“Rosneft”in Bərzani ilə bağladığı müqavilə fiaskoya uğradı – Kürdlər Rusiyanın istədiyi nefti verə bilmir
“Kürd neftinin 70%-nin satın alınması ilə bağlı İraq Kürd Regional Hökuməti və Rusiyanın “Rosneft” şirkəti arasında imzalanan artıq real deyil. Problemi aradan qaldırmaq üçün Bağdadla danışıqlar aparmaq lazımdır”.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə kürd muxtariyyəti parlamentinin maliyyə və iqtisadiyyat məsələləri üzrə başçısı İzzət Saber çıxış edib. Kürd deputatın sözlərinə görə, “Rosneft” Şimali İraq neftinin 60-70%-ni dünya bazarındakı neft qiymətlərindən daha aşağı qiymətə satın alacaqdı.
“Bu maddəni yerinə yetirmək mümkün deyil, belə ki, Kürdüstan regionundan neft hasilatı sutkada 700 min bareldən 200 min barelə düşüb. Bu o deməkdir ki, “Rosneft” İKRH ilə bağlanan müqavilənin yerinə yetirilməsi üçün İraq hökuməti ilə birbaşa danışıqlar aparmaq məcburiyyətində qalacaq” – deputat belə deyib.
Xatırladaq ki, daha əvvəl Bərzani tərəfdarlarının əlində olan Kərkük neft yataqları oktyabrın ortalarında İraq ordusunun nəzarətinə keçmişdi. Kərkükdəki Avana və Bəy Həsən neft yataqları sutkada 250 min barel neft verirdi.
Saberin dediyinə görə, Rusiya neft nəhənginin bağladığı müqavilənin dəyəri 3 milyard dolları keçir.
462 dəfə oxundu