Dövlət Gömrük Komitəsində sahibkarlara zülm etmə METODLARI

Dövlət Gömrük Komitəsində sahibkarlara zülm etmə

Son zamanlar xarici iqtisadi fəaliyyətin iştirakçıları olan yerli sahibkarların ən çox narazılıq etdiyi dövlət orqanı Gömrük Komitəsidir. Çoxları hesab edirlər ki, Dövlət Gömrük Komitəsi (DGK) iqtisadi cəhətdən məntiqsiz, ədalətiz və əsassız siyasəti ilə onların biznes fəaliyyətlərini iflic həddinə çatdırıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı-alim Qubad İbadoğlu öz açıqlamasında bildirib. İqtisadçının fikrincə, sahibkarların əsas şikayətləri gətirdikləri malların gömrükdə statistik dəyərinin əsassız olaraq artırılması və onların əlavə məsrəflərlə yüklənməsidir.

"İdxal malının gömrük dəyərinin bazar dəyərindən yüksək təyin olunması rüsumlara və əlavə dəyər vergisinə görə ödənişlərin məbləğinə əhəmiyyətli təsir göstərir. Gömrük müfəttişləri həyata keçirdikləri qanunsuzluqları adətən ölkə prezidentinin qiymətləri nəzarətə götürmək, büdcəyə ödənişləri artırmaq tapşırığı ilə izah edirlər. Bununla da baş verənlərin məsuliyyətini dövlət başçısının üzərinə atan DGK idxaldan əlavə rüsum və vergilər toplamaqla büdcə qarşısındakı öhdəliklərini nə yolla olursa olsun doldurmağa çalışırlar. Belə ki, sahibkarlar tərəfindən idxal zamanı bütün sövdələşmə sənədləri (invoice, müqavilə və digərləri təqdim edildiyi halda DGK onlara məhəl qoymur, subyektiv mülahizələr əsasında hüquqi qüvvəsi olmayan xüsusi əmsallar tətbiq etməklə məhsulların gömrük dəyərini qaldırır və şişirdilmiş dəyər əsasında idxalı əlavə vergi və rüsumlar hesablayırlar" deyə Qubad İbadoğlu bildirib.

Gundeminfo.az yazır ki, alim açıqlamasında sahibkarlara istinadən bildirib ki, hazırda gömrükdə nəqliyyat vasitələrində rəsmiləşdirilmədən saxlanılan xeyli mallar vardır.

"Bu malları nəqliyyat vasitələrində saxlamaq üçün sahibkar gündə ən azı 100-200 manat, ayda isə 3000-6000 manat xərcə düşür. DGK müfəttişləri bunu əsas göstərib sahibkarlara gətirdiyi məhsulu tez bir zamanda rəsmiləşdirməyə məcbur edir. Onlar sahibkarlara pulu ya nəqliyyat şirkətinə verdin, ya da ki, büdcəyə sizin üçün nə fərqi var ki deyərək təzyiq edir və nəticədə də istədikləri statistik dəyərlər gömrük rəsmiləşdirməsinə nail olurlar. Xüsusi şəraitdə saxlanılması tələb olunan malların sahiblərinin seçimi demək olar ki, yoxdur. Onlar məcbur olub DGK müfəttişinin tələb etdiyi məbləğdə ödənişi etməklə istənilən dəyərlə gömrük rəsmiyyətinə etiraz edə bilmirlər. Nəhayət, sahibkarlar şikayətlənirlər ki, Dövlət Gömrük Komitəsinə və Bakı Baş Gömrük İdarəsinə yazılı müraciətlərinə həmişə mücərrəd, şablon cavablar verirlər. Cavablarda şikayətin məğzi kənarda qalır, onlara qanunvericilikdən oxşar hissəni kopyalayıb geri göndərirlər.

Əsasən fiskal məqsədə xidmət edən bu özbaşınalıqlar daxili bazarda mal qıtlığına və qiymət bahalığına gətirib çıxarsa da DGK-ya dur deyən yoxdur" deyə iqtisadçı əlavə edib.

Mövzu ilə bağlı DGK-nın rəsmi mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...