabit keçməsi, eləcə də ABŞ və Çin arasında ticarət danışıqlarının hələ ki, konkret nəticə verməməsi də qarğıdalı və buğdanın ucuzlaşmasına (və yaxud bahalaşmasına) imkan vermir.

Bununla belə, bir neçə ay əvvəllə müqayisədə taxıl qiymətlərində azalma var. Məsələn, ötən ilin may ayında qarğıdalının 1 kq-ı 0,16 dollara, avqust ayında isə buğdanın 1 kq-ı isə 0,22 dollara alınıb-satılırdı. Ucuzlaşmaya böyük həcmdə taxıl idxal edən ölkələrin gözləmə mövqeyinə keçməsi səbəb ola bilər. Məsələn, Misir hökuməti taxıl almaq üçün dövlət büdcəsində nəzərdə tutulmuş 1 mlrd. dolları vəsait hələ ki, xərcləməyib. Amma taxıl almaq üçün qiymətlərin bundan da aşağı düşəcəyini gözləməyən ölkələr də var. Məsələn, Tunis, Suriya və Banqladeş kimi ölkələr müxtəlif həcmlərdə buğda almaq üçün beynəlxalq tenderlər elan ediblər. Tenderlərin nəticələri elan olunduqdan və taxıl alışına başlandıqdan sonra bazarda canlanma yarana və qiymətlər yenidən qalxa bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
641 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...