Əziz Qaralov: "Bayılda tikinti aparmaq birdəfəlik qadağan olunmalıdır"

Əziz Qaralov: "Bayılda tikinti aparmaq birdəfəlik qadağan olunmalıdır"

"Bayılı yükləmək olmaz. Bura sürüşməyə meyilli, təhlükəli ərazidir. Orada tikinti işlərinin aparılması birmənalı qadağan olunmalıdır".

Bu barədə Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O, bildirib ki, hazırda çatlar çox böyükdür, bu səbəbdən də ölçü aparmaq qorxuludur.

"Hazırda Bayılda çatlar elədir ki, indi kütlənin üzərinə çıxıb ölçü aparmaq həm düzgün deyil, həm də qorxuludur. Ölçü aparmaq istəsək belə nəticələr düzgün çıxmaya bilər. Yəni, biri var ki, mayak qurulur və onun üzərində 1 mm də dəyişiklik olanda bilinir, amma orada çatlar elə bir vəziyyətdədir ki, mayak qurub, müşahidə aparmaq müşküldür. FHN topoqrafik müşahidə aparır. Bununla hərəkəti müşahidə etmək olur. Onlar cihaz qoyublar və onun vasitəsilə daimi müşahidə edə bilirlər".

Qurum rəsmisi dünyada baş verən sürüşmələrin 80 faizinin insan amili ilə bağlı olduğunu diqqətə çatdırıb:

"Dünyada baş verən sürüşmələrin 80 faizi antropogen, yəni insan amili ilə əlaqəlidir. Yəni, insanın təbiətə müdaxiləsi nəticəsində baş verir. Təbiətə müdaxilə dedikdə, yamaclarda, sürüşməyə meyilli ərazilərdə yamacın kəsilməsi, yamacın yüklənməsi, yol çəkilərkən layihənin müddəalarına əməl olumaması, ifrat dərəcədə suvarma, kanalizasiya sisteminin olmaması və s. nəzərdə tutulur. Təbiətə də şüurlu müdaxilə edilməlidir. Dünyada insanların sayı artır, bununla əlaqədar olaraq şəhərlərin, qəsəbələrin də sayı artır, yol çəkilişləri çoxalır və s. Bunlar da təbiətə müdaxiləyə gətirib çıxarır. Bu səbəbdən də təbiətə savadlı şəkildə müdaxilə edilməlidir ki, təbii fəlakətlər baş verməsin".

Ə.Qaralov bildirib ki, istənilən icra qurumu torpaq verərkən sürüşmə yerlərinin olduğu xəritəyə zəhmət çəkib baxmalı və layihələr də ona müvafiq hazırlanmalıdır:

"Bayılda ilk belə hadisələr qeyd olunan məlumatlara əsasən 1847-ci ildə olub. Təbii ki, ondan əvvəl də baş verib. Həmin dövrdə hələ Bayıl yamacında bu qədər yüklənmə yox idi, insanlar bu qədər məskunlaşmamışdı. Sadəcə olaraq həmin ərazi tektonik cəhətdən sürüşməyə meyilli ərazidir. İndiki dövrdə də müdaxilə olunanda bu proses sürətlənir. Bizim ekspedisiya qrupu tərəfindən Azərbaycan ayrı, Abşeron yarımadası da ayrı olmaqla sürüşməyə meyilli ərazilərin atlasları tərtib olunub və Nazirlər Kabineti tərəfindən də təsdiqlənib. Orada bu günə qədər respublika ərazisində baş vermiş sürüşmə yerlərinin konturları və coğrafi koordinatları qeyd olunub, həmçinin müvafiq qurumlara da paylanılıb. İstənilən rayonun icra strukturu torpaq verilərkən zəhmət çəkib həmin xəritəyə baxmalıdır ki, ərazi sürüşməyə düşür, ya düşmür. Əgər sürüşməyə düşürsə, Nazirlər Kabinetinin qərarı var ki, sürüşməyə meyilli ərazilərdə hər hansı bir infrastruktur inşa olunacaqsa, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq arayışı olmalıdır. Həmin arayışa uyğun olaraq da ora layihələndirilərkən sürüşmə amili nəzərə alınmalıdır. Yəni, istifadə olunacaq materiallar, plan və s.

Qurum rəsmisi həmçinin vurğulayıb ki, Bayıl təhlükəli ərazidir və orada inşaat işlərinin aparılması birdəfəlik qadağan olunmalıdır:

"Bayılı yükləmək olmaz. Orada hər hansısa inşaat işləri aparmaq düzgün deyil. Hazırda sürüşmənin baş verdiyi ərazini biz 2004-cü ildə hesabatımızda qeyd edib, böyük bir xəritə tərtib etmişik və Nazirlər Kabinetinin 56 saylı qərarı ilə də təsdiq eolunub. Onun sərhədləri də, coğrafi koordinatları da var. Göstərmişik ki, bura sürüşməyə meyilli, təhlükəli ərazidir. Bu ərazidə tikinti işlərinin aparılması birmənalı qadağan olunmalıdır. Bu gün baş verən sürüşmə də həmin konturun daxilindədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...