AYB Saday Şəkərli ilə bağlı Əfv Komissiyasına müraciət etdi

AYB Saday Şəkərli ilə bağlı Əfv Komissiyasına müraciət etdi


Azərbaycan Yazıçılar Birliyi hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli ilə bağlı Əfv Komissiyasına müraciət edib.

Bu barədə Trend-ə açıqlamasında S.Şəkərlinin həyat yoldaşı Əminə Şəkərli bildirib. Onun sözlərinə görə, hazırda şəkər xəstəliyindən əziyyət çəkən S.Şəkərli Ədliyyə Nazirliyinin müalicə müəssisəsində saxlanılır, vəziyyəti yaxşı deyil: "Hazırda müalicələri davam etdirilir. Azərbaycan Yazıçılar Birliyi də buna görə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib".


Azərbaycan Yazıçılar Birliyinin katibi, Əfv Komissiyasının üzvü Rəşad Məcid Trend-ə Birliyin sədri adından bu məsələ ilə bağlı Komissiya müraciət edildiyini təsdiq edib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhər sakini S.Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfinin qərardan verdiyi kassasiya şikayətini Ali Məhkəmə təmin etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...