“Əsl və saxta mal yanaşı satılır, distribütör buna göz yumur” - Açıqlama

“Əsl və saxta mal yanaşı satılır, distribütör buna göz yumur” -
Xəbər verdiyimiz kimi, mayın 4-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.
Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakupost.az -a açıqlamasında bildirib ki, son 2 ildə insanların illərdən bəri istifadə etdikləri keyfiyyətli və bahalı markalara olan inamından külli miqdarda qazanc əldə edən böyük bir qrup, dəstə meydana çıxıb. Bu dəstənin üzvləri brend yuyucu və gigiyenik vasitələrin adı altında, yaxud həmin adla demək olar ki, eynilik təşkil edən saxta və keyfiyyətcə on dəfələrlə geri qalan, qiymətcə əsl maldan 2-3 dəfə ucuz məhsul buraxaraq əhalini aldatmaqla məşğuldur. “Calgon”, “Ariel”, “Fairy”, “Pantene”, “Vanish” və digər brend firma məhsulları ilə eyni adda, yaxud onlara çox bənzəyən adlar altında istehsal olunan bu məhsullar məhəllə marketlərlərinə, bazar və yarmarkalara, metro çıxışlarına, həyətlərə daşınaraq çox rahatlıqla satılır. Hətta son zamanlar həmin məhsullardan iri supermarket şəbəkələrinə ayaq açanları da var:
“Bu keyfiyyətsiz və saxta məhsullar Bakıətrafı ərazilərdə qanunsuz olaraq istehsal edilir. Heç bir nəzarət, yoxlama olmadan, hər hansı standartlar gözlənmədən necə gəldi istehsal edilən yuyucu və gigiyenik vasitələrdən istifadə insan sağlamlığı üçün çox böyük təhlükədir. Belə saxta məhsullarla bağlı AİB-ə çoxsaylı müraciətlər daxil olur. Bəzən o məhsulların yerli distribütörləri də saxta malların satışında maraqlı olurlar. Bəzən əsl malla saxta mal yanaşı satılır, distribütör buna göz yumur. Burada da məqsəd daha çox gəlir əldə etməkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...