“Azərsu” ittihamlara cavab verdi

“Azərsu” ittihamlara cavab verdi

Anar Cəbrayıllı: “Bakının elə yerləri var, 40-50-ci illərdə çəkilmiş borular istismar olunur...”

Ötən sayımızda içməli suyun tərkibi ilə bağlı əhalinin narazılıqlarından bəhs etmişdik. Xatırladaq ki, Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan insanlar evlərə verilən suyun keyfiyyətindən narazılıq edirlər. Narazılıqlar daha çox suyun bulanıq gəlməsindən, tərkibində qum dənələri, müxtəlif hissəçiklərin olması üzündən su krantlarının tez sıradan çıxması ilə bağlı olur.

Hətta Bakının ətraf qəsəbələrindən olan vətəndaşlar su borusu ilə gələn qırıntılar üzündən su sayğaclarında tez-tez problemlərin yaşanmasından şikayət edirlər. Bundan əlavə, paytaxtın bir çox ərazilərində əhaliyə hələ də şor su - quyu suyu verilir.

Bu məsələlərlə bağlı “Yeni Müsavat”ın sorğusunu cavablandıran “Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirir ki, Xəzər rayonu ərazisində şor su alan xeyli ərazini şirin su ilə təchiz ediblər: “2013-cü ildə Bakı ətrafında Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan bütün ərazilərin su təchizatı bizə verilib. ”Ceyranbatan-Zirə" magistral xətti istifadəyə veriləndən sonra xeyli ərazini şirin suya keçirmişik. Hazırda şor suyu Binə qəsəbəsinin bir hissəsi, Buzovna qəsəbəsinin bir hissəsi, Mərdəkanın bir hissəsi və “Şimal DRES” qəsəbəsi alır. Dübəndi, Gürgən, Pirallahı tamamilə, yuxarıda adlarını çökdiyimiz qəsəbələrin əsas hissələrini şirin su ilə təchiz etmişik. Bu istiqamətdə işlər davam etdirilir".

Şöbə müdiri deyir ki, “Azərsu”nun 2035-ci ilədək olan dövrü əhatə edən master-planı hazırlanıb: “Həmin planda bizim görəcəyimiz bütün işlər əksini tapıb. Plana görə, 7 min kilometrdən artıq yeni magistral və paylayıcı su xəttinin çəkilməsi nəzərdə tutulur. Bunun bir hissəsi yeni yaradılan qəsəbələrin su təchizatı sistemini əhatə edəcək, qalanı isə köhnə xətlərin yenilənməsi hesabına olacaq. Məsələn, biz bu gün Bakının Babək prospektində 1940-50-ci illərdə çəkilmiş çuqun boruların yenisi ilə əvəz olunmasını həyata keçiririk. Bu zaman 2035-ci ilədək olan inkişafı nəzərə alaraq 1000 millimetrlik xətt çəkirik. Nəzərə alırıq ki, orada gələcəkdə Ağşəhər salınacaq, ərazidə binalar tikiləcək, yeni istifadəçilər yaranacaq.”

A.Cəbrayıllının dediyinə görə, hazırda da Bakının elə yerləri var ki, 40-50-ci illərdə çəkilmiş çuqun borular istismar olunur: “Bakı şəhərində yenilənmiş xətlərlə köhnə xətlərin nisbəti təxminən 50/50-yə olar. Bu da son illərdə aparılan yenilənmə işlərindən sonra əldə olunan nəticədir, əvvəlcə vəziyyət daha pis idi. Bakının, Abşeronun bir sıra ərazilərində elə yaşayış massivləri var ki, su təchizatı şəbəkəsini insanlar özləri çəkiblər. Binəqədi, Masazır qəsəbələrinin bir hissəsi, Sulutəpə qəsəbəsi demək olar ki, bütünlüklə sakinlərin özlərinin çəkdiyi su xətləri hesabına su ilə təmin olunur. Yəni bunları da əlavə etsək, daha böyük rəqəm alınar. Bakıda 2 minə yaxın 5-9 mərtəbəli binanın su təchizatı sistemini tam yenidən qurmuşuq. Qalan binalarla bağlı da işlərimiz davam edir. Təsəvvür edin ki, Bakıda elə ərazilər var ki, binalar 70-80-cı illərdə çəkilmiş şəbəkə ilə təchiz olunur. Belə köhnə şəbəkələr itkiləri də artırır, qəzaların da sayı çox olur, narazılıqlar da. Elə xətlər var ki, həftənin 3-4 günü qəza baş verir. Amma biz dövlət təşkilatıyıq, Bakıda bütün gördüyümüz işlər dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Dövlət də maliyyə təminatı imkan verdikcə vəsait ayırır. Elə bu yaxınlarda cənab prezidentin sərəncamı ilə buna daxili kommunikasiyaların yenidən qurulması və sayğaclaşma üçün 15 milyon manat ayrıldı”.

“Azərsu” rəsmisi verdikləri suyun keyfiyyətli olduğuna əmindir: “Bu gün bizim mənbələrimizdən gətirib magistral kəmərlərə vurduğumuz suyun tərkibində keyfiyyət göstəriciləri baxımından demək olar ki, heç bir problem yoxdur. Mütəmadi olaraq Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafiklə müxtəlif nöqtələrdə sudan nümunələr götürülüb yoxlanılır və demək olar ki, heç bir kənarlaşma qeydə alınmır. Sakinlərin narazılığı suyun fiziki tərkibi ilə bağlı ola bilər. Yəni lillənmə mümkündür. Bu da o ərazilərdə olur ki, su fasilələrlə verilir. Köhnəlmiş xətlərdir, paslanmış borulardan pas qarışır suyun içinə. Yaxud qəza baş vermiş xətti təmir etdikdən sonra ilk buraxılan suyun tərkibində lil ola bilər. Bu sahədə ən ciddi problemlər yeni tikilmiş binalarda yaranır. Onlarla bağlı bizə tez-tez narazılıqlar daxil olur. Belə ki, bu binaların hamısının öz anbarı var. Həmin anbarlar ildə bir dəfə yuyulub təmizlənməlidir. Lakin elə binalar var ki, 10 ildir istismar olunur, amma anbarı yuyulmur. Bu isə anbarın dibinin lillənməsinə, su vurulan zaman həmin lilin evlərə axmasına səbəb olur. Amma suyun bakterioloji tərkibi ilə bağlı heç bir problem yoxdur, bunu əminliklə deyirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...