TAP-la Avropaya nəql olunan qazın həcmi 10 milyard kubmetrə çatdı
Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub.
Demokrat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, 2020-ci ilin dekabrında istifadəyə verilmiş TAP indiyə kimi Azərbaycan təbii qazının Avropa bazarına artan həcmlərlə fasiləsiz axınını təmin edib. Bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə yetirir. Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən Avropaya daşıyan 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. 878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrə qədər artırılması perspektivləri isə növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.
744 dəfə oxundu