Tərtərdə Dövlət Qulluqçuları peşə bayramlarını qeyd etdilər
Tərtər rayonunda 23 iyun Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himnini oxunub.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən rayon rəhbəri dövlət başçısının 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü olduğunu vurğulayıb.
Qeyd olunub ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 184 nəfər dövlət qulluqçusu işləyir. Onlardan 173 nəfərinin ixtisas dərəcəsi var . Dövlət qulluqçularının 41 nəfərini qadınlar, 30 nəfərini isə gənclər təşkil edir.
Rayon rəhbəri məmur-vətəndaş münasibətlərindən, qəbullarda vətəndaş məmnunluğunun təmin olunmasından danışaraq, dövlət qulluqçularına öz tövsiyələrini verib.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları və təşəkkürnamələri təqdim edilib.
696 dəfə oxundu