“Pandemiya “Fors-major” halı hesab edilir” - Vəkil

“Pandemiya “Fors-major” halı hesab edilir” -

Koronavirus pandemiyası digər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi münasibətlərə təsirsiz ötüşmədi. Bir çox müqavilə öhdəlikləri məhz pandemiyaya görə tətbiq edilən məhdudiyyətlər səbəbilə yerinə yetirilə bilmir.
Xüsusi karantin rejiminin yumşaldılmasından sonra müqavilə tərəfləri öhdəliklərlə bağlı bir-birinə qarşı tələblər irəli sürməyə başlayıb və bu dövrdə öhdəliyin yerinə yetirilə bilməməsi tərəflər arasında mübahisəyə səbəb olur.
Belə ki, bir çoxları müqavilə şərtlərində nəzərdə tutulmuş “Fors-major” halının karantin rejimi üçün tətbiq edilməsini zəruri sayırlar.
“Fors-major” müqavilələrdə standart şərt kimi yer alır və bu şərtə əsasən, tərəflərin iradəsindən asılı olmayan və qarşısını almağa təsir imkanları olmayan hadisələrlə bağlı yaranmış şəraitdə müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerinə yetirmədikdə tərəflər məsuliyyətdən azad edilirlər.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova “Report”a açıqlamasında bildirib ki, artıq ona bu cür mübahisələrlə bağlı müraciətlər daxil olub.
Sima Yaqubova
Vəkil qeyd edir ki, Azərbaycanın mülki qanunvericiliyində “Fors-major” anlayışı olmasa da, bu norma beynəlxalq hüquqda və işgüzar münasibətlərdə nəzərdə tutulub:
“Həmçinin Azərbaycan qanunvericiliyi icazə verir ki, tərəflər hər hansı müqavilə bağlayanda həmin müqavilənin icrasına dair öhdəliklərlə bağlı razılaşdıqları şərtlər müəyyən etsinlər. O cümlədən də bir çox müqavilələrdə tərəflər könüllü olaraq , “Fors-major” halları müəyyən edirlər. Yəni hazırda real işgüzar münasibətlərdə bu anlayış öz əksini tapır”.
Vəkil bildirir ki, karantin rejimi dövründə “Fors-major” şərtinin tətbiq edilməsi ilə bağlı ona müraciətlər daxil olsa da, məsələ məhkəmə müstəvisinə çıxmadan, məsləhət şəklində həllini tapıb:
“Konkret misal çəksək, özəl uşaq bağçasından müraciət daxil olub. Belə ki, valideynlər əvvəlcədən ödəniş ediblər, amma fors-major halı yarandı və karantin dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı. Valideynlər kütləvi şəkildə həmin ödənişləri tələb etsələr də, sahibkarın hazırda o pulu qaytarmaq imkanı yoxdur. Çünki həmin pulları əvvəlcədən avadanlıq, yemək, əməkhaqqı və s. xərclərə ödəyib və büdcəsində o məbləğ yoxdur. Bu, artıq “Fors-major” halıdır. Amma həmin vaxt pulu ödəmək imkanında olmaması o demək deyil ki, həmin öhdəlikdən azad edilir, sadəcə üzrlü hal olduğu üçün ona möhlət verilməli və gecikmələr əlavə məsuliyyətə səbəb olmamalıdır”.
S.Yaqubova vurğulayır ki, ümumiyyətlə, hüquq təcrübəsinə nəzər saldıqda, pandemiya fors-major halı hesab edilir.
“Çünki bir çox iş yerləri, xüsusilə özəl sektorda sahibkarlıq subyektləri bağlanıb və fəaliyyətsiz qaldıqları üçün qazanc əldə etmək imkanları da məhdudlaşıb. Bunun nəticəsi olaraq da digər kreditorlar qarşısında öhdəliklərinin icrasını gecikdirilər. Səbəb üzrlü olduğu üçün “Fors-major” şərtinə istinad etmək olar.

Yaxud da, digər misala nəzər salaq. Sahibkar biznes fəaliyyəti üçün bankdan kredit götürüb, ancaq pandemiya ilə əlaqədar onun fəaliyyət sahəsi məhdudlaşdırılıb. İşləmədikləri və gəlir əldə etmədikləri üçün kredit borcları, gecikmələri yaranıb. Amma, qeyd etdiyimiz kimi, “Fors-major” şərti onları borcu ödəmək öhdəliyindən azad etmir, sadəcə, öhdəliyin gecikməsinə görə fazilər, dəbbə pulu tutula bilməz və borcluya öhdəliyini ödəmək üçün müddət verilir”- vəkil qeyd edir.
Bəs bu kimi hallarda vətəndaşlar haqsız duruma düşməmək üçün hansı hüquqi addımlar atmalıdır?
S.Yaqubova bildirir ki, əgər pandemiya dövrü ilə əlaqədar tərəfin fəaliyyət sahəsi məhdudlaşdırılıbsa, onlar bu barədə qarşısında borclu olduqları tərəfə - kreditora bu barədə yazılı bildiriş verməlidir:
“Bildirişdə öhdəliyi hansı səbəbdən və hansı müddət üçün icra edə bilmədikləri göstərilməlidir. Bu halda, pandemiya öhdəliyin gecikməsi ilə bağlı mübahisələrdə fors-major halı kimi götürülə bilər” – deyə S.Yaqubova bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...