Kassadan yayınmağa görə yeni cərimələr gəlir - 2000-6000 manat

Kassadan yayınmağa görə yeni cərimələr gəlir -


Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə, gələn ilin əvvəlindən sadələşdirilmiş vergi ödəyiciləri ola biləcək ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün maliyyə sanksiyaları kəskin artırıldı.

“Marja” xəbər verir ki, dünən Azərbaycan Prezidenti Vergilər Məcəlləsinə edilən son əlavə və dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə görə, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Sadələşdirilmiş verginin dərəcəsi ticarət fəaliyyəti üzrə - 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə - 8 faiz müəyyən edilib. Məhz, bu vergi ödəyiciləri aşağıdakı hala yol verdikdə yüksək məbləğdə cərimə ödəməli olacaqlar.

Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

-təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə - 2000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə - 4000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə - 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Digər vergi ödəyiciləri üçün isə, maliyyə sanksiyaları dəyişmir və müvafiq olaraq 400, 800 və 1200 manat qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...