"TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə işləmir" – FOTO + RƏSMİ AÇIQLAMA

"TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə işləmir" –

Xırdalan şəhər 5 saylı orta məktəbdə koronavirus əleyhinə vaksinasiya zamanı sıxlıq yaranıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev özünün feysbuk səhifəsində məlumat verib. O bildirib ki, valideynlərinin vaksinasiyası üçün saat 11:00-a növbə götürüb sözügedən orta məktəbə üz tutsa da, adam sayının çox olmasına görə proses ləngiyib:

“Camaat vaksin vurdurmağa gəlib. Ağız deyəni qulaq eşitmir. Başdan-ayağa yoluxma mənbəyi. Hamısı da yoluxmağa həssas insanlar. Deməli, bütün günü reklam olunan randevu.its.gov.az saytında valideynlərim üçün saat 11:00-a vaxt götürmüşəm. Gəlmişik, azı 200 nəfər. 50 nəfər keçib, bizə 221-222-ci sıra verilib. Soruşuram mənim vaxtım 11:00-dır, niyə mənə yeni nömrə verirsən? Mənə camaatı göstərib deyir ki, bunlar da növbə gözləyir, bu qədər camaatı tapdalayıb keçmək istəyirsən? İzah edə bilmirəm ki, mən növbə tutmuşam, heç kimin növbəsinə girmək fikrim yoxdur. TƏBİB deyir ki, vaxtı seçib növbə gözləmədən vaksin vurdur. Ancaq təcrübə göstərir ki, TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə boş şeydir, işləmir”.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu məsələ ilə bağlı birgə məlumat yayıb. Bildirilib ki, bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər:

“ “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur.

Məlumatda qeyd olunur ki, bu cür halların baş verməməsi üçün vətəndaşlardan bir daha xahiş edilir ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir”.


"TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə işləmir" –
"TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə işləmir" –
"TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə işləmir" –
"TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə işləmir" –
"TƏBİB-in camaata yenilik kimi sırıdığı onlayn növbə işləmir" –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...