Tərtərdə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilib

Tərtərdə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilib
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin Akt zalında akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, səhiyyə, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə akademik Zərifə xanım Əliyevanın, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət himni səsləndirilib.
Tədbir iştirakçıları öncə Zərifə xanım Əliyevaya həsr olunmuş video çarx izləyiblər.
Rayon icra hakimiytyətinin başçısı Müstəqim Məmmədov Akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə çıxış edərək bildirib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarəsində “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.
Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adını almışdır.
YAP rayon təşkilatının sədri Eldar Əsədov “Milli mənəvi dəyərləri özündə birləşdirən böyük alim”, rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Sərxan Cəlahani “Tibb elmində öz dəsti xətti olan novator alim”, xəstəxananın baş həkimi Bəkir Nağıyev “Görkəmli alim, qayğıkeş ana”, rayon mərkəzi xəstəxanasının oftomoloqu Yeganə Əlişova “Zərifə xanım görkəmli şəxsiyyətlərin xatirələrində” və xəstəxananın fizoterapeya kabinetinin müdiri Zəhra Hüseynova “Zərifə xanım Əliyeva doğmalarının yaddaşında” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyi qeyd olunub. Bildirilib ki, Zərifə xanım Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.
Tədbirin sonunda bir qrup səhiyyə işçisinə YAP rayon təşkilatı tərəfindən üzvlük biletləri və Fəxri Fərman təqdim olunub.

Tərtərdə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilib
Tərtərdə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...