Azərbaycan Gürcüstana ən çox sərmayə qoyan ölkədir - Niyə?

Azərbaycan Gürcüstana ən çox sərmayə qoyan ölkədir -

İqtisadçı ekspert: “Azərbaycana yatırılan sərmayələrin təhlükəsizliyinə zəmanət yoxdur”

“Əgər azərbaycanlı iş adamları ölkədəki biznesini saxlayıb, hətta bəzən bizneslərindən imtina edib Gürcüstanda, Ukraynada, Türkiyədə biznes qurursa, bu barədə hökumət düşünməlidir”.

Bu sözləri iqtisadçı ekspert Azər Mehtiyev bu ilin birinci yarısında Gürcüstana qoyulan investisiyalar arasında Azərbaycanın liderlik etməsi xəbərini PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Gürcüstanın stsistika idarəsinin verdiyi məlumata görə bu ilin birinci yarısında Gürcüstana qoyulan investisiyalar arasında Azərbaycan liderlik edir. Belə ki, Azərbaycan bu ilin birinci yarısında Gürcüstana 224, 2 milyon dollar sərmayə yatırıb. Bu sahədə xarici ölkələr arasında ikinci yerdə Türkiyə (120,8 milyon dollar), üçüncü yerdə Böyük Britaniya (111,6 milyon dollar) qərarlaşıb. Ümumilikdə, bu ilin ilk yarısında xarici ölkələr Gürcüstan iqtisadiyyatına 751 milyon dollar investisiya yerləşdirib.

Azərbaycanın özünün sərmayəyə və yeni iş yerlərinə ehtiyacı olduğu halda qonşu ölkəyə bu qədər sərmayənin yatırılmasının səbəbi nədir və bunu Azərbaycanda sərmayənin təhlükəsizliyi ilə əlaqələndirmək mümkündürmü?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyevə müraciət edib.

Azər Mehtiyev: “Azərbaycanda yalnız məmurlarla əlaqəsi ola və məmur sahibkarına yaxın iş adamları iş qura bilirlər”.

Azərbaycanda həm son illərin iqtisadi çalxalanmaları, həm də ümumiyyətlə biznes mühitində olan problemlər ciddi şəkildə iş adamlarını ölkədən qaçmağa vadar etdiyini qeyd edən iqtisadçı ekspert Azər Mehtiyev PİA.AZ-a bildirib ki, nə qədər ki, Azərbaycanda qanunlar işləməyəcək, məhkəmə sisteminin ədalətliliyi, mütəqilliyi təmin olunmayacaq, həmçinin nə qədər ki, ölkədə mülkiyyət hüquqlarına hörmət edilməyəcək və bu hüququn qorunması təmin edilməyəcək, o zamana qədər də ölkədə azad, sərbəst biznesin yaradılması mümkün olmayacaq:

“Onu qeyd edim ki, sərmayənin yatırılması elə bir şeydir ki, insanlar bunu daha etibar etdiyi sahələrə yönəltmək istəyirlər. İnsanlar vəsaitlərini yatıracağı təqdirdə manelərin olmayacağı, biznes fəaliyyətinin daha rahat keçəcəyi ölkəyə üstunlük verirlər. Bu da şübhəsizdir ki, həm beynəlxalq qiymətləndirmələrdən, həm də hər gün mətbuatdan izlədiyimiz məlumatlara əsasən deyə bilərik ki, Gürcütsanda olan biznes mühiti Azərbaycandan daha yaxşıdır. Gürcüstanda iqtisadiyyatın inkişafı, həm də biznesin inkişafı üçün dəqiq müəyyən olunmuş şərtlər əlverişlidir. Həmçinin Gürcüstanda dövlətin idarə edilməsində olan şərtlər biznes üçün çox sərfəlidir.

Azərbaycanda isə həm son illərin iqtisadi çalxalanmaları, həm də ümumiyyətlə biznes mühitində olan problemlər ciddi şəkildə biznes iş adamlarını ölkədən qaçmağa vadar edir. Onlar da təbii ki, öz vəsait və sərmayələrini daha sadiq ölkədə , daha etibarlı yerdə yönəltməklə orada biznes qurmağa üstünlük verirlər. Onu da qeyd edim ki, Gürcüstanda hansı sahəyə sərmayə yatırılması haqqında məlumatım yoxdur. Amma əgər azərbaycanlı iş adamları ölkədəki biznesini saxlayıb, hətta bəzən bizneslərindən imtina edib, Gürcüstanda, Ukraynada, Türkiyədə biznes qurursa, bu barədə hökumət düşünməlidir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır.

Nə qədər ki, Azərbaycanda qanunlar işləməyəcək, məhkəmə sisteminin ədalətliliyi, mütəqilliyi təmin olunmayacaq, həmçinin nə qədər ki, ölkədə mülkiyyət hüquqlarına hörmət edilməyəcək və bu hüququn qoruması təmin edilməyəcək, o zamana qədər də ölkədə azad, sərbəst biznesin yaradılması mümkün olmayacaq. Azərbaycanda yalnız məmurlarla əlaqəsi ola və məmur sahibkarına yaxın iş adamları iş qura bilirlər. Həmçinin onu da vurğulayım ki, Azərbaycana yatırılan sərmayələrin təhlükəsizliyinə zəmanət yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...