Gömrük kimlərə işləyir, komitə sədrindən ilginc açıqlama ARAŞDIRMA

Gömrük kimlərə işləyir, komitə sədrindən ilginc açıqlama

“Gömrüyün xəttilə büdcəyə ödənilən vəsaitin ciddi artmasının səbəbi inhisarçılığa və korrupsiyaya qarşı mübarizədir”.

Gundeminfo.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyev iyulun 14-də DGK rəhbərliyinin və “Caspian Energy Club”un üzvlərinin iştirakı ilə keçirilən biznes forumda bu fikirləri səsləndirib.

O bildirib ki, hazırda gömrük-sərhəd keçid məntəqələrində infrastrukturun əsaslı şəkildə yenidən qurulub, ən müasir texniki nəzarət vasitələri ilə təchiz edilib: “Nəticədə sərhədkeçmə proseslərinə sərf olunan 2-3 saatlıq müddət 4-5 dəqiqəyə endirilib, gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti bir istiqamətdə 200 yük nəqliyyat vasitəsindən 700-ə çatdırılıb”.

Səfər Mehdiyev gömrük orqanlarının fiskal sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, maliyyə nəzarətinin gücləndirilməsi, uçotun düzgün qurulması, könüllü riayət mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımlar nəticəsində dövlət büdcəsinə ödənilən vəsaitlərin miqdarında ciddi artım müşahidə olunur. Komitə sədri bu sahədə uğurların əldə olunmasında kölgə iqtisadiyyatının, inhisarçılığın aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin də əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Gömrük sistemində tətbiq edilən layihələrdən, innovativ yeniliklərdən bəhs edən Səfər Mehdiyev “Yaşıl dəhliz” buraxılış sisteminin timsalında bu yeniliklərin sahibkar-məmur təmasının minimuma endirilməsinə, ölkəmizin ixrac potensialının artırılmasına, gömrük sistemində şəffaflığın təmin olunmasına şərait yaratdığını vurğulayıb.

Komitə sədri gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onların gömrüklə bağlı məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Bir sözlə bu adam elə danışıb ki, sanki Gömrük Komitəsinə dünən sədr təyin olunub və təyinatını alan kimi, inhisarçılağa və korrupsiyaya qarşı mübarizəyə başlayıb. Halbuki, Səfər Mehdiyev 2018-ci ildən bu komitənin sədridir. Onun gömrük orqanlarında fəaliyyəti isə 1999-cu ildən başlayır.

1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət edib. Sələfi Aydın Əliyevin dövründə gömrük faktiki onun nəzarəti altında olub. Dolayısıyla, ən azı 16 ildir Azərbaycan gömrüyündə baş verən bütün cinayətlərdə birbaşa Səfər Mehdiyevin də müstəsna xidmətləri var.

Əgər son bir il ərzində bu strukturda həqiqətən də korrupsiya və inhisarçılığa qarşı mübarizə başlayıbsa və bu mübarizənin nəticəsində dövlət büdcəsinə ödəmələrdə artım müşahidə olunubsa, belə çıxır ki, 15 il ərzində Səfər Mehdiyevin himayəsi altında dövlət əmlakı tar-mar edilib.

Maraqlıdır ki, Səfər Mehdiyev “Caspian Energy Club”da bu sözləri dilə gətirdiyi dəqiqələrdə Azərbaycan hüquq-mühafizə orqanlarının anti-korrupsiya əməliyyatı keçirib DG-nin Əməliyyat və İstintaq Baş idarəsinin rəisi, general-mayor Məsum Eynalı oğlu Rəsulovun saxladıqları xəbəri yayıldı.

Bəs, bu Məsum Rəsulov kim olsa yaxşıdır? - Səfər Mehdiyevin sinif yoldaşı. Hətta bəzi iş adamlarının iddialarına görə, Məsum Rəsulov faktiki DG-da Səfər Mehdiyevdən sonra sözü keçən ikinci şəxsdir. “Mənə gömrükdə rüşvəti göstərin, istefa verim”, - deyib gur-gur guruldayan Mehdiyev isə hələ də könüllü şəkildə öz vəzifəsini tərk etmək istəmir. Görünür, adam göbəyini Gömrük Komitəsinin ərazisində basdırıldığını düşünür.

Onun nə düşündüyü öz vicdanına qalıb. Bizi düşündürən isə başqa məsələdir: necə olur, gündə bir generalı korrupisiya ittihamı ilə həbs edilən Səfər Mehdiyevin özü hələ də azadlıqdadır?

Ümidvarıq ki, dəyərli hüquq-mühafizə orqanları bu suala aydınlıq gətirəcək. Yoxsa onlar da Səfər Mehdiyevin 1 illik fəaliyyətini 15 illik cinayətlərinin kəfarətimı sayırlar?

Ovqat.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...