Yüksək balla Türkiyədə universitetə girdi, imkansızlıqdan oxuya bilmir...

Yüksək balla Türkiyədə universitetə girdi,
Yüksək nəticə göstərərək Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan azərbaycanlı tələbə Ranal Qurbanov iki ildir ki, maddi imkansızlıq səbəbindən təhsilinə başlaya bilmir.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ranal özü məlumat verib. O, 2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək 1600-dən 1530 bal toplayıb.

R. Qurbanovun sözlərinə görə, bir sıra beynəlxalq olimpiadalarda yüksək nəticə göstərib: “2004-cü ildə Lənkəranda anadan olmuşam. Orta təhsilimə həmin rayonda başlamışam. Təhsil həyatım boyu bir neçə yüksək nəticəyə nail olmuşam. V-VI siniflərdə təbiət elmlərinə olan marağımı görən müəllimlərim məni elm olimpiadalarına yönləndiriblər. 2019-cı ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə 3-cü yerə və bürünc medala layiq görülmüşəm. 2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə isə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medallara sahib oldum. 2021-ci ildə Respublika Fənn Olimpiadasında qizil medala layiq görüldüm və əlavə olaraq qızıl medalçılar arasında ən yüksək nəticə göstərdiyim üçün “Birincilərin birincisi” mükafatını qazanıb ölkə birincisi oldum. Həmçinin 2021-ci ildə ABŞ səfirliyinin maliyyələşdirdiyi FLEX proqramını da qazanaraq bir il ABŞ-da təhsil almaq imkanı əldə etmişdim. Həmin ildə Türkiyənin bir neçə nüfuzlu universitetinin tibb fakültələrinə qəbul aldım. Bunların arasında Qazi Universitetinin Tibb fakültəsini seçdim. Ailəmin maddi imkanı olmadığına görə keçən il qəbul olunduğum Qazi Universitetində təhsil ala bilmirəm. Ümid edirəm ki, Azərbaycan adına olan nailiyyətlərimi nəzərə alıb mənə yardım edən olar”.

R. Qurbanov bildirib ki, qəbul olduğu ixtisasa 6 il boyunca illik 6000 manat vəsait lazımdır. Gənc tələbə dövlət hesabına xaricdə təhsil proqramına müraciət edib. Lakin ixtisası prioritet sayılmadığı üçün müraciətinə müsbət cavab ala bilməyəcəyini düşünür.

Qeyd edək ki, R. Qurbanov 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 1-ci sinfinə gedib. Daha sonra təhsilini Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə davam etdirib və həmin məktəbi bitirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...