6 saylı Yol İstismar İdarəsinə rəhbərlik edən A.Dəmirovun keçmişdən gələn "sərgüzəştləıri" davam edir

6 saylı Yol İstismar İdarəsinə rəhbərlik edən A.Dəmirovun keçmişdən gələn "sərgüzəştləıri" davam edir
Allahverdi Dəmirov. Bu ad Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Keçmiş təhsil naziri Misir Mərdanovun qohumu olduğu deyilən bu şəxs dəfələrlə korrupsiya qalmaqalları ilə gündəmə gəlib. Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi Allahverdi Dəmirov 2011-ci ildə həmin vəzifədən xaric edilib. Həmin ərəfədə hətta onun həbs xəbəri də yayılmışdı. Bildirilirdi ki, onu korrupsiya əməlinə görə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Amma sonradan rəsmi şəkildə bildirildi ki, Allahverdi Dəmirovla bağlı heç bir həbs-qətimkan tədbiri seçilməyib. Hətta bundan sonra da sabiq idarə rəisinin həbs olunduğu, sadəcə, bunun hansısa səbəbdən gizli saxlandığına dair iddialar ortadan yığışmadı. Bəzi versiyalara görə, o bir neçə gün həbsdə saxlandıqdan sonra nəyinsə müqabilində sərbəst buraxılıb. Başqa bir məlumatda isə deyilirdi ki, Allahverdi Dəmirovla Misir Mərdanovun şərikli asfalt zavodu olub. Sonradan onlar zavodu yüksək rütbəli şəxslərdən birinə satıblar. Həmin şəxs zavodu aldıqdan bir müddət sonra hesab edib ki, Misir Mərdanovla xalası oğlu obyekti ona baha qiymətə satıb. Məlumatda zavodun 6 milyon manata satıldığı iddia edilib.

Təhsil Nazirliyində uzun müddət Əsaslı Tikinti İdarəsinə rəhbərlik etmiş bu şəxs həyata keçirdiyi bəzi qanunsuz işlərin nəticəsində özünə böyük kapital toplamağa müvəffəq olub. Məlumatlara görə, onun Novxanıda dəniz qırağında «Amore» restoranı, «Smart» oteli və Nərimanov rayonunun ərazisində «Gold» adlı böyük obyekti fəaliyyət göstərir. Təsadüfi deyil ki, Dəmirovun milyonlarına göz dikən MTN qanqsterləri onu 2015-ci ilin oktyabr ayında məhz özünə məxsus “Amore” restoranından götürmüşdülər. O vaxt da işsiz deyildi. 2005-ci ildə təsis etmiş olduğu “Dəmirli Yol tikinti” MMC ilə baş girləyirdi. Amma MTN quldurları son anda Dəmirovun dirənişini və çox güman ki havadarının güclü olduğunu görüb başını buraxıblar.

Mətbuatda Allahverdi Dəmirovun Sabunçuda “Azəriqaz” QSC İstehsalat Kombinatına məxsus 5 hektar ərazini qanunsuz yollarla ələ keçirməsi barədə də informasiyalar yayılıb. Bundan başqa, A.Dəmirov aqibəti bəlli “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin də səhmdarlarından biri olub.

Allahverdi Dəmirov indi də iş başındadır və görünən odur ki, həmişəki qaydada öz korruptiv işdəycələrini davam etdirir. Hazırda “Azərbaycan Avtomobil Yolları” ASC-nin 6 saylı Yol İstismar İdarəsinə rəhbərlik edən A.Dəmirov Masazır qəsəbəsinin daxili yollarının təmirinə ayrılan 19,0 milyon manat vəsaiti “səmərəli və təyinatı üzrə” xərcləməklə məşğuldur. Özü də necə?: Yol inşşat işlərində üzə çıxan “frez” deyilən qaşıntı məhsulunu “qənaətlə” istifadə etməyin yolunu tapıb. Amma qənaət edilən vəsait dövlətin, qəsəbənin nəfinə deyil, Dəmirovun öz cibinə mədaxil olunur. Məsələ burasıdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova da “frez”dən səmərəli istifadə edilməsi ilə bağlı “ Azərbaycan Avtomobil Yolları ” rəhbəri Saleh Məmmədovla fikir mübadiləsi aparıb və bu məsələnin vacibliyi barədə A.Dəmirova göstəriş verilib. A.Dəmirov isə həmin göstərişə qismən əməl edib. “Frez”in hardasa yarısı emal olunaraq qəsəbədaxili ara yolların abadlaşdırılmasında istifadə olunub, qalan hissəsi isə yerli sakinlərə satılıb (Bir “Şaqman” yük maşını 350 manata) və yaxud, onlar üçün görülən işlərdən ötrü pulları alınıb. Məlumata görə, A.Dəmirov işçilərinə tapşırıq verib ki, bu cür “levı” işləri məxfi rejimdə həyata keçirsinlər. Onlar da ara məhlələrdə sakinlərdən pul alaraq onların istəyinə uyğun formada yeni döşədikləri asfaltı “bəd nəzərdən” qorumaq üçün üstünə sement səpirlər ki, nəzəri cəlb eləməsin. Amma yağış yağan kimi sement yuyulur və asfaltın təzəliyi üzə çıxır. Məsələn, Çıraqlı məktəbinin həndəvərindəki ara küçəyə tökülmüş 3 maşın asfaltı gizlətmək cəhdi də məhz bu səbəbdən boşa çıxıb. Bundan başqa, 6 saylı Yİİ-nin işçiləırinin özlərinin də rəhbərlikdən xəbərsiz “frez”i araba ilə sakinlərə satdıqları heç kimə sirr deyil.

Dövlət hesabına pulu ödənilən asfaltın 3 maşınını, Allahverdi Dəmirov bu küçənin sakinlərinə satıb və üstünü sementlə malalalyıb

Onu da qeyd edək ki, qəsəbədaxili yolların abadlaşdırılması işləri çərçivəsində 3-4 kilomatrlik nahiyədə yol kənarına düzülməli olan bardürlərin “yeyilməsi” barədə çıxan söhbətlərin də yalan olmadığı məlum olub. Yada salaq ki, bu barədə “MeydanTV”-nin yerində apardığı video-çəkilişlər internet resurslarında hələ də qalmaqdadır.

Bu ərazidə kimin pulu yoxdursa oraya nəinki asfalt, heç «frez» də tökülməyib.

Bu küçənin sakinlərinin bir hissəsinin gücü «frezə, bir hissəsinin gücü isə asfalta çatlb.

Bu küçənin imkanlı dakini isə öz hesabına

Üstəgəl, asfaltlama işləri ilə paralel görülməli olan bəzi başqa işlər də unudulub. Məsələn, asfaltın qalınlaşması ilə ortaya çıxıb ki, kanalizasiya lyuklərinin ağız hissəsi çökəkdə qalıb, yol səviyyəsi ilə bərabərləşməyib.

Sakinlərin ara küçələrdə gördürdükləri asfaltlama işlərini guya hansısa özəl şirkətin həyata keçirdiyini deyən A.Dəmirova “bəs niyə özəl şirkət həmin işləri öz texnikası ilə deyil, məhz 6 saylı Yİİ-nin maşın-mexanizmləri ilə həyata keçirir” sualımıza isə A.Dəmirov cavablandırmaqdan yayındı və “Ölkədə müharibə gedir, camaat nə hayda, siz nə hayda!” – deyib telefonu qapatdı.

Cənab Dəmirov, bəli, ölkədə (Azərbaycanın ərazi hüdudları daxilində müharibə gedir, rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad edir. Biz «Dəryaz.az» olaraq öz vəzifəmizi yerinə yetiririk və Sizdən də öz vəzifənizi necə yerinə yetirdiyinizi soruşuruq. Sözsüz, şəhidlərimizin qanı hesabına işğaldan azad edilən ərazilərimizdə görüləcək işlər sırasında ilk cərgədə məhz yeni yolların çəkilişi, mövcud yolların abadlaşdırılması durur. Necə ki, artıq Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb. Bilirik ürəyinizdən nələr keçir. Yəqin deyirsiz: “Ax, necə qaz vurub qazan doldurmaq olar! Möhsün yaz, yol boyu yararsız qruntun qazılaraq çıxarılması — bu qədər, yararlı qruntla əks-dolğu işlərinin aparılması — bu qədər, torpaq yatağının bərpa olunması bu qədər, yeni yol əsasının inşa edilməsi – bu qədər…” Amma yox. Ümid edirik ki, dövlətimiz və xalqımız o layihələrdə Sizin kimi əliəyrilərin köməyinə ehtiyac duymayacaq.

Mövzuya qayıdacağıq



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...