"Manatın ucuzlaşması üçün ciddi narahatçılığa səbəb yoxdur" — Vahid Əhmədov

"Manatın ucuzlaşması üçün ciddi narahatçılığa səbəb yoxdur" —

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vahid Əhmədov Azərbaycanda bankların dolları bahalaşdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

V.Əhmədov "Ölkə.Az"a açıqlamasında deyib ki, son vaxtlar Türkiyə və İrana qarşı sanksiyalar tətbiq edildiyi üçün həmin ölkələrin milli valyutaları kəskin şəkildə dəyərdən düşüb:

"Hazırda da bu davam edir və nə vaxta qədər gedəcəyi məlum deyil. Bu daha çox siyasi məsələlərlə əlaqəlidir. Ona görə də Türkiyə və İranda yaranan vəziyyət Azərbaycanda da müəyyən narahatçılığa səbəb olur. Ola bilsin ki, bu amillərlə əlaqədar manat da müəyyən qədər devalvasiyaya uğrasın. Amma Mərkəzi Bankın rəhbərliyi ilə danışmışam və hazırda gedən prosesləri izləyirəm. Düşünürəm ki, indi manatın ucuzlaşması üçün elə də ciddi problem yoxdur.
Əsas məslə odur ki, neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var, ixrac idxalı üstələyir, Mərkəzi Bank xaricə pul axınına ciddi nəzarət edir. Yəni, bu sahədə ciddi problem yoxdur. Burada problem o ola bilər ki, dünyada neftin qiyməti qəfil aşağı düşsün. Ola bilsin ki, İrana qarşı tətbiq olunan sanksiyalar dünyada neftin qiymətinə də müsbət təsir edə bilər".

Deputat qeyd edib ki,yaxın vaxtlarda Azərbaycandan İrana və Türkiyəyə pul axını ola bilər:

"Çünki bu ölkələrdə daşınmaz əmlakın qiyməti aşağı düşür. Əlbəttə ki, hüquq-mühafizə orqanları tərəfindən bütün bunların qarşısı alınmalıdır.
Hazırda Azərbaycanın 45 milyard dollar valyuta ehtiyyatı var. Bu imkan verir ki, istənilən vaxt manat qorunub saxlanılsın. Manatın indiki vəziyyəti isə həm dövləti, həm də sahibkarları qane edir. Bu baxımdan da manatın devalvasiyaya uğramasına ehtiyac görmürəm. Bütün bunlara görə də hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda devalvasiya baş verməməlidir. Çünki sadaladığım amillər müsbətdir. Ona görə də Azərbaycanda yaxın vaxtlarda devalvasiya gözlənilmir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
666 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...