Zakir Həsənov özünü azərbaycanlı kimi tanıdan ermənilərdən danışdı

Zakir Həsənov özünü azərbaycanlı kimi tanıdan ermənilərdən danışdı

Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Müdafiə naziri Zakir Həsənovla görüşüb.

Nazirliyin mətbuat katibi Samaya Məmmədovanın bildirdiyinə görə, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ilk növbədə layihənin məqsədi, nazirlik tərəfindən vətənpərvərlik sahəsində görülən işlər, artıq 20 ildən çoxdur ki, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyinin əlaqədar qurumlarla birgə həyata keçiridiyi “Şahinlər” hərbi-vətənpərvərlik oyunu, ümumilikdə gerçəkləşdirilən layihə və tədbirlər haqqında qısa məlumat verıb. Nazir müavini bu tədbirlərdə 10 mindən artıq gəncin iştirakının təmin edildiyini bildirib.

Müdafiə naziri Zakir Həsənov vətənpərvərliyin sadəcə əsgərlərin çiyninə düşmədiyini, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətəndaşa aid olduğunu diqqətə çatdırıb.

Çıxışının davamında nazir Zakir Həsənov bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır.

“Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəyini formalaşdırmaqdır. Mütləq şəkildə 2 hədəfimiz olmalıdır. İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam, bir-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq”.

Daha sonra nazir Zakir Həsənov gənclərin Tovuz döyüşləri, Azərbaycanın ordu quruculuğu, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və digər mövzular barədə sualları cavablandırıb.

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...