Suraxanı İcra Hakimiyyəti şəhid polkovnikin ailəsi ilə necə maraqlanır? Evsiz şəhdin 3 uşağından ikisinin gözü görmür...

Suraxanı İcra Hakimiyyəti şəhid polkovnikin ailəsi ilə necə maraqlanır?

“Şəhidlər nə vaxt gələcək?”

6 yaşlı şəhid balası: “Axı mən atam üçün darıxmışam”

Şəhid Rüfət Mustafayevin ailəsilə görüşüb yazı hazırlayanda anası dəfələrlə polkovnik-leytenant Zaur Cəfərovun adını hallandırdı. Komandir kimi əsgərlərlə rəftarından, savadlı, bacarıqlı hərbçi olmağından və şəhid zabitin hər birimizin qayğı göstərməyə borclu olduğumuz ailəsinin, uşaqlarının acınacaqlı durumundan bəhs etdi. Onlardan xahiş etdim ki, yaxın günlərin birində polkovnik-leytenantın ailəsini ziyarət edək. Sağ olsunlar, bazar günü şəhid zabitin ailəsini ziyarət etmək üçün Yeni Ramana deyilən məkana yollandıq. Onu xüsusi olaraq vurğulayım ki, polkovnik-leytenantın qüsursuz xidmətlərinə baxmayaraq, hələ də ailəsi evsiz-eşiksizdi. Hazırda yaşadıqları həyət evini də Zaur şəhid olandan sonra adının hallanmasını istəməyən biri verib ki, hökumət ailəyə ev verincə yaşasınlar. Bizi həyətdə qarşılayan Zaurun anası Məleykə xanım, həyat yoldaşı Gülbəniz, 12 yaşlı oğlu Həsən, 10 yaşlı böyük qızı Səlbi və kiçik qızı 6 yaşlı Zəhra “xoş gəldiniz” deyib, evə dəvət etdilər. İstilik sistemi olsa da içərisi çox soyuq idi. Üşüdüyümü hiss edən Gülbəniz “evin zirzəmisi suyun içindədir, ona görə soyuqdur. Uşaqlar, özüm də tez-tez xəstələnirik”, dedi...

Başlıbel faciəsi

... Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində dünyaya gəlib. 1986-ci ildə Başlıbel kənd orta məktəbində birinci sinifə gedib.Bütün yaşıdları kimi qayğısız uşaqlığı olub. 2 aprel 1993-cü ilə kimi. Ermənistan Silahlı Qüvvələri havası, suyu təmiz, təbiəti qüsursuz Kəlbəcər rayonunu işğal edəndə bütün el-oba kimi Cəfərovlar ailəsinin də düzəni pozulub. Evlərindən bir çöp belə götürmədən kənddən çıxıblar. Ermənilərin qəfil hücumu nəticəsində 20-dən artıq kənd sakini qanlarına qəltan ediliblər. Aran yerlərində aprel ayı nisbətən isti olsa da, Kəlbəcərdə hələ də soyuq adamı qılınc kimi kəsib. Həmin vaxt təbiətin də üzü dönüb. Elə hey yağıb. 3 gün ac-sussuz Murov dağın aşırımlarıyla canlarını qurtarmağa çalışan elin-obanın fəryadı, ah-naləsi 13 yaşlı Zaurun gözləri qarşısında baş verib. Nifrəti, qəzəbi elə böyük olub ki, ancaq hərbçi olaraq qisasını ala biləcəyini düşünüb. Bu arzusunu anasına bildirəndə müsbət cavab almasa da, inadından, məqsədindən vaz keçməyib. Bütün el-oba kimi onlar da ilk olaraq Bərdəyə gəliblər. Sonradan ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçüblər. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində başa vurub. Elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil alıb.
Hərbi məktəbi Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib. Bundan əvvəl 11-22 sentyabr 2000-ci ildə Rumıniya və Türkiyəyə kurs və təlimlərə göndərilib. Zaur Cəfərova Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib.
O, 2014-cü ilin sentyabr ayında imtahan verərək magistratura səviyyəsi üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub.
Aprel döyüşlərində Zaur Cəfərov hərbi əməliyyatlarda yaxından iştirak edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə Zaur Cəfərova "hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilib. Təhsilini bitirdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilib və o, xidmətini Birinci Ordu Korpusunda davam etdirib. Nümunəvi xidmətinə görə qısa bir müddət ərzində hərbi hissənin qərargah rəisi təyin olunub.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Qarabağ münaqişəsi tarixinə Tovuz döyüşləri olaraq yazılan bu döyüşlər zamanı Zaur Cəfərov "N" saylı hərbi hissənin qərargah rəisi kimi döyüşlərdə iştirak edib.
Tovuz döyüşlərindən sonra Gülbəniz həyat yoldaşına deyib:”Uşaqlar xəstədir, qalmışam yollarda. Bəlkə təqaüdə çıxasan”. Polkovnik-leytenandın cavabı sərt olub:”Nə qədər ki, torpaqlarımız işğal altındadır, mənə rahatlıq yoxdu. Azərbaycanın mənim kimi hərbçlərə ehtiyacı var”.

“Səni ürəkli böyüdəcəm”

Həyat yoldaşı: “Naxçıvandan Gəncəyə kimi bir neçə yerdə hərbi xidmətdə olub. Bizi də ailəsi olaraq yanında aparıb. Sədərəkdə və Gəncədə kirayədə qalırdıq, ancaq digər yerlərdə hərbi şəhərciklərdə yaşayardıq. Ailəcanlıydı, həm də sərt adam idi. Sözü bir dəfə deyərdi. Fikirləşirdim ki, hərbçi həyatından irəli gəlir. Ancaq ipək kimi ürəyi vardı. Əsgərləri övladı, qardaşı kimi istəyər, qayğısına qalardı. Orucluq ayı idi. Hər ikimiz oruc tutmuşduq. Axşama yaxşı bir süfrə hazırladım ki, gəlsin bir yerdə orucumuzu açaq. Haçandan-haçana gəldi. Soruşdum, niyə vaxtında gəlmədin? Bircə kəlmə dedi:”Birinci əsgərlərdi”. Oğluna, Həsənə hər zaman deyərdi: “Özüm məcburi köçkün həyatı yaşamışam, zülümlərin şahidi olmuşam. Səni ürəkli böyüdəcəm, qəhrəman xalqın övladı kimi firəvan həyat yaşayacaqsan”. Ancaq əhdinə sadiq çıxmadı. Məni başsız, övladlarını atasız qoydu”.
Söhbətimiz zamanı anasının yanından əl çəkməyən, gözləri görməsə də, anası hər ağlayanda əlləriylə anasının yanaqlarını silən Səlbi də ağlayırdı. Ata həsrətilə ağlayırdı. O ata ki, dünyasıydı, sabahı, gələcəyi, xoşbəxtliyi idi. Səlbi, qardaşı Həsən və balaca Zəhra bunlardan məhrum olmuşdular. İndi hər üçü analarını itirəcəklərindən, ona bir şey olacaq deyə, qorxurlar. Analarını bir an olsun tək qoymurlar. Hətta bir dəfə Gülbəniz xəstə olub yatağa düşəndə hər üçü yalvarıblar ki, “sən də bizi qoyub getmə”. Gülbəniz balalarına söz verib ki, sağalıb tezliklə ayağa duracaq.

“24 il balam ləyaqətlə qulluq elədi”

Anası: “Kəklik dağda nə gəzir,
Dağda, bağda nə gəzir?
Belə oğul itirən ananın,
Ağlı başda nə gəzir?

Balam mənim ağlımı başımdan alıb. Bildiyim də yadımdan çıxıb. Zillətə dözdük. Onun-bunun evinə sığınıb məcburi köçkün həyatı yaşadıq. Bir təskinliyimiz vardı-balalarımız sağ-salamatdı. Hər biri oxuyub. Zaur da balalarımın başıydı. Elin gözüydü. Mənə deyəndə ki, hərbçi olmaq istəyir, daş atıb başımı tutdum. Ancaq qərarlıydı. Ermənidən qisas almaq yolunu hərbçi olmaqda görürdü. 24 il balam ləyaqətlə qulluq elədi. Bir dəfə də olsun, “yoruldum” demədi. Bir gün evə gəlmişdi. Günün altında, hərbi təlimdə o qədər qalmışdı ki, qapqara qaralmışdı. “Can bala, niyə belə olmusan?” deyəndə, güldü və zarafat elədi: “Elə bir kənddə olmamısan. Qaralmağın nəyi pisdi. Təmiz havada, günün altında sağlam həyat yaşayırıq”.
2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədildi və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu, nəticədə ölənlər və yaralananlar oldu. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verildi.
Həyat yoldaşı: “Senytabr ayında məzuniyyət götürmüşdü. Uşaqlarla vaxt keçirmək, gəzməyə aparıb istirahət etməyi planlaşdırmışdı. Qaxa getdik. Uşaqlar elə sevinirdilər ki... Yolboyu vətənpərvər mahnılardan oxuyurdular, Zaurun da ürəyincə idi. Uşaqları da özü kimi böyüdürdü - öncə Vətən, Millət və Dövlət. Məzuniyyətini başa vura bilmədi. Sentaybrın 23-də dedi ki, “paltarlarımı hazırla getməliyəm”. O gedən getdi. Oğlum sual verdi ki, “nə vaxt gələcəksən?” Dedi: “Bilmirəm”. O zaman Gəncədə kirayədə qalırdıq. Ermənistan silahlı qüvvələri atırdılar. Uşaqlar qorxurdu. Zaura bildirəndə deyirdi:”Heç nə olmaz, qorxmayın”. Ancaq sonra Bərdəyə bacım evinə getdik. Oktyabrın 6-da zəng vurdu və dedi ki, “qardaşıma pul verərsən qurban kəsib paylayarsız”. Dediyi kimi də elədik. Elə həmin gün Həsəni göndərməyimi tapşırdı. Dedim biz də gəlib səni görək, razılaşmadı. Sonuncu dəfə oktyabrın 8-də zəng vurdu. Hər şeyin yaxşı olacağını, düşməni məhv edib torpaqlarımızı azad etdiklərini sevinclə bildirdi”.
Döyüşlər zamanı Zaur Cəfərov qərargah rəisi kimi briqadası ilə birlikdə savaşıb. Qarşı tərəfin döyüş meydanındakı texnikasını özü idarə edərək qənimət gətirib. Madagiz-Ağdərə istiqamətində onun rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Artıq 3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Madagizi işğaldan azad etdi və Ali Baş Komandan İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa olundu. Bəlkə də elə buna görədir ki, Soqovuşan uğrunda döyüşlər zamanı ölümdən dönən Zaur həyat yoldaşına tapşırıb ki, qurban kəsib paylayın. Nə bilsin ki, cəmi bir həftədən sonra...
Zaur Cəfərovun son döyüşü Ağdərə istiqamətində olub. Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olub.
19 oktyabr tarixində polkovnik-leytenant Zaur Cəfərovun nəşi əvvəlcə valideynlərinin yaşadığı Bakı şəhəri Yeni Ramana qəsəbəsinə gətirilib. Oradan II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

“Hərdən üsyan edirəm”

Həyat yoldaşı: “Allah günahımdan keçsin. Hərdən üsyan edirəm. Atası şəhid oldu, heç olmasa oğlum və böyük qızım sağlam olardı. Səlbi 3 yaşına kimi görürdü. Sonra gözləri tutuldu. İrandan belə göstərmədiyimiz həkim qalmadı. Deyirlər əməliyyat olunmalıdı - ya İsraildə, ya da Türkiyədə. İrana aparanda həkimdən xahiş elədim ki, bir gözümü qızıma köçürsünlər, təki görsün. Həkim razılaşmadı. Zaurun sağlığında həkimə gedəndə ürəkli gedirdim. Bilirdim ki, arxamda dayağım var. İndi xəstəxanalarda boynumu büküb gözləyirəm”.
Kanalizasiyası olmadığı üçün sığındıqları evin zirzəmisi daim su olan və buna görə də nəm çəkən evdə 31 yaşlı Gülbəniz xanım 3 azyaşlı övlad böyüdür. Böyük qızının iki, oğlunun bir gözü görmür və başında da problemi var. Müalicə olunmasa fəsadı qalacaq. Bu övladların atası Vətən torpaqlarının azad olunması uğrunda şəhid olub. Xalqın alnından qara ləkəni silən oğullardan biridir. Bayrağımızı ucaldan şəhidlərimizdəndir. Azərbaycanın fəxrlə ana biləcəyi zabitlərimizdəndir. Gülbəniz xanım hər ay 450 manat taksiyə pul verir ki, qızı Səlbini və oğlu Həsəni Nərmanov rayonunda yerləşən 5 saylı əlillər məktəbinə aparıb-gətirsin. Çünki ananın başqa çıxış yolu yoxdu. Yaşadıqları yer məktəbdən çox uzaq olduğundan bu variantı seçib. Həm də uşaqlara təhsil vermək, atalarının adına layiq övlad böyütmək başlıca amalıdır, Gülbəniz xanımın. Balaca qızı Zəhra isə bu il birinci sinfə gedir. Onu isə Gülbəniz xanım özü dərsə aparır.
Həyat yoldaşı: “Böyük uşaqları atalarının yoxluğuna alışdırmağa çalışıram, nə qədər çətin olsa da. Ancaq Zəhra alışa bilmir. O gün gecə yuxudan dəli kimi ayılıb mətbəxtə qaçdı. Arxasınca gəldim, işığı yandırıb qucaqladım. Ağladı:”Elə bildim atam gəlib. Səsini eşitdim”.
...Bir gün də sənəd dalınca getmişdim. Gələndə metroya mindik. Yaxınlıqda oturan bir kişi qızının başın sığallayırdı. Zəhranın üzünü özümə tərəf çevirsəm də, artıq bu mənzərəni görmüşdü. Ona görə də sual verdi: “Şəhidlər nə vaxt gələcək? Axı mən atam üçün darıxmışam”. Bu cür suallarının qarşısında acizəm”.
Bir müddət əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyət sahibləri Gülbəniz xanımın qapısını döyüb deyiblər: “İstəyirsinizsə yaşadığınız bu küçəyə işıq çəkək. İstəyirsinizsə uşaqlarınıza məktəbli geyimi, çantası alaq”. Cənablar, şəhid xanımına, 3 körpənin anasına bu sualı verməzlər. Nə ehtiyacı varsa qarşılayarlar. İlk olaraq əlaqədar təşkilatlara bildirmək lazımdır ki, polkovnik-leytenantın ailəsi evsizdi və iki uşağının müalicəyə ehtiyacı var. Və əlaqədar təşkilatlara onu da bildirmək lazımdır ki, bu xanımı sənəd dalınca ora-bura göndərməkdən vaz keşinlər. Çünki ən böyük sənəd polkovnik-leytenant Zaur Cəfərova verilən qiymətdir ki, II Şəhidlər Xiyabanında dəfn olunub. Və bir də Azərbaycan Prezidenti tərəfindən ona verilən orden və medallardı.
Məsələn, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, “Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı, "İgidliyə görə" medalı, ölümündən sonra isə, "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı, "Hərbi xidmətlərə görə" medalı və "Azərbaycan Bayrağı" ordeni.

P.S. Bunu da xüsusi olaraq vurğulayım, şəhidləri dəfn edəndə poz verib şəkil çəkdirən və paylaşan bəzi millət vəkilləri! İşinizi bununla bitmiş hesab etməyin! Seçildiyiniz bölgənin şəhid ailəsinə baş çəkmək, dərdinə şərik olmaq, ehtiyacları üçün səsinizi qaldırmaq borcunuzdur. Bu, Kəlbəcərdən seçilən millət vəkilinə də aiddir.

Suraxanı İcra Hakimiyyəti şəhid polkovnikin ailəsi ilə necə maraqlanır?
Suraxanı İcra Hakimiyyəti şəhid polkovnikin ailəsi ilə necə maraqlanır?
Suraxanı İcra Hakimiyyəti şəhid polkovnikin ailəsi ilə necə maraqlanır?
Suraxanı İcra Hakimiyyəti şəhid polkovnikin ailəsi ilə necə maraqlanır?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...