Azərbaycanlılar Avropa Məhkəməsinə 100 minlərlə şikayət göndərib - RƏSMİ

Azərbaycanlılar Avropa Məhkəməsinə 100 minlərlə şikayət göndərib -

Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı barədə məlumat vermişdik.

Qərar iyunun 16-da elan edilib. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.

İddiaçıların “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya çərçivəsində bir sıra hüquqlarının (mülkiyyətin qorunması hüququ (1 saylı Protokolun 1-ci maddəsi), şəxsi həyata və ailə həyatına hörmət hüququ (Konvensiyanın 8-ci maddəsi) və səmərəli hüquqi müdafiə vasitələri hüququ (Konvensiyanın 13-cü maddəsi)) Ermənistan tərəfindən pozulmasının davam etdiyi bildirilib, Məhkəmə iddiaçıların xeyrinə qərar verib. Bundan əlavə, Məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunu davamlı inkarına birdəfəlik son qoyub.

Amma bu, Azərbaycandan olan məcburi köçkünlərin Avropa Məhkəməsinə göndərilən yeganə müraciət deyil.

Azərbaycandan Avropa Məhkəməsinə kütləvi müraciətlər olub. Məlumatı Modern.az saytına İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da təsdiqləyib. O, bildirib ki, məhkəmənin bu qərarı Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir.

“Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində bizim vətəndaşlar cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidirlər. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq. Bu, əlbəttə, presedentdir. Bizim yüz minlərlə məcburi köçkünümüz Avropa Məhkəməsinə müraciət edib. Məhkəmənin çıxardığı bu qərar sonrakı mərhələdə də şikayətlərin baxılmasında əhəmiyyətli rol oynayacaq”.

Məsələnin kütləvi hal almasını təsdiqləyən Çingiz Əsgərov bildirib ki, 2005-ci ildə verilən on minlərlə şikayətlər var: “Artıq üzərindən 10 il keçib. Sadəcə, laçınlı köçkünlərin şikayətinə birinci olaraq baxılıb. Qalan şikayətlərə də baxılmalıdır. Burada tək mülkiyyət hüququ deyil, şəxsi həyata hörmət hüququ, yəni öz evində yaşamaq, ata-babalarının qəbirlərini ziyarət etmək və digər bu kimi hüquqların pozulması müəyyən edilib. Əlbəttə, bu, Ermənistan üzərində müəyyən öhdəliklər müəyyən edəcək”.

Son məlumatlara görə, azərbaycanlı məcburi köçkünlərin əksəriyyəti pozulmuş hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə müraciət göndərməkdə davam edirlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...