AMEA həm də ixtisarlara başladı: kimlər gedir? - Açıqlama

AMEA həm də ixtisarlara başladı: kimlər gedir? -

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları aparılması ilə bağlı fərman imzalamasından sonra qurumda ştatda çalışan işçilər arasında ixtisarlar aparılması gözlənilir.

Bu barədə Axar.az-a danışan mənbə bildirib ki, zəif və elmi-tədqiqat işlərində passiv iştirak edən şəxslər ixtisar olunacaq. Mənbənin sözlərinə görə, hər bir institutda 30 faiz ixtisar aparılması nəzərdən keçirilir. Bu addımın digər daha potensiallı elmi işçilərin gəlirinin artması və beləliklə, ciddi rəqabət və stimulun yaranması üçün atılacağı bildirilir.

Ümumiyyətlə, ixtisarların təbii axarda gedəcəyi də qeyd edilir. Belə ki, elmi işçilərin “gündəlik davamiyyətə görə” standart maaşla təminatından imtina edilməsi ideyası gündəmdədir. Simvolik maaş saxlanılmaqla yanaşı, əsas diqqət irəli sürülən layihələrə ayrılacaq. Layihə irəli sürməyən və layihələrinə görə maliyyə almayan kadrlar isə avtomatik elmi prosesdən uzaqlaşacaq.

Məsələ ilə bağlı saytımıza danışan AMEA-nın Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev bildirib ki, bu barədə hələlik dəqiq bir informasiya yoxdur:

“Prezidentin imzalandığı fərmana əsasən, AMEA-nın tabeliyindəki elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumlarda islahatlar aparılması üçün təkliflər hazırlanması məqsədilə 6 ay vaxt verilib. İxtisarlar barədə danışmaq hələ tezdir. Ola bilsin, fevral ayında bu barədə məlumat verilsin”.

Qeyd edək ki, Prezideni İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) qurumların fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə Fərman imzalayıb. Sözügedən fərmanın icrası ilə əlaqədar olaraq AMEA-dakı bəzi institut və qurumların birləşdirilməsi məsələsi gündəmə gəlib. Ekspertlərin fikrinə görə, hazırda AMEA daxilində mövcud olan 35-dək institut və mərkəzin birləşdirilməsi nəticəsində ən çoxu 20 qurumun saxlanılması üzərində iş aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...