"Bizdən hər ay hərbiyə yardım adı ilə topladıqları pulları ciblərinə qoyurlar"

"Bizdən hər ay hərbiyə yardım adı ilə topladıqları pulları ciblərinə qoyurlar"
Culfa rayonunun dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan işçilərdən hərbiyə yardım adı ilə pul yığılır.
Yeniavaz.com xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup rayon sakini məlumat verib. Onların sözlərinə görə, hər ay bu məqsədlə onların maaşlarından 10 manat pul tutulur. Şikayətçilərin sözlərinə görə, bu işə rayon icra başçısının müavinləri rəhbərlik edir. Dövlət idarələrinin birində çalışan şikayətçi Zamin Seyidov deyir ki, buna etiraz edənlər, işdən çıxarılmaqla hədələnir:
"Bu, biabırçılıqdır. Azərbaycan kimi qüdrətli bir ordusu olan dövlətdə bu olmamalıdır. Biz bilirik ki, ordunun bu pula ehtiyacı yoxdur. Bizdən hər ay hərbiyə yardım adı ilə topladıqları pulları ciblərinə qoyurlar. Bu, qalib ordunun adını batırmaqdır. Bizim maaşımız onsuz da çox azdır, bir aydan o biri aya yetmir. Pulu vermək istəməyəni işdən qovmaqla hədələyirlər. Hər ay maaş vaxtı icra hakiminin müavini başımızın üstün kəsdirib, hədələyir. Deyirlər, yuxarıdan tapşırıq belədir. Biz inanırıq ki, yuxarının bundan xəbəri yoxdur".
Digər şikayətçi Səxavət Əliyev deyir ki, bununla bağlı Ali Məclisə şikayət etmək istəyənlər də cəzalandırılır:
“Ordu başımızın tacıdır, onlar canlarını qoyub, torpaqları azad ediblər. Bu orduya hər şeyimiz qurbandır. Lakin, ordunun bizim 5-10 manata ehtiyacı yoxdur axı. Bilirik ki, bizdən yığılan pullar ciblərə gedir. Bir neçə nəfər bununla bağlı icra başçısının özünə şikayət etmişdi. O isə qəzəblənib, şikayətçiləri işdən qovdu. İndi heç kim qorxudan səsini çıxara bilmir. Bütün idarələrə xəbərdarlıq edib ki, bununla bağlı Ali Məclisə şikayətə gedənlər daha ağır cəzalandırılacaqlar. Buna görə, qorxudan kimsə səsini çıxara bilmir”.
Məsələyə münasibət öyrənmək üçün Culfa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun adını bildirməkdən imtina edən əməkdaşlardan biri, şikayətçilərin iddialarının yalan olduğunu deyib, əlavə məlumat vermək istəmədi.
Qeyd edək ki, bir müddət öncə, Culfa rayonun büdcə təşkilatı əməkdaşları, çalışdığı idarələrin kommunal xərclərinin onların hesabına ödənildiyini bildirmişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1213 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...