MOBİL TELEFON BAZARI "AĞARIR" - Ancaq idxal statistikası yenə də şübhəlidir



MOBİL TELEFON BAZARI "AĞARIR" -
Uzun illər “kölgə iqtisadiyyatının” giriş qapısına çevrilən Azərbaycan gömrüyü ölkəyə idxal olunan bir çox məhsulları məlum səbəblərdən “görməyərək”, istehlak bazarının çox zaman mənşəyi bilinməyən mallarla doldurulmasına və dövlət büdcəsinin yüz milyonlarla, hətta milyardlarla dollar vəsaitdən məhrum edilməsinə şərait yaradıb.

Ancaq Dövlət Gömrük Komitəsinin rəhbərliyində və işində baş verən dəyişikliklərdən sonra bu sahədə vəziyyət xeyli dəyişib. Ən azından büdcəyə daxil olan vəsaitin həcmi artıb. Digər tərəfdən, istehlak bazarında ölkəyə leqal yolla gətirildiyi rəsmi sənədlərlə təsdiqlənən mal çeşidlərinin sayı və həcmi çoxalıb.

Xeyli vaxtdır ki, ölkədəki “kölgə iqtisadiyyatının” ən “parlaq” komponentlərindən biri də mobil telefonlar bazarı sayılır. Uzun ilər bu bazardakı monopoliya ayrı-ayrı məmurlara yaxın şirkətlərin əlində olub. Elə indi də bu bazarda ideal rəqabət mühiti yarandığını söyləmək çətindir. Ancaq hər halda, DGK-nın statistikası ən azından ölkəyə idxal olunan mobil cihazların sayı və qiymətilə bağlı əvvəlki illərlə müqayisədə daha real rəqəmlər bəyan etməkdədir. Belə ki, xüsusilə 2016-cı ildən başlayaraq, idxal olunan mobil telefonların sayı və orta qiyməti statistikasında bir neçə dəfəlik artım müşahidə olunur.

Belə ki, DGK əgər 2015-ci ildə ölkəyə 9 milyon 300 min manat dəyərində cəmi 86 min ədəd mobil telefon idxal olunduğunu bəyan etmişdisə, ötən 2019-cu ilin yekunlarına dair hesabatda bu rəqəm 1 milyon 407 min ədədə və 161 milyon 800 min dollara çatıb. Belə çıxır ki, ölkəyə gətirilən telefonların sayı cəmi 4 ildə az qala 20 dəfə, yaxud 152 milyon dollar(!) dəyərində artıb. Bu, ən azından texniki olaraq mümkün deyil, o baxımdan ki, ölkədə hansısa qeyri-adi hadisə baş verməyib və mobil cihazlara tələbatın bu qədər artması mümkün deyil. Təbii ki, bu “sıçrayışın” yeganə səbəbi əvvəlki rəhbərlik dövründə idxalın fantastik dərəcədə gizlədilməsi və yığılan “gömrük haqlarının” büdcəyə deyil, başqa kanallara ötürülməsi olub.

Əlbəttə ki, DGK-nın işində yaradılan dönüş özünü yığımların həcmində böyük ölçüdə göstərib və bu faktı ölkə başçısı da öz çıxışlarında dəfələrlə vurğulayıb. Lakin məhz mobil telefon idxalı statistikasında yenə də müəyyən şübhəli məqamlar qalmaqdadır. Çünki, say baxımından idxalda ciddi artım müşahidə olunsa da, idxal olunan telefonların orta qiymətində artım demək olar ki, yoxdur, hətta əksinə, uzaq 2014-cü illə müqayisədə azalma var. Belə ki, ötən ilin rəsmi statistikasına görə, Azərbaycana idxal olunan telefonların orta qiyməti cəmi 115 dollar olub. 2014-cü ildə isə orta qiymət 158 dollar təşkil edib. Bu, kifayət qədər şübhəli statistika təsiri bağışlayır. Çünki dünya bazarında mobiı telefonların qiymətində hər hansı kəskin eniş müşahidə olunmayıb. Əksinə, “İphone” modelləri də daxil olmaqla, əksər prestijli modellərin qiyməti kifayət qədər yüksəkdir.

Digər tərəfdən, Azərbaycanda əhali arasında adi, yəni smartfon olmayan telefonlardan istifadə edənlərin sayı qat-qat azalıb, insanların çoxu, hətta əhalinin yaşlı kəsimi belə smartfonlardan istifadə edir. Onlarınsa qiyməti kifayət qədər yüksəkdir. Bütün bunlar idxaldakı orta qiymətin 115 dollar olduğuna dair statistikanı şübhə altına alır və belə təsəvvür yaranır ki, gömrükdə bəyan edilən idxal sayı məsələsində şəffafılıq böyük ölçüdə təmin olunsa da, qiymət məsələsində qaranlıq məqamlar qalmaqdadır.

Yaxud da, ölkəyə gətirilən məhz bahalı modellər yenə də gömrük rəsmiləşdirilməsini yan keçə bilir. Bəli, məhz bu variant daha çox reallığı əks etdirir. Məsələn, elə həmin yeni “İphone” modellərinin paytaxtın mobil telefon mağazalarının böyük əksəriyyətində rast gəldiyimiz qiymətilə rəsmi distribyutora aid mağazadakı satış qiyməti arasında 500 manatadək fərq görə bilərsiniz. Bu, o deməkdir ki, şəxsi istifadə adıyla və ya digər hansısa yollarla ölkəyə böyük miqdarda bahalı telefon modelləri gətirlir. Bu da həm bazardakı qiymətlərdə, həm də rəsmi statistikada qeyri-adi mənzərə yaradır.

Təbii ki, istehlakçı üçün “qara bazarın” mövcudluğu müəyyən üstünlüklər yaradır və sıravi alıcı üçün eyni keyfiyyətdəki telefonun rəsmi distribyutordan, yaxud hansısa “tanış mağazadan” almağın elə də böyük fərqi yoxdur, təki qiyməti münasib olsun. Lakin o da reallıqdır ki, rəsmi distribyutorlar yüksək qazanc əldə etmək üçün olduqca baha qiymətlər təklif edirlər və alıcıları sanki bilərəkdən “qara bazara” yönləndirirlər.

Nəhayət, bu məsələnin indiyə qədər ölkə iqtisadiyyatına vurulan ziyan baxımından da təhlilinə ehtiyac var. Təkcə mobil telefonlar üzrə birdən-birə idxal sayında 20 dəfəyədək, ümumi dəyərində isə 150 milyon dollardan çox artımın müşahidə olunması DGK-nın əvvəlki rəhbərliyi dövründə külli miqdarda vəsaitin hara getdiyinə dair suallar yaradır. Ancaq nədənsə bu sualı verən və cavabını axtaran hər hansı rəsmi orqana rast gəlmirik...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...