Azərbaycanda referendum keçirilir? - Parlament respublikasına keçid, rayonların ləğv edilməsi...

Azərbaycanda referendum keçirilir? -

Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-ə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyilə bağlı dəyişikliyi- parlament respublikasına keçid etməyi vacib sayırlar. Bəzi iddialara görə, yaxın aylarda sadalanan məsələlərlə bağlı ictimai müzakirələrə başlana bilər. Maraqlıdır, bu islahatlara gedilə bilərmi və referendumun keçirilməsi nə dərəcədə aktualdır? Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a deyib ki, Konstitusiya dəyişikliyi ilə bağlı kütləvi informasiya vasitələrində ara-sıra bəzi məlumatlar yayımlanır, sistemli deyil, pərakəndə şəkildə müzakirələr açılır: “Lakin düşünürəm ki, bunların hər biri gələcəkdə özünü aktual şəkildə göstərə bilər. İstər parlament respublikasına keçid, istər indiki majoritarla qarışıq sistemdən azad olunması, istərsə də, rayonların ləğv edilməsi, ola bilsin quberniya və vilayətlərin yaranması məsələsi də aktuallaşa bilər. Lakin indiki zaman kəsiyində bu qeyd etdiyiniz məsələlər aktual deyil. Rəsmi səviyyələrdə müzakirə olunmur.

Məndə bu məsələlərlə bağlı həm Milli Məclis, həm də icra strukturları səviyyəsində ciddi xarakter daşıyan müzakirələrin aparılması haqqında hər hansı məlumat yoxdur. Mən Milli Məclisin deputatıyam, bu məsələlərdə ciddi rol oynayan komitənin – Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvüyəm. Belə bir müzakirə olsa, bizim mütləq ki, xəbərimiz olar. Ola bilsin, bu, ayrı-ayrı müəlliflərin önə çəkdiyi məsələləri aktuallaşdırmaq, gündəmdə qalmaq, oxucu cəlb etmək istəyidir”.

Milli Məclisin komitə sədri Tahir Rzayev də ortaya atılan iddiaların gerçək olduğunu düşünmür: “Azərbaycanda Konstitusiya dəyişikliklərinin olması qaçılmaz haldır. Lakin indiki məqamda – müharibə şəraitində olduğumuz dövrdə bu məsələ gündəmdə deyil. Hansısa şəxslər tərəfindən təklif olunması da məlum deyil”.

Deputat Sabir Rüstəmxanlının məsələyə münasibəti belə olub: “Ölkədə sistem, cəmiyyət, seçki sistemi ehkam deyil. Ölkənin mənafeyi naminə seçki də keçirmək olar, referendum da - nə lazımdırsa, bunu etmək mümkündür. Amma indiki halda qaçaraq, referenduma ehtiyac var, yoxsa, yoxdur, bunu deyə bilmərəm. Hər halda, sadəcə iddiaların bəziləri sosial sifariş kimi, bəziləri cəmiyyətin istəyi, hakimiyyətin münasibətini yoxlamaq üçün deyilir və s. Hər bir halda cəmiyyətdə gedən müzakirələrə, fikir fərqliliyinə, müxtəlif düşüncələrin ortaya atılmasına heç vaxt qeyri-adi baxmıram. Əksinə, bu cəmiyyətdə fəallığı qüvvədə saxlayır və daimi yenilənməni həyata keçirir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...