Ərdoğanın gözlənilən Bakı səfərinə yenə təhlükə varmı?

Ərdoğanın gözlənilən Bakı səfərinə yenə təhlükə varmı?


Üzümüzə gələn həftənin ilk günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri gözlənilir. Qardaş ölkənin rəhbəri 25-27 aprel tarixlərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

Ərdoğanın Bakı səfəri öncəsi ciddi narahatlıqlar baş qaldırıb. Buna səbəb fevralın 18-də və martın 13-də Ankarada baş verən məlum terror hadisələri ilə bağlı Türkiyə rəhbərinin iki dəfə Azərbaycana səfərinin təxirə salınmasıdır. Nə zaman Ərdoğanın Bakı səfəri planlaşdırılırsa, həmin ərəfədə qardaş ölkədə xoşagəlməz hadisələr yaşanır.

Bu dəfə də bu cür faciələr yenidən təkrarlana bilərmi? Türkiyənin dövlət başçısının Bakı səfərinin indiyə qədər iki dəfə təxirə salınmasına səbəb olan terror aktlarında əli olanlar bu dəfə sakit dayanacaqlarmı? Bu suallar hər kəsi düşündürür. Ekspertlər də həyəcan təbili çalırlar.

YAP funksioneri Aydın Mirzəzadə hesab edir ki, belə məsələlərdə əsas olan Azərbaycan və Türkiyənin bir-biriləri ilə sıx əlaqə saxlamaqda maraqlı olmalarıdır: “Hər iki ölkənin rəsmiləri nə qədər tez-tez görüşsələr də, bu, yenə də azdır. Bizim fikir mübadiləsi edəcəyimiz, bir-birimizə dəstək göstərəcəyimiz yüzlərlə məsələ var. Son hadisələr iki qardaş ölkənin strateji müttəfiqliyinin perspektivliliyini göstərdi”.

Politoloq Natiq Miri Türkiyə prezidentinin bu dəfə Bakıya səfərinin təxirə salınmayacağına ümid edir: “Türkiyədəki terror hadisələri Ərdoğanla bağlı deyildi, birbaşa onun Azərbaycana səfəri ilə bağlı idi. Səfərdən öncə rus mediasında Ərdoğanın Bakıya səfəri çərçivəsində Azərbaycan prezidentini savaşa təhrik edə biləcəyi ilə bağlı fikir formalaşdırıldı. Bu fikir ictimai rəyə yeridiləndən, eləcə də, 4 günlük savaş başlayandan sonra barmaqlar birbaşa Türkiyəyə yönəldildi. Lavrov Türkiyəni ittiham etməsə də, ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığında bilavasitə Türkiyənin bu savaşa müdaxiləsi pislənildi. Üçüncü qüvvənin savaşa müdaxiləsinin qeyri-mümkünlüyündən danışdı. Burada hədəf Türkiyə idi. Aprel döyüşləri baş tutandan sonra ölkədə, regionda geosiyasi şəkillənmə tamamən dəyişib. Ona görə də, Ərdoğanın Bakıya gəlməsində artıq bir problem yoxdur. Bu səfər çərçivəsində nə Ərdoğana, nə də Türkiyəyə bir problem yaradılacağını düşünmürəm. Çünki 4 günlük savaşda kimlər nə istəyirdilərsə, ona da nail oldular. Bu baxımdan Ərdoğanın gözlənilən səfərində geosiyasi cəhətdən bir məqsəd yoxdur. Səfərin təxirə salınması gözlənilmir”.

Politoloq keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda siyasi və hərbi məsələlərin müzakirə olunmayacağını da qeyd etdi: “Nəzərə almaq lazımdır ki, BMT-də ciddi islahatların aparılmasını vacib hesab edən tək Ərdoğandır. Hətta o, BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını, bu olmazsa, şuranın ləğvini tələb edən bir şəxsdir. Ona görə də, onun bu tədbirdə iştirakı və çıxışı böyük önəm daşıyır. Ola bilsin ki, bu səfərdən bəzi dünya gücləri narahat olsunlar. Amma bu, Türkiyədə hər hansı bir terror hadisənin törədilməsinə heç bir əsas vermir. Ona görə də narahat olmağa əsas yoxdur”.

N.Miri bu səfər çərçivəsində Azərbaycan və Türkiyə rəhbərlərinin Dağlıq Qarabağ problemini və 4 günlük savaşı da müzakirə edəcəklərini istisna etmədi: “Bu yöndə şimal və cənub qonşularımızda ciddi narahatçılıqlar var. Bunu qətiyyən gizlətmək mümkün deyil. Amma unutmaq olmaz ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar və Türkiyənin buna dəstəyi artıq hər iki dövlət arasında həll olunub. Bu istiqamətdə həllini tapacaq ikinci bir məsələ yoxdur. Hər şey qaydasındadır. Hərbi və siyasi mənada bu proses incəliyinə qədər düşünülüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...