Naxçıvanda daha bir bəbir aşkarlanıb FOTO

Naxçıvanda daha bir bəbir aşkarlanıb


Naxçıvan Muxtar Respublikasının Arazboyu yasaqlığında noyabrın 25-də daha bir erkək bəbirin fotoşəkilləri qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində Arazboyu yasaqlığında quraşdırdığı foto-tələlər vasitəsilə əldə etmək mümkün olub. Bu, Muxtar Respublika ərazisində görüntüyə gələn dördüncü bəbir fərdidir.

Ümumiyyətlə isə mütəxəssislər son 4 ildə Qafqaz bəbirlərinin Azərbaycan ərazisində öz areallarına qayıtması prosesinin intensivləşdiyi qənaətindədir. Buna qədər bəbirlərin görüntüləri 2012-ci ilin sentyabrında, 2013-cü ilin fevral-mart aylarında və 2014-cü ilin yanvar ayında Həsən Əliyev adına Zəngəzur Milli Parkında, 2012-ci ilin oktyabrında və 2013-cü ilin may ayında isə Hirkan Milli Parkında qeydə alınıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA beynəlxalq ekoloji kampaniyasının dəstəyi, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birgə həyata keçirilən bəbirlərin populyasiyasının bərpası layihəsi öz nəticələrini verir. Aparılan monitorinqlər nəticəsində bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarında fotoşəkilləri çəkilib. Nəticədə ölkənin müxtəlif areallarında bəbirlərin sayında artım müşahidə olunaraq, davamlı populyasiyasının yarandığı faktlarla sübuta yetirilib.

Mütəxəssislərin rəyinə görə, Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesi heç də təsadüfi xarakter daşımır. 2000-ci illərin əvvəlinə kimi respublikada bəbirin mövcudluğu barədə ciddi elmi məlumat olmayıb. Lakin son 15 ilin tədqiqatları Azərbaycanda bəbir populyasiyalarını 3 ərazidə Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda müəyyən etməyə imkan verib.

İ. İbrahimova bildirib ki, son bir neçə ildə artıq dəfələrlə qeydə alınan nadir fauna növlərinin görüntüləri faktı ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlərin bəhrəsidir. Eyni zamanda xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirməsindən, intensiv ekoloji maarifləndirmə işlərinin aparılmasından və nəticə etibarilə bəbirin yaşaması, çoxalması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1077 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...