“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?”

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?”
Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Dilqəm bəy, Kəlbəcərdə sizinlə birlikdə əsir düşmüş Şahbaz Quliyev son müsahibəsində sensasiyalı açıqlamalar verib. Bildirib ki, o, Kəlbəcər rayonuna öz ata-baba yurdlarını ziyarət etmək üçün yox, Baş nazirin sabiq müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun tapşırığı ilə gedib. İddia edir ki, hətta sizə silah, video-kamera da verilib. Əsirlik yoldaşınızın dedikləri nə dərəcədə doğrudur?

– Şahbaz Quliyev gözünün içinə qədər yalan deyir. Ondan soruşmaq lazımdır ki, Əli Həsənov kimdir, hansı səlahiyyətin sahibidir ki, bizə silah, kamera verib, Qarabağa yola salsın? Mən Kəlbəcərə 1998-ci ildə Hidayət Abdullayevlə, 1999-cu ildə yevlaxlı Rəfi ilə, 2005-ci ildə isə Şahbazla getmişəm. 2010-cu ildə 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Anar Əliyevlə, 2007-ci il, 2009-cu il və başqa tarixlərdə digər şəxslərlə getmişəm. Onların adlarını açıqlamıram. Şahbazı Kəlbəcərə yüklərimi daşımaq üçün aparmışam. 2014-cü il iyunun 12-də biz tutulanda Həsən Həsənovu Şahbaz Quliyevə öldürtdülər. Oradakı bütün ermənilər də deyirdi ki, Həsən Həsənovu Şahbaz başından dəyənək vuraraq qətlə yetirib. Buna görə, o, həbs edilməlidir. Həbs ediləndə ermənilər mənim qollarımı qandallamışdı. Şahbaza dedilər ki, məni vursun. O da vurdu. Mən komaya düşdüm, xəstəxanaya apardılar. Sonra Qırmızı Xaç Komitəsindən gəldilər. Oradan gələn olmasaydı, Həsən kimi məni də öldürəcəkdilər. Həbsxanada bizə isti münasibəti olan erməni vardı. Deyirdi ki, azərbaycanlılara hörməti var. Şahbaz onu Şuşa türməsinin rəhbərliyinə satdı və o, cəzalandırıldı. Şahbaz belə adamdır. Öz həyat yoldaşını Moskvada qumarda uduzan adamdan nə gözləyirsən?

– Şahbaz Quliyevin bu gün belə bir açıqlamalar verməsinin kökündə nə dayanır?

– O, ermənilər tərəfindən “verbovka” olunmuş adamdır. Şuşa türməsində ona təcavüz etdilər. Mənə isə hörmət qoyurdular. Çünki özümü kişi kimi aparırdım. Şahbazı Kəlbəcərdə mülki şəxslər saxlayıb. Su veriblər ona. Şahbaz da qorxusundan ağlayırdı. O, hamımızın yerini satdı. Mən erməni generalı öldürəcəkdim, o, imkan vermədi. Şahbaza tapança, 110 patron, 2 qranat vermişdim. Niyə heç birindən istifadə etmədi? Hamısını aparıb ermənilərə verdi? Mənə elə gəlir ki, o, Həsənlə məni ermənilərə satmaq üçün bizə qoşulmuşdu. Bu gün o, özünü elə aparır ki, guya kəşfiyyat məlumatları toplamaq üçün Kəlbəcərə gedib. Yalan deyir. Elə kəşfiyyatçı olmur. Kəşfiyyatçı bülbül kimi cikkildəyib məlumatları ictimaiyyətə açıqlamır. Azərbaycanın o boyda Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Milli Ordusu, kəşfiyyat qurumları var. Onlar Şahbaz kimi birinə möhtac idilər? Yenə də deyirəm, Şahbazı ora mən aparmışam, yüklərimi daşımaq üçün. Biz Kəlbəcərə öz ata-baba yurdumuzu ziyarət etmək üçün getmişdik.

– Şahbaz Quliyev həmçinin qeyd edib ki, Əli Həsənova verdiyi 10 kaseti ermənilər Xankəndidə gətirib stolun üstünə qoyublar. Belə bir fakt olubmu?

– Mənim “Xural TV”nin rəhbəri Əvəz Zeynallıya hörmətim vardı. Təəssüf ki, o, Şahbaz kimi məsuliyyətsiz, avara adama tribuna verib. Bununla o, Ermənistanın bizə qarşı olan ittihamlarına bir növ haqq qazandırıb, onların mövqelərini gücləndirib. Şahbaz Əvəz Zeynallının sualına cavab olaraq deyir ki, guya erməni uşağını mən öldürmüşəm. Belə bir şey olmayıb. Amma Əvəz Zeynallıdan soruşuram, Şahbazı danışdırmaqla nəyə nail olmaq istəyirsən? Avropanı bizim üzərimizə qaldırmaq sənin nəyinə lazımdır? Şahbaz Xankəndidə olanda yalandan dedi ki, guya Kəlbəcərdə atasının yurdunda yerə qızıl basdırılıbmış, onu aparmaq üçün gəlib. Şahbazı apardılar həmin yerə. Ekskavatorla qazdılar, heç nə tapılmadı. Xankəndidə KQB-nin rəisi vardı, Viktor Köçəryan. Şahbazı ekskovatorun çömçəsinin dişinə bağlayıb havaya qaldırdı və döyməyə başladı. Kaset məsələsinə gəlincə, bəli mən özümlə videokamera aparmışam, çəkilişlər etmişəm. Onları burada bütün dostlarıma paylamışdım. Adi çəkilişlər idi. Əli Həsənov hansı səlahiyyətin sahibi idi ki, ona kaset verək? Məgər, bu boyda dövlət Şahbaz kimi yaramazın ümidinə qalmışdı? Şahbaz Qarabağda erməni müstəntiqə ifadəsində deyib ki, guya bizi Milli Təhlükəsizlik Nazirliyi təlimatlandıraraq Qarabağa göndərib. Onun ifadələrinin əks olunduğu istintaq materialları məndə var. Onları sizə təqdim edəcəm. Mən üzümü Azərbaycan hökumətinə tutub deyirəm. Bu adam həbs edilməlidir. Şahbaz bu gün də ermənilərin sifarişini yerinə yetirir. Şahbaz Quliyev, sən kimsən? Dövlət sənə daha nələr etməlidir? Ölkədə bu qədər şəhid ailəsi, müharibə əlili var. Sən isə sağlam adamsan və bu dövlət üçün də heç nə etməmisən. Mənim yükdaşıyanım olmusan. Sən satqınsan. Sən Həsən Həsənovun qatilisən. Biz sənə görə ələ keçdik. Bütün bunlara görə cavab verməli olacaqsan.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...