Bu gün yel çərşənbəsidir

Bu gün yel çərşənbəsidir

Bu gün Azərbaycanda yel çərşənbəsidir.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnanca görə, bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Yel çərşənbəsinə el arasında "küləkli çərşənbə”, "külək oyadan çərşənbə”, "yelli çərşənbə” də deyilir. Yel çərşənbəsində adətən hava təmizlənir.

İnsanlar küləyin insanlara xoş və şirin təəssüratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Bu çərşənbədə də hamının həyətində tonqal qalınır. Şifahi xalq yaradıcılığında yelin tanrı olması ilə bağlı nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarı ilə qədim əcdadlarımızın yel tanrısına etiqadı ilə bağlıdır.

Yel çərşənbəsinin xalq təfəkküründəki canlandırılmış obrazı olan Yel baba insanların arzu-diləklərini, niyyətlərini öz nəfəsi - ilıq mehi, xoş havası ilə cana gətirib, əməli cəhətdən həyata keçirən gücün təmsilçisidir.

Yel çərşənbəsi günü evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Bundan başqa, inanca görə Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırırsan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır...

Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 14-nə təsadüf edir. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...