“Hər bir restoranın qarşısına polis qoymuruq” - DİN rəsmisindən COVİD pasportu AÇIQLAMASI

“Hər bir restoranın qarşısına polis qoymuruq” -
Baş nazir Əli Əsədovun imzaladığı qərarla martın 6-dan etibarən toylarda say məhdudiyyəti ləğv olunub. Yəni artıq məclis sahibləri istəsələr 500, istəsələr 1000 nəfəri bir araya yığıb, şənlik keçirə bilərlər. Əvvəllər isə toyda iştirakla bağlı say məhdudiyyəti var idi. Yəni cəmi 150 nəfər iştirak edə bilərdi. Həmin şəxslərin COVİD-19 pasportunun yoxlanması asan və tez bir şəkildə həyata keçirilirdi. Hazırda isə say məhdudiyyəti yoxdur və yəqin ki, bu səbəbdən toya gələn qonaqların pasportunun yoxlanması çox vaxt apara bilər.

Bəs görəsən həqiqətdə necədir? Hazırda COVİD-19 pasportunun və ya immunitet sertifikatının yoxlanması prosesi necə həyata keçirilir? Hər hansısa çətinlik yaşanırmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyir ki, yoxlamaların həyata keçirilməsində heç bir çətinlik yoxdur.

“Çünki bu işi sahibkarların özlərinə tapşırmışıq. Toy, nişan, ad günü və digər şənlik mərasimləri ilə bağlı sahibkarlıq subyektləri icaze.e-gov.az portalında qeydiyyatdan keçirlər. Orada qeydiyyat prosesində hansı restoranda, hansı saatda mərasimin başlaması ilə bağlı məlumat yerləşdirilir. Həmin o portalda informasiya daxili işlər orqanları ilə yanaşı, digər aidiyyatı dövlət qurumlarına da transformasiya olunduğuna görə, yəni həmin portalı biz də görə bilirik. Yəni bilirik ki, hansı restoranda, hansı zalda, hansı tədbir keçirilir. Restoranın, ictimai iaşə obyektinin rəhbərliyinin restoran girişlərinə qoyduqları şəxslər tərəfindən COVİD pasportunun olub-olmaması yoxlanılaraq, insanların məclislərdə iştirakı təmin edilir. Yoxlayıcılar isə sahibkarlıq subyektlərinin üzərinə qoyulan vəzifə kimi obyektin müdriyyətini yoxlayır. Yəni hər bir restoranın qarşısına polis qoymuruq. Polis və aidiyyatı dövlət qurumları birgə restoranlar, ictimai iaşə obyektləri, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərində monitorinq tədbirləri, yoxlamalar həyata keçirirlər”.

Elşad Hacıyevin sözlərinə görə, polislər yalnız monitorinq tədbirləri həyata keçirir. Yəni bütün məsuliyyət sahibkarlıq subyektinin üzərinə düşür:

“Nazirlər Kabinetinin qərarına müvafiq olaraq COVİD pasportu olan şəxslər tam vaksinasiyadan keçmiş hesab edilir. Sonuncu vaksinin müddəti başa çatıbsa, toyda iştirak etmək arzusunda olan şəxslər həmin qayda və tələblərə əməl etməli və müəyyən olunan müddətdə vaksinasiyadan keçməlidirlər. Monitorinqlər çərçivəsində COVİD pasportu və ya immunitet sertifikatı olmadan həmin mərasimlərdə iştirak etməyə çalışan şəxslər aşkarlandıqda, qanuna müvafiq olaraq tədbirlərin görülməsi təmin edilir. Burada məsuliyyət həmin sahibkarlıq subyektinin üzərinə düşür. Ona görə tövsiyyə edirik ki, müəyyən olunan norma və qaydalara sahibkarlıq subyektləri tərəfindən ciddi əməl edilsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...