Məhkəmə “Azəriqaz”ın “Paşa İnşaat”a yazdığı 72 min manatlıq qaz borcunu sildi

Məhkəmə “Azəriqaz”ın “Paşa İnşaat”a yazdığı 72 min manatlıq qaz borcunu sildi
Bakı Kommersiya Məhkəməsi “Azəriqaz” İB-nin “Paşa İnşaat” MMC şirkətinə hesabladığı 72 min 418 manat məbləğində borcun silinməsi haqqında qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, “Azəriqaz” İB barəsində qaldırılan iddiaya hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılıb.
“Paşa İnşaat” MMC (İddiaçı) “Azəriqaz” İB-yə (Cavabdeh) qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq hesablanan 72 min 418 manat borcun silinməsi, vəkilə ödənilən 220 manat xidmət haqqının və iddiaçı tərəfindən ödənilən 307,25 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
İddia ərizəsi onunla əsaslandırılıb ki, “Paşa İnşaat” MMC ilə “Azəriqaz” İB arasında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 205 ünvanında yerləşən “Olympic Residence” yaşayış kompleksinin qazla təchiz edilməsi üçün 2018-ci il tarixində qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX2/2939 saylı müqavilə imzalanıb. Müqavilə çərçivəsində 10/23915 saylı abonent kodu üzrə göstərilən layihəyə qaz təchiz edilməkdədir. Buna baxmayaraq, iddiaçı ilə cavabdeh arasında göstərilən layihə üzrə 2013-cü ilin oktyabr ayından etibarən hesablaşmalar aparılmaqdadır. Qeyd edilir ki, 2018-ci ilin dekabr ayında hər hansı əsas göstərmədən iddiaçıya 72 min 418 manat məbləğində əsassız borc hesablanıb. İddia ərizəsinə qoşma olaraq təqdim edilən abonentin saldosu sənədinə baxdıqda görünür ki, cavabdeh tərəfindən müvafiq sərfiyyatlara uyğun hesablanan bütün məbləğlər abonent tərəfindən ödənilib. Yalnızca əsassız tətbiq edilən 72 min 418 manat məbləğ ödənilmədən hər dəfə növbəti dövrə ötürülüb. Hesablanmış bu əsassız borcun silinməsi üçün iddiaçı tərəfindən cavabdehə məktubla müraciət edilib, lakin cavabdeh tərəfindən məktuba heç bir reaksiya göstərilməyib və cavablandırılmayıb. Qeyd edilir ki, layihənin idarə edilməsi üzrə hüquq və öhdəliklər 2023-cü ilin yanvarın 1- dən etibarən başqa bir şirkətə ötürülüb. Hazırda layihənin idarəedilməsi həmin şirkətdə olduğu halda 10/23915 saylı abonent kodu üzrə bütün qaimələrin və hesabfakturaların “Paşa İnşaat” MMC-yə gəlməsi iddiaçını maliyyə cəhətdən çətin vəziyyətə salır.
Məhkəmə iddiaçının iddiasını təmin edərək əsassız olaraq hesablanan 72 min 418 manat borcun silinməsi öhdəliyini “Azəriqaz” İB-yə həvalə edib. Bundan başqa “Azəriqaz” İB-dən 307,25 manat dövlət rüsumu, 220 manat hüquqi yardıma görə xərc, ümumilikdə 527,25 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...