Azərbaycanda keçirilən beynəlxalq idman oyunları ölkəmizə nə verir?

Azərbaycanda keçirilən beynəlxalq idman oyunları ölkəmizə nə verir?

UEFA Avropa Liqasının final mərhələsinə sayılı günlər qalır. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma ilə əlaqədar ölkəmizə çox sayda turistin gəlişi gözlənilir. Turistlər ölkəmizə səfər zamanı Azərbaycan mədəniyyəti, tarixi, mətbəxi, müasirliyi ilə tanış ola bilərlər. Baku.News xəbər verir ki, Oxu.Az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu bu tədbiri idman bayramı adlandırıb.

Onun sözlərinə görə, Azərbaycan idman ölkəsidir, idmançılarımız bütün idman yarışlarında ölkəmizi layiqincə təmsil edir, çoxsaylı medallarla vətənə qayıdırlar: “Final oyununun Bakıda keçirilməsi bir daha Azərbaycanda idmanın, kütləvi idman növlərinin inkişafını stimullaşdırmaqla bərabər, digər çoxsaylı sahələrə də öz təsirini göstərəcək ki, bunların başında turizm gəlir. Azərbaycanda xüsusi turizm siyasəti həyata keçirilir, turizm səlahiyyəti formalaşır”.

H.Babaoğlu deyib ki, turizm mürəkkəb, amma çox gəlirli sahədir: “Çünki turizmin inkişaf etdirilməsi ilk növbədə kommunikasiyaların olması, logistik problemlərin həll edilməsi, hotel saylarının kifayət qədər olması, müvafiq qiymətə hotel təkliflərinin olmasından asılıdır. Bunların hamısını Azərbaycan ötən illər ərzində təmin etməyi bacarıb.

Hər kütləvi tədbirlərdən sonra Azərbaycana çoxsaylı insanlar gəlir. Onlar Azərbaycanda yaradılmış bu infrastrukturu, istirahət ab-havasını, Azərbaycanın tarixi yerlərini, mətbəxini tanıyırlar və beləliklə, onlarda növbəti dəfə ölkəmizə gəlmək arzusu yaranır”. Millət vəkili əlavə edib ki, keçiriləcək final oyununu həm də bu kontekstdə qiymətləndirmək lazımdır.

“Bu faktın özü turizm hadisəsidir. Çünki ölkəmizə gələn futbol azarkeşləri həm də ölkəmizdə turist kimi qalacaq, ölkəmizin mədəniyyəti, mətbəxi və tarixi ilə tanış olacaq, Azərbaycan həqiqətlərini tanıyacaqlar. Bu, eyni zamanda, bundan sonra da Azərbaycana gəlməsi üçün motivasiya olacaq. Buradakı təhlükəsizlik tədbirlərini, Azərbaycanın sabit ölkə olmasını görəcəklər. Bu stimullaşdırıcı hallar ölkəmizin turist axını ilə təmin olunmasına gətirib çıxaracaq”, - o qeyd edib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkəmizdə son 10-15 ildə dünya miqyaslı beynəlxalq idman tədbirlərinin, musiqi festivallarının, mədəniyyət tədbirlərinin, işgüzar görüşlərin keçirildiyini deyib.

“Təbii ki, bunlar hamısı turizmin inkişafına güclü təkan verir. Qeyd etmək istəyirəm ki, Azərbaycanda keçirilən idman yarışları böyük rol oynayır.

Fikir verin: 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi oyunları, beynəlxalq gimnastika yarışları, “Formula-1” Azərbaycan Qran-Prisi, indi isə Avropa Liqasının final oyunu Azərbaycana gələn turistlərin sayını qat-qat artırıb”.

Onun sözlərinə görə, bu kimi beynəlxalq tədbirlərin keçirilməsi onu göstərir ki, Azərbaycan həm sabit, qonaqpərvər ölkədir, həm də qonaqları qarşılamaq üçün gözəl infrastruktura malikdir:

“Nəinki Bakı şəhəri, Abşeron yarımadası, eləcə də, regionlar turistləri qarşılamaq və onlara xidmət göstərmək üçün yüksək səviyyədə hazırlığa malikdir. Onu da qeyd edim ki, Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi ilə ölkəmizdə yüksək səviyyəli kadrlar da yetişib. Bu da onu göstərir ki, bizə gələn qonaqlara xidmət göstərən kadrlar böyük təcrübəyə malikdir”.

Müşavir deyib ki, bu kimi tədbirlər bundan sonra da Azərbaycanda keçiriləcək. “Azərbaycan dünyada öz sözünü demiş ölkədir. Bu beynəlxalq əhəmiyyətli tədbirlər həm turizm sahəsində, həm idman yarışlarında, həm də mədəni tədbirlərdə və işgüzar biznesin inkişafında mühüm rol oynayacaq. Buna baxmayaraq, Azərbaycan turizm qurumları kütləvi turizmi inkişaf etdirmək üçün əllərindən gələn bütün səyləri əsirgəmirlər. Yəni Azərbaycanda sadalıqlarımızdan başqa həm çimərlik, həm sağlamlıq turizminin inkişaf etdirilməsi üçün çoxlu sayda işlər görülür.

Gələn qonaqların sayı və artımı bizi arxayınlaşdırmamalıdır. Azərbaycan elə bir ölkədir ki, burada 365 gün turizmi inkişaf etdirmək olar. Gələn qonaqların sayını da ildən-ilə artırmağa da səy göstərəcəyik”, - M.Ağakərimov bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...