Mərdəkan sakinləri zibilləri öz maşını ilə Bakıya daşıyır

Mərdəkan sakinləri zibilləri öz maşını ilə Bakıya daşıyır

Xəzər rayonunun Mərdəkan qəsəbəsində sakinlər məişət tullantılarını hara atacaqlarını bilmirlər. Çünki bu ərazidə zibil qutuları demək olar ki, yoxdur.

Bu səbəbdən Mərdəkanda bağ evlərinin yerləşdiyi ərazidən Şüvəlan istiqamətinə uzanan asfalt yolun ətrafı məişət tullantıları ilə doludur. Virtualaz.org saytının fotoreportyorunun həmin ərazidə çəkdiyi fotolar yol kənarına atılan tullantıların elə orada da qaldığını, heç yerə daşınmadığını da göstərir.
Şüvəlan istiqamətinə uzanan yolun əks tərəfində yalnız bir zibil qabı var ki, bu da ərazidə yerləşən bağlarda yaşayan sakinlər üçün əlverişli yerdə deyil.

Bu vəziyyətin yaranmasının səbəblərini öyrənmək, problemin nə vaxt həll ediləcəyini aydınlaşdırmaq üçün Xəzər Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxladıq.

RİH-dən virtualaz.org saytının sorğusuna cavab olaraq bildirdilər ki, bu işlə 130 saylı Mənzil Kommunal İstismar İdarəsi məşğul olur.

İdarənin özünü təqdim etmək istəməyən xanım işçisi isə sözügedən ünvana bir yox, bir neçə Mənzil İstismar İdarəsinin (MİS) cavabdeh olduğunu bildirdi: “Həmin yerdə həm bağ evləri, həm də digər yaşayış evləri yerləşir. Yəni burada müxtəlif ünvanlara bir neçə JEK baxır. Ona görə də konkret heç nə deyə bilmirik”.

Görünən odur ki, Xəzər rayonunda fəaliyyət göstərən 7 Mənzil Kommunal İstismar İdarəsi bu yolda zibil qablarının yerləşdirilməsi işini bir-birinin üzərinə atmaqla məşğuldur.

Ərazidə yaşayan sakinlərin bəziləri çıxış yolu taparaq zibilləri maşınlarının baqajında şəhərə daşısalar da çarəsiz qalanlar elə ətrafa tullayır. Nəticədə Mərdəkandan Şüvəlan istiqamətinə 3 il əvvəl çəkilən yeni asfalt yolun ətrafı ısl zibilxanaya çevrilib. Havalar istiləşdikcə bu ərazidən keçmək isə mümkünsüz olub. Ətrafa yayılan üfunət qoxusu və çirkab Bakının dəniz mənzərəli qəsəbəsinin görüntüsünü bərbad hala salıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1277 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...