Əhəd Abıyev Xoşbulaq kəndində sakinlərlə görüşdü - FOTOLAR

Əhəd Abıyev Xoşbulaq kəndində sakinlərlə görüşdü  -

Mayın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Xoşbulaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Görüşdə Əhəd Abıyev regionların sosial-iqtisadi inkişafı çərçivəsində Daşkəsəndə icra olunan layihələrdən danışıb. Rayon rəhbəri həmçinin turizm imkanları böyük olan Xoşbulaq kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, elektrik təchizatının əsaslı surətdə yeniləşdirilməsi məqsədilə qarşıda görüləcək işlərdən söhbət açıb.

Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, 24 iyun 2018-ci il tarixdə rayon ərazisində baş vermiş təbii fəlakət – güclü leysan yağışlarının yaratdığı sel sularının nəticəsində Xoşbulaq kəndinin iki hissəsi arasında olan körpü tamamilə dağılmışdı. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həmin körpü müasir tipdə yenidən tikilərək bərpa edilmiş, sakinlərin artıq istifadəsinə verilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səyyar qəbulda bir qrup Xoşbulaq kənd sakininin Prezident Administrasiyasına əsassız şikayətə getmələrinə də münasibət bildirib.

O deyib: “Bu gün Prezident Administrasiyasına gedən şikayətçilər sizlərlə burada keçirilən səyyar qəbula çağırılmışdı. Lakin Xoşbulaq kənd sakini Atakişiyev Süleyman İsrafil oğlu yaxın qohumları ilə birgə (Atakişiyev Süleyman və qardaşı Atakişiyev Ariz İsrafil oğlu, qardaşı oğlu Bağırov Azay Telman oğlu və onun oğlu Bağırov Ruzi Azay oğlu, Atakişiyev Süleymanın bacısı oğlanları Tağıyev Vüqar Bahadur oğlu və Süleymanov Röyal Qabil oğlu) əsassız, yalan, böhtan xarakterli, qərəzli niyyətlərini həyata keçirtmək məqsədilə bu gün Prezident Administrasiyasına qəbula gediblər. Şikayətə gedən şəxslərin müraciətlərinin yalan, böhtan olduğunu sizlər gözəl bilirsiniz. Daşkəsən Rayon İcra Hakimiyyətinə etdiyiniz müraciətlərinizdə də Xoşbulaq kənd sakinlərinin ümumi istifadəsində olan yay otlaq sahələrinin Süleyman Atakişiyev kimilər tərəfindən başqa rayonun fermerlərinə pul müqabilində verilməsini təsdiqləyirsiniz.

Həmçinin bugünkü səyyar görüşdə ayrı-ayrı vətəndaşların çıxışlarından bir daha da məlum olur ki, Xoşbulaq kənd sakini Süleyman Atakişiyev bir qrup qohumlarını və Gəncə sakinləri olan tanışlarını Prezident Administrasiyasına aparıb gərginlik yaratmaqla qərəzli müraciətlər etdirib; qanunazidd hərəkətləri ilə kəndin yay otlaq sahələrini zəbt etmək, kənd sakinlərinin istifadəsində olan 778 ha yay otlaq sahəsini ələ keçirib satmaq istəyir. Bu da sizlərin haqlı narazılığına səbəb olur, kənddə asayişi pozmaqla qarşıdurma yaradır.

Biz də sizlərlə birgə kənd sakini Süleyman Atakişiyevin bu qanunazidd əməllərinin qarşısını hüquq-mühafizə orqanları ilə birgə alırıq və gələcəkdə də onun bu qanunsuz hərəkətlərinə imkan verilməyəcəkdir. Bu barədə hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Barəsində qanuni tədbir görülməsi üçün qərar çıxarılacaqdır” .
Səyyar görüşdə Xoşbulaq kənd sakini Sima Rzayeva çıxış edərək Süleyman Atakişiyevin kəndin yay otlaq sahələrini zəbt etməsi, sakinlər arasında qarşıdurma yaratması barədə geniş məlumat verib. Kənd sakinləri də Süleyman Atakişiyevin qanunazidd hərəkətlərini pisləyərək narazılıqlarını bildirib, deyilənləri təsdiqləyib, Süleyman Atakişiyevin barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbir görülməsini tələb ediblər.

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib. Sakinlər istifadəyə yararsız hala düşmüş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsinə, fərdi yaşayış evlərinə qaz sayğaclarının quraşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Xoşbulaq kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyəti üzrə tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində müsbət həllini tapıb.Kənd sakinləri respublikamızda və eləcə də rayonda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, o cümlədən vətəndaşların müraciətlərinə bəslənən həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Əhəd Abıyev Xoşbulaq kəndində sakinlərlə görüşdü  -
Əhəd Abıyev Xoşbulaq kəndində sakinlərlə görüşdü  -
Əhəd Abıyev Xoşbulaq kəndində sakinlərlə görüşdü  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...