Təhlükə böyüyür - Kür Xəzərə yox, Xəzər Kürə tökülür

Təhlükə böyüyür - Kür Xəzərə yox, Xəzər Kürə tökülür

Azərbaycanda qeyri-adi təbiət hadisəsi baş verir. Xəzər dənizi Kür çayına tökülərək irəliləməkdə davam edir.

“Report”un Aran bürosu xəbər verir ki, Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub.

“Report” Kür çayında suyun səviyyəsinin kritik həddə enməsi və qabaqlayıcı tədbirlərin görülmədiyi təqdirdə ciddi ekoloji təhlükənin yaranacağı barədə mütəmadi olaraq xəbərlər dərc edirdi. Heç bir qabaqlayıcı tədbir görülməməsi nəticəsində bu təhlükə baş verdi. Çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi səbəbiilə artıq Kür Xəzərə yox, Xəzər Kürə axmağa başlayıb. Dənizinin şor suyu isə çayın şirin suyunu istifadəyə yararsız edib. Bu özünü daha çox çayın Neftçala rayonu ərazisindən keçən hissəsində qabarıq göstərir.

İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar. Bununla bağlı rayon İcra Hakimiyyətində operativ qərargah yaradılıb.

Yaranmış problemin aradan qaldırılması üçün "Azərsu" ASC tərəfindən hər birinin tutumu 10 kubmetr olan xüsusi təyinatlı 20 su maşını göndərilib. Həmin maşınlar vasitəsi ilə şəhər əhalisi içməli su ilə təchiz olunur.

Sözügedən yaşayış məntəqələrində də vəziyyət təhlükəli həddə çatıb. Əkin-biçin vaxtı şor su ilə həyətyanı, eləcə də pay torpaqlarını suvarmaq mümkün deyil.

Rayonda vəziyyət nəzarətə götürülsə də hələ ki, gərgin olaraq qalır. Məlumata görə, Mingəçevir su anbarından buraxılan suyun həcminin artırılması ilə vəziyyətin aradan qaldırılacağı gözlənilir.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...