3 il həbs, yaxud 500 manat cərimə: Seçkidə görüntüləri paylaşılan müəllimləri gözləyən cəza

3 il həbs, yaxud 500 manat cərimə:


Sosial şəbəkələrdə 9 fevralda Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı bəzi məntəqələrdən pozuntuları əks etdirən video və fotogörüntülər paylaşılır.

Görüntülərdə sözügedən neqativ halların baş verməsində bəzi komissiya üzvləri, o cümlədən təhsil işçilərinin də iştirakı etdiyi bildirilir. Görüntülərdəki şəxslərin “karusel”ə cəlb edildikləri, qutulara topa bülleten atdıqları, səslərin sayılmasında pozuntuya yol verdikləri iddia olunur.

Qeyd edək ki, parlament seçkisində Kürdəmirdə səsvermə zamanı təcili yardım maşınlarından istifadə müşahidə olunmuşdu. Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov işçilərin təcili tibbi yardım maşını ilə səsverməyə getməsinə görə artıq cəzalandırılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirib ki, baş həkimə şiddətli töhmət verilib.

Sosial şəbəkədə müəllimlərlə bağlı yayılmış görüntülərlə bağlı Təhsil Nazirliyi də müvafiq tədbirlər görüləcəyini bildirib. Seçkidən dərhal sonra nazirlikdən deyilib ki, hazırda ümumi proseslərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır.

Maraqlıdır, araşdırılma aparılarsa və faktlar təsdiqlənərsə, Təhsil Nazirliyi tərəfindən həmin müəllimlərlə bağlı hansı cəza mexanizmi tətbiq olunacaq? Gələcəkdə müəllimlərin seçki prosesində iştirakı qadağan oluna bilərmi?

Təhsil Nazirliyi Cebhe.info-nun bu barədəki sorğusunu belə cavablandırıb:


“Bildiyimiz kimi, qeyd olunan məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmanın yekun nəticələrinə əsasən, baş vermiş qeyri-qanuni hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq ölçü götürüləcək”.

Göründüyü kimi, nazirlik bu dəfə də quruma ünvanlanan sorğuya konkret və tutarlı cavabdan yayınıb.

Məsələnin hüquqi tərəfini Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev izah edib.

Hüquqşünas Cebhe.info-ya açıqlamasında seçki nəticələrini bilərəkdən və ya bilməyərəkdən saxtalaşdırmağa göz yumanlar və bilavasitə iştirak edənlərin ağır cinayət məsuliyyəti daşıdıqlarını deyib:


“Mahiyyət etibarilə bu çox ağır cinayətdir. Əgər təhsil işçiləri məntəqə və ya komissiya üzvüdürsə, yaxud müşahidəçidilərsə, həmin anda onlar vəzifəli sayılırlar. Sadəcə, saxtakarlıqda iştirak etməyib, müşahidə ediblərsə, səhlənkarlıqda təqsirləndirilə, əgər iştirakçı olublarsa, iştirakın növündən asılı olaraq bir çox maddələrlə məsuliyyətə cəlb oluna bilərlər. Bu, araşdırmanın nəticəsindən asılı olacaq. Özüm də o videoları görmüşəm və bəzi saxtakarlıqlarda elə müəllimlərin özləri iştirak edirdilər. Onların hərəkətində sadaladığım cinayət əməllərinin əlamətləri var. Həmin anda onlar vəzifəli şəxsdir və saxtakarlıqda iştirak ediblər. Rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz olaraq digər şəxsin əvəzinə səs vermək, hansısa namizədin xeyrinə seçki qutusuna bülletenlər atmaq cinayət əməlidir. Cinayət Məcəlləsində yer alan bir neçə maddə ilə onlara cinayət işi açıla bilər. Düzdür, bu maddələrdə böyük cəza nəzərdə tutulmayıb. Hamısı 3-4 il azadlıqdan məhrumetmə cəzası yaradır. Praktikada yalnız 2015-ci ildə 42 saylı Sumqayıt Seçki Dairəsində baş verən olayı xatırlayıram. Dairə sədrini o zamankı dəyərlə 100 dollar cərimə edib azadlığa buraxmışdılar. Əslində indi də o saxtakarlıqları etmiş dairə seçki komissiya, məntəqə sədrləri və üzvlərinin ciddi cəzaya məruz qalacaqlarına inanmıram. Ola bilsin ki, məhkəmələr kimlərisə 100, 200 və ya 500 manat məbləğində cərimə etsin”.

Əsabəli Mustafayev onu da əlavə edib ki, sosial şəbəkələrdə videogörüntüləri və fotoları yayılan təhsil işçilərinin işgüzar nüfuzuna da xələl gələcək:

“Hesab edirəm ki, onlar özlərində bir qədər də olsa, təpər tapıb komissiyalardan özləri kənarlaşacaqlar”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...