Bizim Qurban Qurbanovun ortaya çıxardığı mükəmməl əsər

Bizim Qurban Qurbanovun ortaya çıxardığı mükəmməl əsər
Amal Abuşov

Azərbaycan futbolunun beynəlxalq aləmdə üzünü ağardan, avrokubokların qrup mərhələsindəki yeganə təmsilçimiz "Qarabağ” yenə xalqımızı sevincə boğdu. UEFA Konfrans Liqasının 3-cü turu çərçivəsində Almatı "Kayrat”ını qəbul edən "köhlən atlar” rəqibini evə xalsız yola saldı. Bu qələbə sayəsində təmsilçimiz yer aldığı qrupda böyük üstünlük qazanmış oldu və "pley-off”a yüksəlmək yolunda inamlı addım atdı.
Ad - 00:17
Keçid
Optimalda Sərfəlidir

Oyundan əvvəl həmkarlarım tez-tez məndən "Kayrat” barədə soruşurdular. Bu da mənim Qazaxıstan futbolu ilə yaxından tanış olmağım, uzun müddət Almatıda yaşamağımla bağlı idi. Soruşanlara dediyim cavab isə təxminən belə olurdu: "Kayrat”ın baş məşqçisi Kurban Berdıyev əla futbol bilicisidi, ən çox ondan çəkinməliyik”. Özümü öymüş kimi olmayım, Respublika stadionundakı qarşılaşma elə gözlədiyim, təxmin etdiyim məcrada keçdi. Qazaxıstan çempionunun "ən təhlükəli silahı” Kurban Berdıyev idi ki, onun da taktiki bacarığı "Qarabağ”ın əzmkarlığı qarşısında cəmi 79 dəqiqə tab gətirmək üçün yetərli oldu. Kim bilir, təcrübəli çalışdırıcının əlinin altında daha yaxşı ifaçılar olsaydı, nəticə fərqli ola bilərdi. Amma bu ehtimalın özü belə faktı, yəni nəticəni dəyişmir. "Qarabağ” heyət olaraq "Kayrat”dan güclü və istəkli idi. Abbas Hüseynovun 91-ci dəqiqədə vurduğu qol da bu gücün, qəlblərin dərinliyindən gələn istəyin təntənəsinə çevrildi.

Oyundan sonra yaşananlar, sosial şəbəkələrdən bütün gecəni "eşidilən” alqışlar "Qarabağ”ın bu xalqın qəlbində necə böyük yer tutduğu, milyonların sevimlisinə çevrildiyini göstərir. Soyuq payız axşamında Respublika stadiona gələ bilməyən belə ürəklərinin ən dərinliklərindən gələn həmin o sevgini "Qarabağ” üçün göndərmişdilər. Meydandakı futbolçular da bu sevginin verdiyi ilhamla "Kayrat”ı məğlub edib milyonlarla azərbaycanı sevindirməyi bacardılar. Burda söhbət heç də rəqibinin adının gurultulu səslənib-səslənməməsindən, onun Avropanın qərbindən gəlməməsindən getmir. Əsas odu ki, Qurban Qurbanov ortaya əla əsər, ən dəqiq saat mexanizmi kimi işlən olan bir komanda qoyub. Unutmayaq ki, "Bazel” Qazaxıstandan yox, uzaq İsveçrədən gəlmişdi. Nəhəng Bakı Olimpiya Stadionun yarıboş tribunaları qarşısında keçirilən həmin qarşılaşamada da "Qarabağ” mükəmməl oynamış, rəqibini öz qapısına qədər sıxışdırmağı bacarmışdı. Həmin axşam qapıya girməyən qollar Kiprdə "Omoniya”nın qapısına vuruldu. Bu qələbə sayəsində də "köhlən atlar” qrupdakı rəqiblərinin gözünün odunu aldı, onların üzərində psixoloji üstünlük qazandı. Son iki oyundakı 6 xal isə bu psixoloji üstünlüyün qrupdakı vəziyyətdə real təsviridi. Zəfərlərin müjdəçisi, xalqın sevimli komandası inamla yoluna davam edir.

"Köhlən atlar” inamla irəliləyir, qələbələri sıralayır, hədəflərini böyüdür. Bu zəfərlər bizim üçün həm də ona görə qiymətlidi ki, onun memarı italyan, alman, yaxud da xorvat deyil. Zəfərlərin altında Qurban Qurbanovun imzası var. Bu heyəti o formalaşdırıb. Vaxtaşırı öz əsərinə əl gəzdirir, gedənləri yola salır, onların boşaltığı yeri öz tapıntısıyla doldurmağı bacarır. Heyətdə böyük dəyişikliklər olsa da, "Qarabağ”ın siması, əzmkarlığı, böyüklüyü dəyişmir. Eşq olsun, Qurban Qurbanov. Yaratdığın sənət əsəri Azərbaycan xalqı üçün qürur mənbəyidi!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...