Nağd 100, ipoteka ilə 200 min – Azərbaycanda dodaquçuqladan faizlər

Nağd 100, ipoteka ilə 200 min –
Ölkədə ipoteka ilə mənzil almaq, sözün əsl mənasında müşkülə çevirilib. İpoteka ödənişlərinin və faizlərin yüksək olması əksər vətəndaşlar üçün çıxılmaz vəziyyət yaradır. Kredit müddəti uzandıqda isə, ödəniləcək məbləğin dəyəri faizlərlə birlikdə alınan mənzilin ümumi dəyərindən minimum 2 dəfə daha baha olur. 100 min manat civarında olan mənzilin ipoteka ilə qiyməti təxminən 200 manata başa gəlir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu digər ölkələrlə müqayisədə Azərbaycanda ipoteka faizlərinin xeyli yüksək olması ilə bağlıdır:

“Bu məsələyə 2 aspektdən baxmaq lazımdır. Birincisi, Azərbaycanda ipoteka faizlərinin yüksək olması məsələsidir. Ölkəmizdə ipoteka faizləri olduqca yüksəkdir. Biz alternativ bazarlarla müqayisə etsək, dünya ortalaması təxminən 2.62 faizdir. Bu Avropa ölkələrində 2, 2.5 faiz, ABŞ-da isə 3 faiz ətrafında olur. Azərbaycanda isə ipoteka faizləri Avropa və ABŞ-dan olduqca yüksəkdir. Bunun səbəbi vəsaitin xərci məsələsidir. Çünki İpoteka Fonduna yalnız güşətli ipotekanın verilməsi məqsədi ilə vəsait ayrılır və bu maksimum 4 faizlə olur. Adi ipoteka üçün isə vəsait bazardan cəlb edilməlidir. Cəlb edilən vəsaitin isə xərci vardır. Bu gün ölkədə uçot faiz dərəcəsi 7.25 faizdir. Hansı ki bəzi ölkələrdə bu rəqəm 0, 0.5 faiz ətrafında dəyişir. Belə olduğu təqdirdə daha aşağı xərclə vəsait cəlb etmək olur. Amma Azərbaycanda mövcud maliyyə mənbələrinin imkanlarını nəzərə alsaq, İpoteka Fondu bu vəsaiti cəlb edəndə daha yüksək faizlərlə cəlb etmiş olur. Burada xərclər onun üzərinə əlavə edilir”.

Ekspert qeyd edib ki, ipoteka kreditinin müddətinin uzanması pulun öz dəyərini itirməsi ilə nəticələnir:

“Bildiyiniz kimi, burada prosesi icra edən tərəf banklardır. Banklar uzunmüddətli dövrdə məsuliyyəti tam üzərinə götürür. Çünki bizdəki dövlət ipoteka mexanizminə görə, məsuliyyət və ipotekanın gələcəyi tam olaraq bank sektoruna transformasiya olunur. Bank sektoru risklərə görə məsuliyyət daşıyır. Bu məsuliyyətin qarşılığında təbii ki, bank da 3-4 faizli marjasını ipotekanın üzərinə əlavə edir. Pul uzunmüddətli dövrdə öz dəyərini itirir. Biz mənzil alarkən vətəndaşın 2 dəfə daha artıq pul ödədiyini deyirik, amma 25-30 il ərzində həmin vəsaitlər olduqca dəyərsizləşir. Belə olduqda vətəndaşın 120 min manata aldığı mənzil 30 il sonra 250-300 min manat olur. Bununla bağlı hansısa addımlar atmaq olar. Bu barədə resurslar araşdırılmalıdır. Faizlərin aşağı düşməsi üçün dövlət hesabına olan təminata daha çox üstünlük verilməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
203 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...