Yenə məktəb başlayır, yenə tıxac... - Rəsmi qurumlar nə iş görüb?

Yenə məktəb başlayır, yenə tıxac... -

Artıq yeni dərs ilinin başlamasına bir həftə vaxt qalıb. “Qafqazinfo” xəbər verir ki, hər il dərs ilinin başlaması ilə əlaqədar yollarda tıxaclar da çoxalmağa başlayır. Xüsusilə bu sıxlıq günün pik saatlarında daha çox müşahidə edilməkdədir. Tıxacların yaranmasının bir neçə səbəbi olsa da, əsasən yollardakı təmir işləri, bağlı prospektlər və küçələr də buna daha çox rəvac verməkdədir.

Bildiyimiz kimi, paytaxtın böyük prospektlərindən olan Babək prospekti fevraldan bəri bağlıdır. Bununla əlaqədar, hazırda Babək prospektində hərəkət birtərəflidir. Ona görə də bu yolun əsas yükü Nobel prospektinə düşür və bu səbəbdən pik vaxtlarda orada sıxlıq müşahidə olunur.

Bu arada qeyd edək ki,avqustda bu yolla bağlı diqqətçəkən məqam qeydə alındı.

20 gün əvvəl istifadəyə verilən hissədə söküntü işləri yenidən aparıldı. “Azəravtoyol” problemlə bağlı bildirdi ki, təmir zamanı ikiyolayırıcı hissənin çıxıntısı əsas yolun az qala yarısını tuturmuş. Maraqlısı isə budur ki, belə vəziyyət yol təmir olunandan sonra yada düşüb. Və həmin hissədə asfalt örtük, eyni zamanda işıq dirəyinin ətrafındakı yeni səki daşları sökülüb. Hazırda yolun həmin hissəsi genişləndirlərək təmir edilir.

Qeyd edək ki, prezident İlham Əliyev Bakı şəhərinin Babək prospektinin yenidən qurulması ilə bağlı 2018-ci il dövlət büdcəsindən 20, 1 milyon manat vəsaiti Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması barədə sərəncam imzalayıb.

Bundan əlavə, Məhəmməd Hadi küçəsində asfalt örtüyünün çəkilməsi ilə bağlı tıxac vəziyyəti yaranır.

Sentyabrın 8-də isə “Şamaxinka”, 1, 4 və 9-cu mikrorayon ərazilərində böyük tıxac yaranmışdı. Sıxlıq əsasən Moskva prospekti, Asif Məhərrəmov, 20 Yanvar, Mir Cəlal Paşayev küçələrində müşahidə olunurdu. Bu yollarda hərəkət tamamilə dayanıb, ictimai nəqliyyat vasitələri və şəxsi minik avtomobilləri hərəkətsiz vəziyyətdə tıxacda qalıb. Buna səbəb Mircəlal Paşayev küçəsində aparılan təmir işidir.

Yollardakı təmir işləri ilə bağlı “Qafqazinfo” ya danışan “Azəravtoyol” un mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, Babək prospektində sentyabrın axırı, oktyabrın əvvəlində təmir işlərinin başa çatdırılması planlaşdırılır: “İşləri indiyə kimi yekunlaşdırmaq mümkün olsaydı, yəqin ki bitirərdik. Orada işçilər çalışırlar ki, təmiri tez zamanda yekunlaşdırsınlar. Hazırda 3 km hissədə asfaltlanma işləri qalıb.

Mir Cəlal Paşayev küçəsində də təmir işlərinin əsas hissəsi yekunlaşıb. Qalan hissələrin təmiri də sentyabrın 15-nə kimi yekunlaşacaq. Məhəmməd Hadi küçəsində də təmir işləri məktəbə qədər yekunlaşacaq”.

Bakı Nəqliyyat Agentliyi də bir müddət bundan əvvəl paytaxtda tıxacların aradan qaldırılması istiqamətində işlər görəcəyini açıqlamışdı.

Görülmüş işlər barədə “Qafqazinfo”ya açıqlama verən BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev xatırladıb ki, yay mövsümünün əvvəlində Bakı şəhərində nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlanılacağını qeyd etmişdik:

“Çünki yay aylarında şəhərdə nəqliyyatın intensivliyi digər mövsümlərə nisbətən azalır. Bir sıra küçə və prospektlərdə nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Fəzail Bayramov küçəsində geridönmə təşkil edildi. Bu gerdönmənin təşkil edilməsi ilə artıq Fəzail Bayramov küçəsi ətrafında mövcud olan yaşayış binalarının sakinlərinin Yusif Səfərov küçəsinə çıxışı rahatlaşdı. Belə ki, əvvəllər sakinlər Yusif Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edirdilərsə, indi artıq rahat şəkildə həmin geridönmədən istifadə etməklə şəhər mərkəzi küçələrində yollarını davam edirlər.

Digər bir iş Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yol qovşağının altında təşkil edildi. Bu da həmin ərazidə geridönmənin təşkili idi. Daha sonra şəhər yolu Sabunçu Zabrat istiqamətində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri aparıldı. Mövcud dayanacaq mərkəzlərinin yerləri dəyişdirildi. Eyni zamanda piyadaların yolun hərəkət hissəsinə çıxışının qarşısını almaq üçün dəmir məhəccərlər vuruldu.

Növbəti layihə isə hazırda icrası davam edən 3- cü mikrorayon ətrafındadır. Həmin dairənin həndəsi fiqurlarına dəyişiklik edilir. Eyni zamanda piyada keçidləri və avtobus dayanacaq məntəqələrinin yerləri dəyişdirilib. Daha sonra həmin ərazidə işıqforlar quraşdırılacaq. Bu da dairədə hərəkətin tənzimlənməsi və piyadaların təhlükəsizliyi baxımından olduqca vacibdir.

Burada işlər yekunlaşdıqdan sonra bu yaxınlarda metronun “Memar Əcəmi” stansiyası ətrafındakı dairədə işlərə başlanılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...