Səfər Mehdiyev getdi, gömrükdəki "Ramal-Trans" hələ də milyonlar toplayır - BU QURUM HANSI OLİQARXINDIR?

Səfər Mehdiyev getdi, gömrükdəki "Ramal-Trans" hələ də milyonlar toplayır -
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində keçirdiyi məlum Generalların həbsi əməliyyatlardan, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra əmin idim ki, heç kimin cürəti çatmaz iş adamlarına qanunsuz tələblər irəli sürsünlər. Bu günlərdə də Komitəyə sual ünvanladım ki, əgər ekoloji faktor əsasdırsa, onda necə olur, 2021-ci il istehsalı olan 50 min ABŞ dollarlıq 2.0 litr hibrid-benzin avtomobilin idxal gömrük rüsumu (4 min AZN) tam elektrik avtomobil rüsumundan (12 min AZN) 3 dəfə azdır.

Gundeminfo.az xəbər verir ki, bu barədə məşhur vəkil Aslan İsmayılov məlumat verib.

Aslan İsmayılov qeyd edib ki, Səfər Mehdiyevin işdən çıxarılmasından sonra hələ də gömrük sistemində sahibkarlara qarşı süni əngəllər yaradıb əlavə pul yığanlar qalmaqdadır.

GUNDEMİNFO.AZ vəkilin açıqlamasındakı iddiaları təqdim edir:

- Elə həmin gün səhifəmə bir müraciət daxil olub. Komitənin yeni rəhbərliyindən xahiş edirəm məsələyə münasibət bildirsinlər.
"E-gov.az portalı vasitəsilə hər zaman etdiyimiz kimi bütün ödənişləri həyata keçirib yükün yoxlanılmasına görə inspektorun ayrılması üçün müraciət etdik və bizə inspektor ayrıldı. İnspektorla danışan kimi bizə bildirdi ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyindən tapşırılıb ki, maşın gəldiyi terminalda açılıb tam boşalmalıdır. Normalda isə qanunvericiliyə əsasən inspektor bizimlə anbarımıza yaxınlaşıb yükə baxış keçirirdi. Yükün İpək Yolu Terminalında tam yoxlanışa boşaldılması isə iş adamına hər yük maşını üçün əlavə 700-800 manat xərc deməkdir. Bu da avtomatik olaraq gətirilən malların qiymətinə təsir edərək süni qiymət artımına gətirib çıxarır. Məsələni araşdırdıqda isə bəlli oldu ki, bu işlərə ödənilən pul heç dövlət büdcəsinə də getmir. Hansısa "Ramal-Trans" adlanan şirkətə ödənilir".

Dünyanın krizisdə batdığı bir dövrdə, daşınma xərclərinin rekord vurduğu bir zamanda iş adamlarından süni maneə yaratmaqla əlavə pul tələb etmələrə son qoyulmalıdır. Mən başa düşə bilmirəm, Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur, yoxsa onlar toxunulmazdır?!

Gundeminfo.az olaraq Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin, eyni zamanda "Ramal-Trans" rəsmilərinin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...