Nardarandakı “Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan qaz veriləcək

Nardarandakı “Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan qaz veriləcək


Bakı şəhərinin Nardaran qəsəbəsindəki “Rəhimə xanım ziyarətgahı” məscidinə sabahdan etibarən təbii qaz veriləcək.
Bunu “Report”a məscidin axundu Musa Rza bildirib.


O qeyd edib ki, məscidin qazı 2015-ci ilin dekabrından kəsilib. M.Rza deyib ki, yeni qaydalara görə, məscid Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınmalı idi: “Biz də qeydiyyatla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Müraciətimiz müsbət cavablandırıldı və bu ilin sentyabr ayında məscid qeydiyyata alındı. Sonra texniki şərtlərin alınması üçün ASAN Xidmətə müraciət etdik”.

Onun sözlərinə görə, ASAN Xidmət bu gün texniki şərtləri təqdim edib və həmin texniki şərtlərin alınması ilə bağlı arayış "Azəriqaz"a göndərilib: “İstehsalat Birliyindən sabah qazın verilişinin təmin olunması ilə bağlı məlumat verilib”.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin orta illik qaz sərfiyyatı 1 953 kubmetr olduğu halda İstehsalat Birliyi tərəfindən hər bir məbədə illik 5 min kubmetr limitin əvəsiz verilməsi həyata keçirilir: “2016-cı il noyabrın 1-ə olan məlumata əsasən, bu çərçivədə 378 məscid və dini məbədin təbii qazdan əvəzsiz istifadəsi üçün 1 890 000 kub metr limit ayrılıb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi insanların dini inanclarından asılı olmayaraq hər bir məbədə hörmətlə yanaşır”.

Qurumun mətbuat xidmətindən bildirilib ki, “Rəhimə xanım ziyarətgahı” məscidinin qazla təmin edilməsi ilə bağlı müraciət təqdim olunandan sonra "Azəriqaz" məscidin tez bir zamanda təbii qazla təmin olunması üçün bütün köməkliyi göstərəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...