Astara Pedaqoji Kollecində direktorla tələb arasında qalmaqal - Nazirə şikayət edildi

Astara Pedaqoji Kollecində direktorla tələb arasında qalmaqal -
Astara Pedaqoji Kollecinin üçüncü kurs tələbəsi İlkin Hacıyev adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi tərəfindən haqsızlığa məruz qalıb.

Bu barədə Qaynarinfo-ya tələbənin özü bildirib. İlkin Hacıyevin sözlərinə görə, o yaşayış yerinə və ailə vəziyyətinə görə oxuduğu təhsil müəssisəsini dəyişmək istəyib:

"Bu məqsədlə fevralın 2-də Təhsil Nazirliyinə müraciət etdim. Lakin oradan bildirdilər ki, yerdəyişmə yay semestrinə qədər dayandırılıb. Bundan sonra Təhsil Nazirliyinin səlahiyyətli şəxsləri ilə görüş üçün müraciət etdim. Müraciətimə müsbət cavab verildi və nazirliyin aparıcı məsləhətçisi Samir Həmidov məni qəbul etdi. Ona vəziyyəti izah elədim və bildirdim ki, mövcud şərtlərlə Astara Pedaqoji Kollecində təhsilimi davam etdirmək mənim üçün xeyli çətindir. Samir müəllim isə bu halda qismən təhsil almaq hüququmdan yararlanmağı tövsiyyə etdi".

İlkin Hacıyev bundan sonra Astara Pedaqoji Kollecinin rəhbərliyinə müraciət edib:

"Kollecin rəhbərliyi, konkret olaraq direktor Ağababa İbrahimov bildirdi ki, qismən təhsil deyilən anlayış yoxdur. Onun diqqətinə çatdırdım ki, Təhsil Nazirliyi dediklərinizin əksini söyləyir. Uzun mübahisələrdən sonra nəhayət Ağababa İbrahimov dedi ki, bu məsələni həll edərəm. Amma şərt irəli sürdü ki, ərizəni köhnə tarixlə, yəni fevralın 15-nə yazım. Bu söhbət isə martın 1-də olub. Ağababa müəllim, ərizənin fevralın 15-də yazılmasına ona görə israr edirdi ki, mən həmin gün kollecdə olmuşam və cədvəl tələb eləmişəm. Amma cədvəl verməkdən imtina olunub və müraciətimə baxmayaraq, qayıb yazılıb. Mən Ağababa müəllimə sual verdim ki, bəs ərizəni 15 fevral tarixinə yazsam, qayıblarım necə olacaq? Direktor qayıbların da silinəcəyini bildirdi”.

Şikayətçi bildirib ki, Ağababa İbrahimovun təklifi ilə razılaşıb və dərs cədvəli həftənin 2 və 3-cü gününə təyin olunduğu üçün martın 9-da yenidən kollecə gedib. Lakin bəlli olub ki, qayıbları silinməyib:

"Bu barədə direktor müavininə məlumat vermək üçün Yusif Şahnamazovun qəbulunda oldum. O bildirdi ki, birlikdə Ağababa müəllimin yanına gedib məsələni onun diqqətinə çatdıraq. Bundan sonra Ağababa müəllimin yanına getdik. Tənəffüs zamanı idi. Ona yaxınlaşanda fikirlərimi sona qədər bildirməyə imkan belə vermədən hər kəsin gözü qarşısında məni təhqir etdi. Dedi ki, özündən Amerika kəşf etmə, qismən təhsil deyilən bir şey yoxdur. Sadəcə sən qaçqın olduğunu üçün bu məsləni həll etdik.

Əvvəla, qismən təhsil deyilən bir şey yoxdursa, o zaman niyə Ağababa müəllim mənə ərizə yazdırırdı?

İkincisi, mən hüquqlarımın təmin olunmasını istəyirəm və qanuna istinad edirəm. Hər kəsin qarşısında aşağılayıcı tonda "sən qaçqınsan ona görə məsələni həll etdik” deyib minnət qoymaq, məni alçaltmaq lazım deyil. Hələ onu demirəm ki, mən qaçqın yox, məcburi köçkünəm. Ermənistanın təcavüzü nəticəsində doğma Zəngilan rayonunu tərk etmək məcburiyyətində qalmışam.

Ağababa İbrahimov bununla kifayətlənməyib mənə qarğış da etdi. Dedi ki, sənə elədiyim hörmət - hansı hörmətdən söhbət gedir bilmirəm - burnundan gəlsin, mən seyidəm Allah sənin bəlanı verəcək”.

Bundan sonra İlkin Hacıyev yenidən Təhsil Nazirliyi ilə əlaqə saxlayıb:

"Nazirlikdən bildirildi ki, məsələ həllini tapacaq. Lakin düşünürəm ki, bu qalmaqaldan sonra Ağababa İbrahimov müxtəlif bəhanələrlə təhsil almağıma mane olacaq. Media vasitəsilə Təhsil naziri cənab Emin Əmrullayevə müraciət edərək bu məsələni şəxsi nəzarətinə götürməsinə xahiş edirəm. Mən əlaçıyam, yerdəyişmə, yaxud qismən təhsil almaq istəyim sadəcə ailə vəziyyətimlə bağlıdır. Qanuni hüququmdan istifadə etmək istəyirəm, amma Ağababa İbrahimov buna mane olur. Faktiki olaraq qanunu saymır. Prezident İlham Əliyev dəfələrlə vəzifəli şəxslərə xəbərdarlıq edib, qanunsuzluq edənlərin sərt cəzalandırlacağını bildirib və biz həbs olunan icra başçılarının timsalında bunun şahidi olmuşuq. Amma deyəsən, Ağababa İbrahimov bütün bunlardan nəticə çıxarmayıb”.

Qaynarinfo məsələ ilə bağlı Ağababa İbrahimovla da əlaqə saxlayıb. O, İlkin Hacıyevin dediklərinin əsassız olduğunu iddia edib:

"Nə istəyir desin. Mən ona elə şey demərəm. Özü deyibsə, Allahı bilər. Yalan danışır, hələ 2 metr də o yana keçir. Qismən təhsil anlayışı yoxdur. Tələbə kredit götürə bilər. Nə qədər istəyir götürsün. Qayıblara gəlincə, dərsə gəlməyən tələbəyə qayıb yazılar da”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...