Komitə sədri diaspor təşkilatlarına səsləndi

Komitə sədri diaspor təşkilatlarına səsləndi

"Azərbaycanda keçiriləcək I Avropa Oyunları ölkəmizin tarixində mühüm hadisələrdən biri kimi yadda qalacaq. Bu, tarixi əhəmiyyətə malik olan bir tədbirdir və hesab edirik ki, bu oyunların Azərbaycanda təşkil olunması ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza və etimada sahib olduğunu bir daha təsdiq edir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, Avropa Oyunları ərəfəsində ölkəmizə və dövlətimizə qarşı qarayaxma kampaniyası getdikcə şiddətlənən və bütün diplomatik etiket normalarını aşan xarakter almaqdadır".

Bunu APA-ya açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən bəzi siyasi dairələr erməni lobbisi və diasporunun təhriki ilə bu tarixi hadisənin əhəmiyyətini kiçiltmək, beləliklə də, Azərbaycan üçün yaranmış çox geniş və əlverişli təbliğat imkanını məhdudlaşdırmaq üçün bütün səylərini səfərbər ediblər. O, Avropa Parlamentində baş vermiş son hadisələrin, İFEX kimi daim Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirmiş təşkilatın yaydığı bəyanatın da bunun əyani sübutu olduğunu vurğulayıb: “Bu və buna bənzər digər açıqlamalar, bəyanatlar, kampaniyalar Azərbaycan xalqının, xarici ölkələrdə yaşayan soydaşlarımızın dünyada ədalətin və obyektivliyin olduğuna dair şübhələrini daha da dərinləşdirir, ikili standartların mövcudluğunu bir daha təsdiq edir. Biz başa düşürük ki, Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olan I Avropa Oyunları bizim uğurlarımıza, nailiyyətlərimizə sevinməyən, Azərbaycan xalqını özünə dost hesab etməyən ayrı-ayrı təşkilatların, qrupların, siyasi dairələrin təqdirini qazana bilməz. Lakin bu qarayaxma kampaniyasına dünyada mədəniyyətlərarası dialoqu, xalqlar arasında dostluğu, sülhü, mədəni, sosial və iqtisadi inkişafı təbliğ etdiyini iddia edən təşkilatların qoşulması tamamilə anlaşılmazdır”.

Komitə sədri diaspor təşkilatlarının Avropa Oyunları ilə bağlı müxtəlif ölkələrdə təqdimatlar təşkil etdiyini, təbliğat xarakterli tədbirlər keçirdiyini söyləyib. O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək Azərbaycana qarşı aparılan kampaniyalara etirazlarını bildirməyə çağırıb: “Bütün dünya azərbaycanlılarına müraciət edərək xalqımıza, ölkəmizə və dövlətimizə qarşı başladılan bu qərəzli kampaniyanı ifşa etmək üçün imkanlarını səfərbər etməyə çağırırıq. Azərbaycan diaspor təşkilatları bu kampaniyalara biganə qalmamalı və fəaliyyət göstərdikləri ölkələrin qanunlarına uyğun şəkildə öz etirazlarını bildirməlidir. Hesab edirəm ki, dünyanın hansı ölkəsində yaşamasından, ictimai statusundan, fəaliyyət sahəsindən asılı olmayaraq bütün həmvətənlərimiz bizim bu çağırışımıza qoşulacaq, bu böyük tarixi hadisə ərəfəsində öz doğma vətəninin və xalqının yanında olduğunu bir daha sübut edəcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...