Daşkəsən cari ilin birinci rübünü uğurla başa vurdu - FOTOLAR

Daşkəsən cari ilin birinci rübünü uğurla başa vurdu -

İyulun 12-də Daşkəsən rayonunda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş yığıncaqda ümumilikdə 220 nəfər olmaqla, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yığıncağı giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev son günlər ölkədə baş vermiş qətl və terror hadisələrinə toxunub:

– İcazə verin hesabat məruzəsinə başlamazdan əvvəl son günlər Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı münasibət bildirim. İyulun 3-də ölkədəki sabitliyi, ictimai asayişi pozmağa çalışan əvvəlcədən hazırlıqlı olan cinayətkar, kriminal yönümlü şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis əməkdaşına qarşı məqsədyönlü şəkildə planlaşdırılmış terror aktı törədib.

Gəncə şəhərində iyulun 10-da isə insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik edən radikal dini yönümlü qüvvələr iğtişaş törətməyə cəhd göstəriblər. Hadisə zamanı radikal dini təmayüllü bir qrup şəxsin küt və kəsici-deşici alətlərlə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına hücum etməsi nəticəsində 2 polis zabiti qətlə yetirilərək şəhid olublar. Azərbaycana düşmən münasibətdə olan məkrli qüvvələrin bütün cəhdlərinə baxmayaraq, hadisə ölkədə heç bir çaxnaşma, xaos, qarşıdurma yaratmadı. Çünki Azərbaycan hökuməti əhalinin təhlükəsizliyini qətiyyətlə təmin etmək iqtidarındadır, dövlət etibarlı əllərdədir.

Xalqımızın belə məqamda dövlətə dəstək olması, yüksək şüurluluq, həmrəylik göstərməsi, ölkədəki sabitliyi pozmağa çalışan qüvvələrin çağırışlarını birmənalı olaraq pisləməsi çox mühüm tarixi bir missiyanı – Gəncə vətəndaşlarının dövlətə, iqtidara, hakimiyyətə olan inamını, etimadını bir daha da təsdiqlədi.

Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir dövlət terrordan sığortalanmayıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə təmin olunub, Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini kifayət qədər qoruyur, xalq-iqtidar birliyi də sarsılmazdır və əbədidir. Ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışan Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı hörmətli Elmar Vəliyevə Allahdan şəfa diləyir və onun tezliklə sağalıb bizim sıralarımıza və ailəsinə qayıtmasını arzulayırıq.

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi, sabitliyi pozmağa cəhd göstərmiş radikal dini təmayüllü bir qrup şəxslərin polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabitinin şəhid olması hadisəsini təəssüf hissi ilə yad edərək kədərlənirik, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xahiş edirəm gəlin bu hadisə nəticəsində şəhid olmuş polis zabitlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah rəhmət eləsin!

Ruhları şad olsun!

Sonra Əhəd Abıyev hesabat məruzəsi ilə çıxış edib. O, məruzəsində deyib:

– Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on beş il ərzində uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.

Azərbaycan xalqının 2018-ci ilin 11 aprel seçkisində seçimi son on beş ildə cənab Prezident İlham Əliyevin uğurlu siyasətinə, ölkədə inkişaf və tərəqqiyə verilən qiymətin bariz təzahürüdür (seçkilərdə ölkə vətəndaşlarının 74,3 faizi iştirak etmiş, onlardan 86,02 faizi cənab İlham Əliyevin namizədliyini dəstəkləmiş, səs vermişlər).
Aprelin 11-də keçirilmiş Prezident seçkisi bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmiş və iqtidarın demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət, hüquqi demokratik dövlətin əsaslarını möhkəmləndirilməsi kursunun dəyişməzliyinə sədaqətini əyani şəkildə nümayiş etdirmişdir.

Prezident seçkilərində daşkəsənlilər xüsusi fəallıq göstərmiş, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müstəqil Azərbaycan Respublikasını işıqlı gələcəyə aparan cənab İlham Əliyevə sevgilərini bir daha nümayiş etdirərək seçkidə iştirak etmiş seçicilərin 85,56 faizi səs vermişdir.

Prezident seçkilərində Möhtərəm Cənab İlham Əliyevin qazandığı bu parlaq, inamlı qələbə münasibətilə Daşkəsən şəhərində aprelin 12-də geniş konsert-mitinq tədbir keçirilmişdir.

2018-ci ilin birinci yarısı da əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 8-də Prezident sarayında, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında birinci yarımilin sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ilin birinci yarısında da Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.

Prezident Möhtərəm cənab İlham Əliyev iclası giriş nitqi ilə açmışdır.

O demişdir:
...” İlin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.
Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.
Seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş “exit-poll”lar rəsmi nəticələrlə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilər şəffaf, ədalətli şəkildə keçirilmişdir və Azərbaycan bütün dünyaya bir daha göstərmişdir ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir.
Seçkilərə kölgə salmaq istəyənlər isə növbəti dəfə iflasa uğradılar. Onların sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərəfindən rədd edildi. Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş “etiraz” mitinqinə min nəfərdən çox adam yığa bilməmişlər. Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir.
Seçkilərdən sonra bir çox ölkələrin dövlət və hökumət başçıları mənə təbrik məktubları göndərmişlər. Onların arasında dünyanın bütün aparıcı ölkələrinin dövlət və hökumət başçıları vardır. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir...
...Bu ilin göstəriciləri isə onu deyir ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir. Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri–neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.
Kənd təsərrüfatı 7,6 faiz artmışdır. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artışdır. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.
Xarici ticarət dövriyyəsi 35 faiz artmışdır. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir.

Bir sözlə, əsas iqtisadi göstəricilərimiz bundan ibarətdir. Əlavə edək ki, ilin əvvəlindən valyuta ehtiyatlarımız da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək. Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülübdür. Artıq gözəl nəticələr var. Bu barədə bir qədər sonra danışacağıq. Əminəm ki, ilin sonuna qədər yaxşı nəticələr olacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı təmin edilir”.
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2018-ci ilin 6 ayı ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.

Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır.
Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin çox hissəsi (90,7 %) ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Möhtərəm Prezident cənab İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalamış, həmin Sərəncama əsasən Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin içməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunmuş və həmin sahə üzrə müəyyən işlər görülmüşdür.
Xoşbulaq kənd həkim məntəqəsində təmir işləri aparılmışdır.

Şahvələdli kənd ümumi orta məktəbində yeni modul tipli məktəb binası quraşdırılır.
Azərbaycan Respublikası Prezidentinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında 5 aprel 2018-ci il tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən Daşkəsən rayonunun Almalı kəndində və Daşkəsən qəsəbəsində hər birində 56 şagird yerlik, Gurbulaq kəndində isə 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuşdur.
2018-ci ildə Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının təmiri nəzərdə tutulmuş və artıq həmin işlərin icrasına, eyni zamanda Daşkəsən şəhərində tikinti-təmir, abadlıq işlərinə, o cümlədən istinad divarlarının təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.

Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, lakin şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun hesabına Daşkəsən rayonu ərazisində yaşayan 422 aztəminatlı ailəyə bayram sovqatı paylanmışdır.
Altı ay ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 16 mart 2018-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan 40 nəfər məktəbli “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 26-29 mart 2018-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olmuşlar.
Daşkəsən rayonunda növbəti həqiqi hərbi xidmətə çağırışçılar 12 aprel 2018-ci il tarixdə seçkilərlə əlaqədar keçirilən ümumrayon mitinqində böyük təntənə ilə yola salınmışlar.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulmuşdur.
Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilmişdir.
Cari ilin yanvar ayının 29-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən konfransda Cənab Prezidentimizin giriş və yekun nitqlərində Dövlət Proqramının icrası barədə hərtərəfli məlumat verilərək, perspektivlər müəyyənləşdirilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Hazırda həmin istiqamətdə müvafiq işlər görülür.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür.

Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur. İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilərək, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılması nəzərdə tutulmuşdur.

19 iyun 2018-ci il tarixdən 03 iyul 2018-ci il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir. “ASAN xidmət”in xidmətlərindən 1075 nəfər yararlanmışdır.

“ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda demişdir:

”Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik”

Rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
Cari ilin keçən dövrü ərzində rayon ərazisində 1200,2 hektar sahədə kartof, 59,3 hektar sahədə kələm, 66,1 hektar sahədə lobya, 100 hektar yonca və 45,5 hektar göyərti əkilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1 kənddə (Quşçu kəndində) süni mayalama məntəqəsi fəaliyyət göstərir. Süni mayalama texniki tərəfindən 2018-ci ilin 6 ayı ərzində 195 baş heyvan süni mayalandırılmışdır.
Mayalandırılmış heyvanlardan 87 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün müvafiq lazımi tədbirlər görülməlidir.
Rayonun aidiyyəti üzrə qurumları bu sahədə bütün lazımı tədbirləri yerinə yetirməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2018-ci ilin fevral ayının 10-dan 11 may 2018-ci il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçmişlər. 49 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 22051 nəfər tibbi müayinədən keçmiş, 114 nəfər müxtəlif xəstəliklərdən ixtisaslaşmış tibb müəssisəsinə göndərilmiş, 142 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 401 nəfərə isə ambulator müalicə yazılmışdır.
Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Bildiyiniz kimi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə 53 bənddən ibarət olan “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib hazırlanmışdır.
Bu layihə ilə rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, kənd təsərrüfatının mövcud vəziyyəti, ayrı-ayrı sektorlarının – heyvandarlığın, arıçılığın, kartofçuluğun, toxumçuluğun, həmçinin turizmin inkişafı, yeni inzibati binaların, korpusların inşası, su, qaz, elektrik təchizatı, yol və körpülərin salınması məsələsi, ən əsası isə yeni iş yerlərinin açılıb işsizliyin aradan qaldırılması, sahibkarlara münbit şərait yaradılması, mövcud problemlərin həlli, o cümlədən də Daşkəsən rayonu “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılması əsas götürülərək “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin, eləcə də “Alunit” İstehsalat sahəsinin yenidən işləməsinin müasir səviyyədə təmin olunması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin və “Alunit” İstehsalat sahəsinin müasir texniki avadanlıqlarla təchiz edilərək müasir formada işə salınması həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada, ermənilərlə təmas xəttində yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli məsələlər tam öz həllini taparaq Daşkəsən rayonu regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir.
“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və müəssisənin yenilənməsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası çox hörmətli Prezidenti cənab İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Təəssüf ki, müəssisənin bu günə kimi investisiya müsabiqəsi baş tutmamışdır.
Bildiyiniz kimi 24 mart 2018-ci il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi-qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına şəxsi minik avtomobillərinə ziyan dəymişdir. Dəymiş ziyanın nəticələri əsasən aradan qaldırılmışdır.
Təəssüflər olsun ki, yenidən 24 iyun 2018-ci il tarixdə rayon ərazisində təbii fəlakət baş verdi və baş vermiş təbii fəlakət – güclü leysan yağışları (bəzi yaşayış məntəqələrində dolu və küləklə müşahidə olunmuş) nəticəsində yaranmış sel suları rayonun yol, elektrik, rabitə, qaz təsərrüfatlarına, məktəblərə, mədəniyyət obyektlərinə, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, o cümlədən əkin sahələrinə, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına çox ciddi ziyan vurmuşdur.
Baş vermiş təbii fəlakət – güclü leysan yağışları nəticəsində yaranmış sel suları rayon ərazisindəki uzun illər (50 ilə yaxın müddətdə) istismarda olan Zağalı su anbarının (su tutumunun həcmi 4 milyon m3 olan), və hidrotexniki tunelin (en kəsiyi 16 m2, uzunluğu 1,7 km) bəzi hissələrinə xeyli ziyan vurmuşdur, hər iki qurğuda aşınmalar, deformasiyalar daha da artaraq qəzalı həddə çatmışdır.
Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqollar kəndləri ərazisindəki obyektlərə daha çox ziyan dəymişdir.
Sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıtmış, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bir çox sosial obyektləri dağıdaraq aparmış, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərinə su dolaraq yararsız hala salmışdır.
Həmçinin Qaraqollar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarmış, hətta bir neçə avtomobili kənddən keçən çay sularının axınına salmışdır.
Çoxsaylı yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilmişdir. Eyni zamanda sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik transformatorunu sıradan çıxarmışdır. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları avtomobil yollarına tökülmüş, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanmış və yararsız hala düşmüşdür.
Baş vermiş hadisə ilə əlaqədar dərhal Rayon İcra Hakimiyyətində qərargah yaradılmış, aidiyyəti üzrə idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerlərinə baxış keçirmişlər.
Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən respublikanın aidiyyəti qurumlarının rəhbərlərinə məlumatlar verilmiş, müraciətlər olunmuşdur.
Rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə işlər görülmüş və hazırda həmin işlər davam etdirilir.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov çıxışında bildirmişdir ki, dağ-mədən hasilat sahəsinin inkişafı istiqamətində “AzerGold” QSC-nin ilk hədəfi Daşkəsəndə yerləşən Çovdar qızıl mədəninin fəaliyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalaşdırılması olub.
Bu məqsədlə qısa müddət ərzində müxtəlif təyinatlı təmir-tikinti işləri təşkil edilib, mədənin fəaliyyəti bərpa olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, işçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasilat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. Hasilatın bərpası qiymətli metalların ixracını aktuallaşdırdı. Dünya metal birja bazarlarının tələblərini nəzərə alaraq, qiymətli metalların beynəlxalq standartlara uyğun saflaşdırılması üçün saflaşdırma şirkətləri hasilatçılar qarşısında texnoloji, ətraf mühit, şəffaflıq və digər parametrlər üzrə çox mürəkkəb şərtlər qoyur. Qürurla deyə bilərik ki, “AzerGold” QSC çoxsaylı audit və yoxlama prosedurlarını uğurla keçərək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsveçrənin dünyaca məşhur “Argor-Heraeus” şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və Çovdar qızıl mədənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb.
2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manatdan çox gəlir əldə edilib. Qazanılan yüksək göstəricilər 2017-ci ildə “AzerGold” QSC-ni qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəltdi. Bu gəlirlərin hesabına Cəmiyyət dövlət büdcəsindən vəsait cəlb etmədən müxtəlif təyinatlı kapital və cari xərclərin qarşılanmasını təmin edib, habelə üzərində olan bank borcunun ödəmə planını üstələməklə, ciddi azaldılmasına nail olub. Bundan əlavə, əldə edilən gəlir hesabına yeni sahələrin inkişafına yönələn ilkin investisiya qoyuluşları da həyata keçirilib.
Çovdar yatağında icra edilən və 2021-ci ildə başa çatacaq yerüstü filiz qatının istismarı dövründə ümumilikdə hasil ediləcək daha 129 min unsiya qızılın və 202 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 300 milyon manata yaxın məbləğdə gəlirin olması planlaşdırılır.
Qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün Cəmiyyət tərəfindən səylər göstərilməkdədir. Bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq.
2021-ci ildə hasilata başlanması nəzərdə tutulan Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır. İlkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 milyon manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub. Əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır.
2018-ci ilin 6 ayı ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 134800 manat həcmində rabitə xidməti göstərilmişdir.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
2019-cu ildə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
2018-ci ilin 6 ayı ərzində “31 nömrəli Yol İstismarı” MMC tərəfindən respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üzrə 473,9 min manatlıq iş görülmüşdür.
“Yeni Daşkəsən“ ideyası rayonun yüksəlişindən və cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının, körpülərin əsaslı təmiri üzrə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə, Baş Nazirə kompleks layihə təklifləri işlənib təqdim olunmuşdur.
Möhtərəm cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yekun nitqində qeyd etmişdir: ...“İnfrastruktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir”.
Cari ilin birinci yarısında əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən zədələnmiş 4 ədəd müxtəlif güclü transformator dəyişdirilmiş, 27 ədəd 10-6/0,4kV-luq yarımstansiyada və 19,1 kilometr elektrikverici xətlərdə təmir işləri aparılmış, transformatorlara və yağ tutumlu avadanlıqlara 420 kiloqram transformator yağı əlavə olunmuşdur.
0,4 kV-luq şəbəkənin kabel xətti ilə çəkilməsi üçün 327 ədəd özünü daşıyan izolyasiyalı naqil üçün metal dayaq basdırılmış, müxtəlif markalı 16522 metr kabel çəkilmişdir
35/6 kV-luq “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus yarımstansiyadan çıxan 6 kV-luq Xoşbulaq və 6 kV-luq Dəstəfur hava xətlərinin Elektrik şəbəkəsinə məxsus 110/35/6 kV-luq Daşkəsən yarımstansiyasından qidalandırılması üçün tikintisi dayandırılmış I və II Əhmədli hava xətlərinin tikintisi davam etdirilmiş, 11,5 kilometr ikidövrəli hava xətti 05.02.2018-ci il tarixdə şəbəkəyə qoşulmuşdur. Əhmədli kəndi ərazisində çıxış xətləri üçün 270 metr kabel çəkilmiş, 6 kV-luq Xoşbulaq, 6 Kv-luq Dəstəfur hava xətlərinin 110/35/6 kV-luq Daşkəsən elektrik yarımstansiyasından qidalandırılması təmin edilmişdir.


Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 8 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
2018-ci ilin 6 ayı ərzində rayonun Xoşbulaq kəndində 189 abonent təbii qazla təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 3749 nömrəli, 5 mart 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin siyahısında Daşkəsən rayonu üzrə Quşçu və Bayan kəndləri nəzərdə tutulmuşdur. Quşçu kəndində təbii qaz xəttinin çəkilişinə başlanılmış və hazırda həmin işlər davam etdirilir. Bayan kəndində isə təbii qaz xəttinin çəkilməsi üçün hazırlıq işləri görülür.
Qaz Xidmət Sahəsi üzrə 2018-ci ilin 6 ayı ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 107,4%, ümumi ödəmə üzrə isə göstərici 91,3% olmuşdur. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.
Daşkəsən rayon Sukanal idarəsinin fəaliyyətində bir sıra çatışmazlıqlar mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 16 aprel 2018-ci il tarixində Daşkəsən şəhərində Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İyulun 8-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “...Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək.”
İcazə verin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Yaşasın müstəqil Azərbaycan!
Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əbədi eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında rayon üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev və digərləri çıxışlar etmiş, qarşıda duran vəzifələrin icrasından danışmış, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Müzakirə olunan məsələlərlə əlaqədar olaraq yığıncaqda qərar qəbul edildikdən sonra toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.


Daşkəsən cari ilin birinci rübünü uğurla başa vurdu -
Daşkəsən cari ilin birinci rübünü uğurla başa vurdu -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...