Brilyant və tərif həvəskarı olan başçı - Fazil Məmmədovun sonuncu kadrı vəzifəsi ilə vidalaşır?

Brilyant və tərif həvəskarı olan başçı -
Azərbaycanda təqaüd yaşı çatan müəllimi və yaxud başqa peşə sahibini o saat işdən azad edirlər. Fəxri diplomdan-zaddan verib, süni təbəssimlə yola salırlar fəxri istirahətə.

Amma bu nədənsə yüksək vəzifəli məmurlara aid olmur. Nədənsə hesab edirlər ki, yaşlı adam 30 şagirdə dərs deyə bilməz. Ancaq bütöv bir rayonu idarə edə bilər.

Məsələn Mirdaməd Sadıqov kimi. Mətbuatda neçə dəfə yazılıb ki, bu adam il uzunu xəstə olur. Səyyar görüşlər keçirə bilmir, əhalinin dərdi ilə maraqlanmır.

Etimadi doğrultmadı

Hergun.az bildirir ki, 2013-cü ildə İsmayıllı üsyanının memarı keçmiş icra hakimi Nizami Ələkbərov yox, qardaşı Füzuli Ələkbərovun oğlu Vüqar idi. Onun içkili vəziyyətdə qəza törətməsi, taksi şoferini döyməsi və camaatı təhqir etməsi İsmayıllını ayağa qaldırmışdı.

İki gecə dirəniş göstərən etirazçılar “Çıraq” otelini yandırdılar, N.Ələkbərovu kabinetindən çıxmağa məcbur elədilər. Bu qələbə ilə ismayıllılar sübut etdilər ki, təşkilatlana və haqlı tələblərini irəli sürə bilirlər.
Halbuki, 2013 hadisələrində səslənən şüarlar yalnız icra başçısının istefası və insanları aşağılayan nazir oğlunun cəzalandırılması tələbi idi. Yəni, heç bir sosial şüar səslənmirdi.

Bu o demək deyildi ki, N.Ələkbərovun dövründə İsmayıllıda problemlər yox idi. Sadəcə, xirtdəyə qədər yığılan narazılığın səbir kasasını həmin olay daşırmışdı.

Hadisələrdən sonra hakimiyyət İsmayıllıya rəhbər axtarışına çıxmışdı.
Elə bir kadr təyin olunmalıydı ki, həm camaatın dilini bilsin, onlarla işləsin, vətəndaşları qəbul eləsin, həm də sanballı, İsmayıllı sakinlərinin qəbul etdiyi ziyalı olsun.

O dövrdə özünü hakim elitanın mühüm qanadına yaxın biri kimi göstərmiş və yuxarıları qabiliyyətinə inandırmış iqtisadçı Mirdaməd Sadıqov öz doğma rayonuna göndərildi.

Vergilər idarəsində rəis, sonra rektor işləmiş M.Sadıqova hökumət böyük etimad göstərmişdi. Belə mürəkkəb regiona məlum iğtişaşlardan sonra icra başçısı seçimi doğru olmalıydı.

Amma geridə qalan illərə nəzər salanda görünür ki, onun fəaliyyəti hökuməti peşman edib, bu posta onu məsləhət görənlərin üz qarasına çevrilib. Hakim elitanın gözləntiləri ayrıydı. Amma M.Sadıqov ən yüksək eşelondakı şəxslərin etimadını doğrultmayıb.
Rayonun problemləri isə üst-üstə gəlməyə başladı.

Jurnalisti həbs etdirdi- tənqidə dözümsüzdür

Hakimiyyət güman edirdi ki, belə reputasiyaya malik kadrı İsmayıllıdakı məlum hadisələrdən sonra icra başçısı postuna gətirmək olar.

Elə M.Sadıqov da ilk aylarda göz oxşamağa başladı: sakinlərlə görüşlər, şəhər əhalisi ilə qaynayıb-qarışmaq, mərkəzdə avtomobilsiz hərəkət etmək, vətəndaşların qəbulu, tapşırıq və göstərişlər...
Ancaq az keçmiş mətbuatda tənqidi məqalələr bir –birini əvəz etdi.


***
Məsələn Siam.az yazırdı ki, tədricən M.Sadıqovun kosmetik siyasəti “sabun köpüyü”nə çevrildi.
Hətta o məlumatlar belə yayılmışdı ki, MTN-nin rəhbəri Eldar Mahmudova 3 milyonluq villa tikdirib, onunla brilyant biznesi var. Yəni, sələfi Nizami Ələkbərov belə bunu etməmişdi.

Və İsmayıllının icra başçısı sələfindən həm də tənqidlərə dözümsüzlüyü ilə fərqlənirdi. Belə olmasaydı, N.Ələkbərovun dövründə peşə fəaliyyətini normal davam etdirən Elçin İsmayıllı M.Sadıqovun vaxtında həbs olunmazdı.

Ancaq onun korrupsiya əməllərini jurnalist araşdırmaları deyil, Hesablama Palatası da rəsmən təsdiqləmişdi.

Tərifləyin , tərifləyin...

Başçını tənqid edən xəbər portalları ilə yanaşı tərifləyənlər də var. Özlərini “seyyid” başçının dostları hesab edən jurnalistlər deyir ki,Ş tərif onun canına yağ kimi yayılır.

Dozası nə qədər çox olsa, bir o qədər ləzzət edir.
Həmin “bəy tərifi” yazılardan bir-iki cümlə paylaşacağıq.

Birinin başlığı belədir-““Kəssə hər kim tökülən qan izini..” : İsmayıllını abad edən başçı – Mirdamət Sadıqov “
Guya “ağsaqqal” olmasa imiş day İsmayıllıda hamı bir-birin qırıb qutarasıymış:

“Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə İsmayıllı Rayon İcra Başçısı kimi Mirdamət Sadıqovun fəaliyyətindən yazmırlar? Axı icra başçılarının xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub ismayıllını sanki yaddan çıxarırlar. Cənablar, Mirdamət Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısıdır.

O rayonun ki, burda məmur özbaşınalığının və harınlığın nəticəsi olaraq baş verən olaylar hər kəsin yadındadır. M.Sadıqov icra baçılığına rahat həyat sürmək üçün gəlməyib. O sakit alimlik həyatından od-alov içində olan bir rayona göndərilib. Həm də var dövlət toplamaq üçün yox. Çünki Mirdamət müəllimin alim kimi həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurlardan üstündür. O, bir Ağsaqqal olaraq, bir elin, obanın qəbul etdiyi Lider olaraq İsmayıllıya təyinat aldı. Böyük Cavidin bu misrasını təkrarlamaq yerinə düşər:

“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur, yer üzünü…”

Mirdamət Sadıqov İsmayıllıda odu söndürüb firavan həyatın əsasını qoydu və bir vaxtlar məlum qrupun at oynatdığı rayonda bu gün insanların həyat tərzini görmək üçün İsmayıllıda bir neçə saat da olmaq yetər. Buyurun İsmayılıya gəlin və həmin od alov içində olan, insanların qəzəbdən küçələrə axışdığı rayonun bu gününə baxın və onda görərsiz ki, İsmayıllıda üsyan yox, normal dövlət-xalq vəhdəti üzərində qurulan bir cəmiyyət yetişir.”

İsmayıllı əhlinə müraciət edirəm-söhbət hansı firəvan həyatdan gedir?

Söhbət sadə xalqdan gedirsə yalandı, şəxsən başçının özünə aiddirsə, özünə firəvan həyat qurubsa ..bu həqiqətə yaxın olar.

Hər halda keçmiş vergilər naziri Fazil Məmmədovun kadrların sonuncusu olaraq vəzifədə qalan M. Sadıqovun da sayılı günləri qalıb. Mövzuya qayıdacağıq.
(Hergun.az)

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
107 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...