PA işçisi keçmiş komitə sədrini məhkəməyə verdi - 2 MİLYON BORC, ŞƏHƏRİN MƏRKƏZİNDƏ GÖYDƏLƏN...

PA işçisi keçmiş komitə sədrini məhkəməyə verdi -

"İrşad” İslam Araşdırmalar Mərkəzinin direktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevlə Prezident Aparatının Təsərrüfat idarəsi nəzdində fəaliyyət göstərən zərgərlik sexinin müdiri vəzifəsini müvəqqəti icra edən Tariyel Ağayev adlı şəxs arasında külli miqdarda pul qalmaqalı yaranıb.

BakuPost xəbər verir ki, tərəflər arasındakı bu qalmaqal məhkəməyə kimi gedib çıxıb.

Saytımıza daxil olan məlumata görə, T. Ağayev R. Əliyevi ona olan külli miqdarda borcunu qaytarmaması iddiası ilə məhkəməyə verib. İddia olunur ki, T. Ağayev Rafiq Əliyevə ümumilikdə 1 346 000 manat borc pul verib, R. Əliyev isə ona olan borcunun bir hissəsini qaytarıb, lakin qalan 816 386 ABŞ dolları borcunu qaytarmaqdan imtina edib.

İddia ərizəsində qeyd olunub ki, 2016-cı ilin oktyabr ayında Tariyel Ağayev Rafiq Əliyevin iş otağına gələrək, qohumlarının pula ehtiyacları olduğunu bildirib və təcili ona pul verməsini tələb edib.

Bu tələb yerinə yetirilmədikdə isə T. Ağayev Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddia ərizəsində, R. Əliyevin ona külli miqdarda borclu olduğunu və bunun məhkəmə yolu ilə alınıb qaytarılması tələb olunub. Daha sonra iddia ərizəsi dəyişdirilib. Növbəti ərizədə Bakı şəhər İcra Hakimiyyətinin 2 may 2016-cı il tarixli 167 saylı Sərəncamı ilə "İrşad” İslam Araşdırmalar Mərkəzinə məxsus ərazidə inşa edilmiş 12 mərtəbəli yaşayış binasının ilk 6 mərtəbəsinin Rafiq Əliyevdən alınaraq iddiaçılar T. Ağayev və Anar Əsədova verilməsi tələb olunub. İddiaçılar ərizələrində qeyd ediblər ki, Rafiq Əliyev ona kömək göstərəcəyi təqdirdə tikiləcək binanın 7-ci mərtəbəsini tam şəkildə Tariyel Ağayevə verəcəyini vəd edib.

PA işçisi keçmiş komitə sədrini məhkəməyə verdi -

İşə Nəsimi rayon Məhkəməsində hakim Natəvan Tağıyeva baxır.

Lakin cavabdeh tərəf məhkəmənin gedişatından narazıdır.

Cavabdeh tərəfin məsələ ilə bağlı BakuPost-a ünvanladığı şikayətdə bildirilir ki, maksimum iki ay davam etməli olan sadə mülki iş artıq yeddinci aydır ki, qeyri-müəyyən səbəblərdən uzadılır.

Onların sözlərinə görə, iddiaçıların məhkəməyə təqdim etdikləri və pulun cavabdeh Rafiq Əliyevə verilməsini təsdiq edən yeganə sübut (yazılı sənəd) 24.03.2017-ci il tarixli Aktdan ibarətdir. Həmin Aktda isə qeyd olunur ki, "Qalan əsas borc 816 386 ABŞ dolları təşkil edir”.

"İddiaçıların imzaladıqları və yeganə sübut kimi məhkəməyə təqdim etdikləri sənəddən bəlli olur ki, 24.03.2017-ci il tarixdə cavabdeh Rafiq Əliyevin iddiaçı Tariyel Ağayevə 816 386 ABŞ dollar borcu olub. Bu sənədə əsasən, iddiaçılar yalnız borclarını tələb edə bilərdilər. Bu sənəd cavabdehin iddiaçılara hansısa daşınmaz əmlak vermək öhdəliyinin mövcudluğunu təsdiq etmir”, - deyə cavabdeh tərəf bildirib.

Şikayətçilər iddia edir ki, R. Əliyev T. Ağayevə olan borcunun 884 187 manatını "AG Bank” ASC-dəki kredit borcuna ödəyib, qalan hissəsini isə nağd şəkildə verib. Lakin iddiaçı tərəf borcun qaytarıldığı faktını məhkəmədən gizlədib.

PA işçisi keçmiş komitə sədrini məhkəməyə verdi -

"İddiaçılar verdikləri borcun 80 faizindən çoxunu geri aldıqlarını və bunu isbatlayan qəbzləri məhkəmədən gizlədiblər. Lakin qarşı tərəfin onları dələduzluqda ittiham etməsindən və polisin işə müdaxiləsindən sonra onlar borcun bir hissəsini geri aldıqlarını etiraf ediblər. Bu dəfə isə nağd yolla geri aldıqları pulu gizlətməyə çalışıblar. Amma bu dəfə də bir neçə şahid məhkəmədə Rafiq Əliyevin öz iş otağında qarşı tərəfə borcun 200 min manatını ödədiyini görmələri barədə ifadə verib. Rafiq Əliyev ümumilikdə Tariyel Ağayevə 1 290 000 manat pul qaytarıb. Həmin pulların 1 090 000 manat hissəsi qəbzlərlə Tariyel Ağayevin nümayəndəsinə verilib, qalan 200 000 manat pul isə Tariyel Ağayevə şəxsən əlbəəl şahidlərin yanında Rafiq Əliyev tərəfindən ödənilib”, - deyə şikayətdə qeyd olunur.

Vəkil Fuad Kərimov məsələ ilə bağlı BakuPost-a açıqlamasında bildirib ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılarkən R. Əliyevin T. Ağayevə olan borcunu ödəməsi təsdiqlənib: "Tariyel Ağayev özü təsdiq edib ki, Rafiq Əliyevə pulu o özü verib və həmin pulları geri alıb. Pulun iddiaçı Tariyel Ağayevə qaytarılmasını şahidlər də məhkəmə iclasında verdikləri izahatlarında təsdiq ediblər. Buna görə də iddiaçılar məcburiyyət qarşısında iddia tələblərini dəyişiblər. Onlar "pul iddiası”nı "əmlak iddiası” ilə əvəz ediblər”.

Vəkilin bildirdiyinə görə, iddiaçılar məhkəməyə inşa edilən binanın 6 mərtəbəsinin onlara verilməsi barədə təsdiqlənməmiş müqavilə mətni təqdim ediblər: "Həmin müqavilə cavabdehlər Rafiq Əliyev və ya "İrşad” İslam Araşdırmalar Mərkəzi MMC tərəfindən imzalanmayıb və təsdiqlənməyib. Həmin sənəd sübut kimi qəbul oluna bilməz və cavabdehlər üçün heç bir öhdəlik yaratmır”.

Kərimovun sözlərinə görə, iddia ərizəsində qeyd olunur ki, iddiaçılar cavabdeh Rafiq Əliyevlə onun rəhbərlik etdiyi "İrşad” İslam Araşdırmalar Mərkəzi tərəfindən inşa edilən binanın tikintisinə sərmayə qoyublar: "Guya aralarında əldə olunmuş razılaşmaya əsasən Rafiq Əliyev onlara vəd verib ki, tikiləcək binanın 7-ci mərtəbəsi tam şəkildə onlara veriləcək. Əgər cavabdeh iddiaçılara 7-ci mərtəbəni vəd edibsə, onlar binanın 6 mərtəbəsini deyil, məhz 7-ci mərtəbənin onlara verilməsini tələb etməli idilər.

Amma bu dəlillərin təsdiqi kimi də iddiaçılar məhkəməyə heç bir müqavilə təqdim etməyiblər”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...