İlham Əliyev nədən növbədənkənar seçkiyə ehtiyac duydu? - Politoloq TƏHLİL EDİR

İlham Əliyev nədən növbədənkənar seçkiyə ehtiyac duydu? -

Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla növbədənkənar prezident seçkilərinin tarixi 2018-ci il aprelin 11-nə təyin olunub.

Modern.azın məlumatına görə növbədənkənar seçkilərin aprelin 11-də keçirilməsinə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da münasibət bildirib. Politoloqun qənaətinə görə, prezidentin qərarının arxasında iki amil dayanır:

“Hazırda ölkədə siyasi sabitlik var, iqtisadiyyat və sosial həyatda ciddi problemlər yoxdur, əksinə prezident də son toplantılarda vurğulayıb ki, 2017-ci il Azərbaycan üçün uğurlu keçdi, qeyri-neft sektoru inkişaf edir, 4 milyard dollar əlavə vəsait qazanılıb, manat sabitliyini qoruyur”.

Belə isə nədən İlham Əliyev növbədənkənar prezident seçkisinə ehtiyac duydu?

Politoloq bunu belə təhlil edir:

“Birinci amil ölkədəki sabitliyin qorunmasıyla bağlıdır. Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil. Ətraf toz-dumandır. Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi.

İkinci amil xarici təhlükə ilə bağlıdır. 2013-cü il prezident seçkisində Rusiyadakı mərkəzlər müdaxilə planı hazırlamış, Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etmişdi. Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və hakimyyəti rahatladı. Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq.

Üçüncü amil Azərbaycanda may ayında Cumhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir. Prezident bu tədbirləri may ayında daha güvənilir şəkildə keçirmək istəyir. Üstəgəl mayın 28-də böyük amnistiya nəzərdə tutulub. Həmin amnistiya siyasi məhbus kimi qiymətləndirən bir çox şəxsə şamil edilə bilər. Məsələn, prezident seçkisinin aprel ayında təyin edilməsi Respublikaçı Alternativ Hərəkatının lideri İlqar Məmmədovun may ayında azad olunması ehtimalını artırır. Əks halda İlqar Məmmədov mayda əfvdən sonra oktybar ayında prezident seçkisində iştiraka hazırlaşacaqdı. Belədə isə o prezident seçkisində iştirak etməyəcək. Rusiyanın öz oyunları olduğu kimi Qərbdəki mərkəzlərin də seçkiyə hazırlaşan İlqar Məmmədova dəstəyi arta bilərdi. Prezident növbədənkənar seçki təyin etməklə Qərbdəki mərkəzlərin də seçkiyə müdaxiləsi imkanlarını minimum endirdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...